Nərgiz Nədai: «İndi beynəlxalq arenada İranın nüvə məsələsindən çox danışılır, amma etnik azlıqların haqları problemi də unudulmamalıdır».
Muğda 50-yə yaxın azərbaycanlı yaşayır
Türkiyənin Muğda şəhərindən Azərbaycan Evi Dərnəyinin sədri Atacan Sayılan deyir ki, Muğda kiçik bir şəhərdir, əhalisi 40 mindir. Burada vaxtilə Türkiyənin Qars vilayətindən köçən 50-yə yaxın azərbaycanlı yaşayır. Onlar müxtəlif dövlət idarələrində, özəl şirkətlərdə və ticarət sahəsində işləyirlər. Cənab Sayılan özü də Qarsda anadan olub, onun nənəsi və babası isə Azərbaycandandırlar.
Son 5-6 il ərzində isə Azərbaycandan Muğdaya dörd ailə gəlib. Onlar Muğdanın müxtəlif universitetlərində dərs deyirlər. İki il əvvəl Muğdada Azərbaycan Evi Dərnəyi yaradılıb.
Hollandiyada qeyri-leqal yaşayan azərbaycanlıların sayı çoxdur
Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyəti bir ilə yaxındır ki, yaradilib. Qurumun məqsədi Hollandiyada Azərbaycan mədəniyyətini təbliğ etmək, hollandıyalılara Azərbaycanın problemlərini, o cümlədən, Qarabağ münaqişəsini çatdırmaqdır. Qurumun sədri Elsevər Məmmədov deyir ki, onlar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə işləyirlər. Onun sözlərinə görə, hazırda Hollandiyada Azərbaycandan olan və leqal əsasda yaşayan 500-ə yaxın azərbaycanlı var. Amma qeyri-leqal, ya da hazırda statusları baxılma prosesində olan daha çox azərbaycanlı bu ölkədədir.