Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:22

Bahalı dərmanlar, yoxa çıxan pambıqlar


Aptek
Aptek

-

Son günlər Bakıdakı apteklərdə bəzi tibbi ləvazimatlar ya yoxa çıxıb, ya da var, ancaq baha satılır. Özü də təkcə kiçik apteklərdə yox. Tanınan apteklər şəbəkələrində də vəziyyət belədir.

Neftçilər Xəstəxanasının yaxınlığındakı iri apteklərdən birində üç gündür pambıq, tibbi maska soruşan alıcılara belə cavab verilir:

– Pambığımız yoxdur.

- Tibbi maska?

- O da yoxdur.

- «Paracetamol»?

- Yoxdur...

Bu tibbi ləvazimatlar ən zəruri və ən ucuzlarından olsa da, günün hansı vaxtı soruşsan, «indi qurtarıb» deyirlər. Uşaqlar üçün D3 vitamini isə, ümumiyyətlə, yoxa çıxıb. Düz 8 aptekdə D3 vitamininin olmadığını söylədilər. Səbəbi nədir? Cavab belədir: «Depoda yoxdur».

Fevralın 21-də manatın ucuzlaşmasından sonra əvvəlcə dərmanların qiyməti artmışdı. İqtisadiyyatvə Sənaye Nazirliyi yoxlamalara başlayandan sonra isə bahalanan dərmanlar ümumiyyətlə, yoxa çıxdı. İndi apteklərin çoxunun üstündə bu bildirişi görmək olur: «Bizdə köhnə qiymətlərdir». Alıcılar deyir ki, o tibbi preparat yoxdursa, onun köhnə qiymətdə olmasının nə anlamı var? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bəzi apteklərin dərman satışına məhdudiyyətlər qoyması ilə bağlı şikayətlərin artdığını bildirir.

AYRI-AYRI APTEKLƏRDƏ MÜXTƏLİF QİYMƏTLƏR

Ayrı-ayrı apteklərdə isə qiymətlər müxtəlifdir. Bahalı dərmanlar bir tərəfə, eyni ölçüdə olan pambıq bir aptekdə 20, digərində 30, o birində 40 qəpikdir. Özü də üçünün də üstündəki keyfiyyət göstəriciləri eynidir. «Niyə belədir?» sualına isə aptek satıcılarından biri belə cavab verdi:

«Belədir, indi hər şey belədir».

4 gün əvvəl – aprelin 24-də Nazirlər Kabineti dərman vasitələrini dövlət qeydiyyatına alınan mallar sıyahısına daxil edib. Bundan əvvəlsə prezident İlham Əliyev Nazirlər Kabinetindəki çıxışında dərmanların bahalığından şikayətlənmişdi. Demişdi ki, dərman bazarında böyük pozuntular var, bununla bağlı tədbir görüləcək:

Aptek
Aptek

«Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə şişirdilir, bəzi hallarda 10 dəfə. Burada tamamilə özbaşınalıq və anarxiya hökm sürür. Kim hansı qiymətə istəyirdi, o qiymətə də dərmanı satırdı. Bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan da dərmanlar gətirilir. Ona görə mən göstəriş vermişəm Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır».

Prezident həmin toplantıda vəd etdi ki, «bir neçə aydan sonra bu sahə ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Bəzi dərmanların qiymətində kəskin azalma da olacaq».

Prezidentin çıxışından sonra dərman vasitələri dövlət qeydiyyatına keçdi.

BAHADIR, BAHADIR, YENƏ DƏ BAHADIR

Başqa nə dəyişib? Alıcılar yenə bahalıqdan, müxtəlif apteklərdə müxtəlif qiymətlərdən narazılıq edir:

- «Keçən ay dərmana 230 manat pul vermişəm. Düzdür, müalicə olunuram, ancaq dərmanlar çox bahadır».

- «Pis olan həm də odur ki, müxtəlif apteklərdə dərmanları müxtəlif qiymətlərə satırlar».

Samir Əliyev
Samir Əliyev

- «Dərmanlar bahadır, elə olur 100 manat, 150 manat pul xərcləyirsən».

Səhiyyə Nazirliyindən isə deyirlər ki, qiymətlərlə bağlı problemlərlə qarşılaşanlar nazirliyin «qaynar xətt»inə müraciət edə bilərlər. Başqa məlumat verə bilməzlər.

HÖKUMƏT MONOPOLİYANI ARADAN QALDIRMALIDIR

Ekspertlərin fikrincə, dərman biznesi hakimiyyətə yaxın şəxslərin nəzarətindədir. İqtisadçı Samir Əliyev deyir ki, hökumət qiymətlərin bahalaşmasının qarşısını almaq istəyirsə, əvvəlcə qiymət artımına səbəb amillər ortadan qaldırılmalıdır:

«Burda problem təkcə dərman satışı ilə bağlı deyil. İdxalla bağlı ölkədə böyük monopoliya var. Ona görə də xaricdə hansısa mal ucuzlaşanda, bizdə bu, baş vermir. Çünki hər bir mal qrupunun öz inhisarçısı var. Rəqabət isə yoxdur. Hökumət idxal mallarının, o cümlədən dərmanların qiymətinin bahalaşmasına imkan vermək istəmirsə, bu monopoliya aradan qalxmalıdır. Heç bir problem olmadan insanlara müxtəlif malları gətirməyə imkan verməlidirlər. Bizdə gömrük sistemində problem var, bu aradan qalxmalıdır. Əks halda qiymət artımları davam edəcək».

Vüqar Bayramov
Vüqar Bayramov

«İqtisad və Sosial İnkişaf Mərkəzinin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda dərmanların qiyməti qonşu ölkələr ilə müqayisədə xeyli yüksəkdir. Oxşar dərman preparatlarının Bakıda qiyməti orta hesabla Türkiyə ilə müqayisədə 2, İran ilə müqayisədə 2.5 dəfə yüksəkdir. Bizdə qiymətlər eyni zamanda digər qonşularımız Rusiya və Gürcüstan ilə müqayisədə də yüksək olaraq qalır». Bunu isə iqtisadçı Vüqar Bayramov deyir.

İqtisadçının fikrincə, tənzimlənən qiymətlər əhalinin alıcılıq qabiliyyətinə uyğun olmalıdır. Bununla yanaşı, işadamlarının gəlirlilik səviyyəsinə də mənfi təsir göstərməməlidir. Bayramov hesab edir ki, qiymət tənzimlənməsi fonduna bazarda qiymətlərin əlçatanlığına nail olunması üçün həm idxalda rəqabətin gücləndirilməsi, həm də yerli istehsalın genişləndirilməsi vacibdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG