Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

Elmar Məmmədyarov: «ABŞ-dan gözləntimiz budur ki…»


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

«ABŞ-da olan müəyyən insanlar «insan hüquqlarının müdafiəsi»ndən yalnız vasitə kimi istifadə edərək, məqsədyönlü şəkildə Azərbaycana qarşı əks kampaniya aparırlar».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi John Kerry-nin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniyanın aparıldığı barədə məlumatlara münasibət bildirərkən belə deyib.

Açıqlamanı apa yayıb.

«Bu anti-Azərbaycan kampaniyası müxtəlif ictimai və media təzyiq vasitələri ilə yalnız Azərbaycanın beynəlxalq imicinə xələl gətirməklə məhdudlaşmır, eləcə də Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir», - nazir qeyd edib.

«YOXSULLUĞUN AZALMASINI GÖRMÜRLƏR»

Elmar Məmmədyarov hesab edir ki, Avropa Oyunları ərəfəsində bu qüvvələr «Soyuq müharibə» dövrünə xas əks-təbliğat metodları ilə mövcud şəraitindən öz məqsədləri üçün istifadə etməyə çalışırlar:

«Amma onlar hələ də başa düşmürlər ki, bu kimi birbaşa əks-təbliğat əməlləri ilk növbədə Azərbaycan xalqının hisslərinə toxunur. Mövcud sabitlik və inkişaf üçün Azərbaycan xalqı çox böyük əziyyətlərdən keçib. Bu kampaniyanın arxasında duran şəxslər Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətlərini, xüsusilə ÜDM-in 3.5 dəfə artmasını və yoxsulluğun 50 faizdən 4 faizdən aşağı həddə düşməsini düzgün ölçə bilmirlər. Bunlar faktlardır və Azərbaycan xalqı bunu çox yaxşı bilir».

«AZƏRBAYCAN İKİLİ STANDARTLARIN HƏDƏFİDİR»

Nazirin fikrincə, Azərbaycan ikili standartların hədəfidir:

«Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına sərgilənən biganəlik və etinasızlığın fonunda insan hüquqlarının qayğısına qalmağı iddia etmək əsl məqsədin insan hüquqları və demokratiyadan tamamilə uzaq olduğunu sübut edir».

«…İKİTƏRƏFLİ ƏLAQƏLƏRƏ DAHA ÇOX ZƏRBƏ VURURLAR»

Elmar Məmmədyarov bildirir ki, «John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası» yazısında adı çəkilən təsisatların ABŞ-ın rəsmi strukturları ilə yaxından işləməsi və dövlət büdcəsi hesabına maliyyələşdirilmələri narahatlıq yaradır:

«ABŞ erməni lobbisi ilə sıx əlaqələri olan bəzi fərdlər də bu prosesə cəlb olunublar. ABŞ Administrasiyasından gözləntimiz bu dövlət büdcəsi hesabına maliyyələşən təsisatların anti-Azərbaycan kampaniyasına aydınlığın gətirilməsidir. İndiyə qədər olan təəssürat ondan ibarətdir ki, bu, Azərbaycan-ABŞ əlaqələrinin inkişafını istəməyən şəxslər tərəfindən idarə olunur və hətta onlar əvvəlki Administrasiyaların dövründə qazanılmış ikitərəfli əlaqələrə daha çox zərbə vururlar».

Bu günlərdə hökumətyönlü agentliklər «anti-Azərbaycan kampaniyası»nın ABŞ Dövlət katibi John Kerry-nin Konqresdəki ofisindən idarə olunmasından və «Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsi»ndən bəhs edən yazı dərc ediblər.

ABŞ səfirliyi yazıdakı iddiaları «tamamilə əsassız və dəyərsiz» adlandırıb.

XS
SM
MD
LG