Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Dərslikləri bilikdən ağır gələn təhsilimiz


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bizim yol» məktəblilərin dərsliklərinin ağırlığına diqqət çəkir: «Dərslikləri bilikdən ağır gələn təhsilimiz».

Qəzet yazır ki, Azərbaycanda məktəblilərin yükü normadan iki dəfə çoxdur: «Maraq üçün bugünkü gündəliyinə uyğun yığdığı çantasını tərəzidə çəkdim. İdman geyimi ilə birlikdə 6 kiloqram gəldi. Geyim çantaya yerləşmir, onu ayrıca götürür. Çantada iki Azərbaycan dili, iki ədəbiyyat (biri TN, digəri TQDK-nın hazırladığı), alman dili, eyni gündə ingilis dili (alman dili həftədə 1 dəfə, ingilis dili 3 dəfə keçilir), Azərbaycan tarixi və riyaziyyat kitablarıdır. Həftənin 4 günü yenə Azərbaycan dilindən test kitabı, bir də hər fənnə aid dəftərlər var. Bəzilərində biri qaydalar, digəri misallar üçün iki dəftərdir. Bir də gündəlik, qələmqabı (penal), su və. s. 7-ci dərs də fiziki tərbiyə dərsidir. İdman geyimi, idman ayaqqabısı, üstəlik sinifdə geyindikləri ayaqqabını da hər gün aparıb gətirirlər».

Qəzet yazır ki, həkimlər ağır yükün hələ formalaşmamış bədənin onurğa sütununda problem yaratdığını, skolioz (onurğa əyriliyi), kifoz, boy artımının ləngiməsi, ayaqaltının yastı olması, çiyin bölgəsinin deformasiyaya uğraması və digər xəstəliklərə səbəb olacağını deyirlər: «Uşaq bel çantasını çəkmək üçün daim əyilirsə, onun görməsində, ürəyin fəaliyyəti və daxili orqanlarının işində pozuntular yaranar. Onda o, baş ağrıları, baş gicəllənməsi, yorğunluq, beldə və ayaqda ağrılardan şikayətlənəcək. Odur ki, orqanizmi qaldırması mümkün olmayan yüklərdən xilas etmək lazımdır. Bunun üçün qanun yoxdur, amma norma var.

Portuqaliyanın elmi və tibb mərkəzinin ekspertləri müəyyən ediblər ki, məktəb çantasının çəkisi bütün dərs vəsaitləri ilə birgə uşağın bədəninin kütləsinin 10 faizindən çox olmamalıdır».

28 APREL DÜŞÜNCƏLƏRİ

«Azadlıq» qəzeti «28 aprel düşüncələri»ni bölüşür:

SSRİ bayrağı
SSRİ bayrağı

«Axı bəs indi niyə bizim toplum müstəqillik anlayışından iyrəndirilmiş vəziyyətdədir? Meydan hərəkatında iştirak edənlər, müstəqilliyin qazanılmasında əməyi keçənlər niyə indi məclislərdə qınaq və ironiya hədəfinə çevrilirlər?..

Bu gün rus işğalının 95-ci ildönümündə ən çox danışılmalı, dartışılmalı mövzu bu olmalıdır. Niyə keçən əsrin əvvəllərində zor gücünə itirilən müstəqillik yaşadığımız əsrin əvvəllərində heç bir top-tüfəngsiz, heç bir Qızıl Ordusuz-filan, xalqın gözündə parodiyaya çevrilib, yadlaşıb, ögeyləşib? Niyə 28 May heç bir kütləvi həyəcan, sevinc yaratmır, o, hətta Sevgililər gününün belə kölgəsindədir... Niyə insanlar üçün 18 Oktyabr heç bir anlam ifadə etmir, çoxluq onun hansı hadisə ilə əlamətdar olduğunu unudublar, xatırlamırlar...

Unutmayın: müstəqillik bəzən hansısa xarici müdaxiləsiz-filan, bax elə beləcə də - insanlar ondan iyrəndirilərək, insanlar ona yadlaşdırılaraq da itirilə bilir».

1920-Cİ İLİN APREL ÇEVRİLİŞİNDƏN SONRA BAŞLAYAN XALQ ÜSYANLARI

«Azərbaycan» qəzeti 1920-ci ilin aprel çevrilişindən sonra başlayan xalq üsyanlarına yer ayırıb:

«Müxtəlif səbəblərdən işğalın ilk günlərini nisbətən sakit qarşılayan əhali sonradan baş alıb gedən hərc-mərcliyə dözməyərək ayağa qalxdı».

Qırmızı ordu - 1920
Qırmızı ordu - 1920

Məqalə müəllifi Gəncə üsyanına diqqət çəkir: «Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə başladı. Tezliklə şəhərin mühüm obyektləri, azərbaycanlılar yaşayan məhəllələrdəki Qırmızı Qoşun hissələri nəzarət altına götürüldü. Hərbi anbar, mərkəzi həbsxana, dəmiryol stansiyası, fövqəladə komissarlığın binası ələ keçirildi.

Mayın 29-da qırmızı qüvvələrin üsyançılar üzərinə ilk mütəşəkkil hücumu uğursuzluqla başa çatdı. Üsyançıların əks-hücumları onları ağır vəziyyətə saldı. Belə olduqda XI Qırmızı Ordu komandanlığı Gəncəyə yenə də əlavə qüvvələr gətirdi. Mayın 30-da artıq Gəncədə XI Ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi. Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi və mayın 31-də elə buradan da əsas hücuma başlanıldı. Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Bir neçə gündən sonra top-tüfəng gücünə üsyan yatırıldı. Dəqiq olmayan məlumata görə, bu savaşda düşmən 8.5 min nəfər itirdi. Üsyançıların itkisi isə 12 min nəfərə çatdı.

Bu üsyanda Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi».

Qəzet yazır ki, Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı.

Tofiq Yaqublu
Tofiq Yaqublu

TOFİQ YAQUBLUNUN ÜRƏK PARÇALAYAN SÖHBƏTİ – «... ÇƏTIN OLACAQ»

Ötən həftə hepatitdən vəfat edən siyasi fəal Nərgiz Yaqublunun atası, siyasi məhbus Tofiq Yaqublu «Yeni Müsavat»a danışıb.

O, «Nərgizin həyatının ən xoş günündə də, ən faciəvi, dünyaya gözlərini yumduğu son anında da onun yanında ola bilmədim...» deyib:

Bu hadisədən iki gün qabaq möhkəm xəstəydim. Məndə bronxial-astma var, həm də bərk soyuqlamışdım. Elə bil, dünyanı tərk eləmək ərəfəsindəydim. Odur ki, məni tibb məntəqəsinə köçürtdülər. Bir gün başımı yataqdan qaldıra bilmədim. Ertəsi gün bir az düzəldim. Balaca bir otaqda televizor qoyulmuşdu. Adam orda «Xəbərçi»yə baxmadan dura bilmir, yeganə informasiya mənbəyidir. Gördüm bir nəfər ATV-də əyləncəli verilişə baxır. Xahiş elədim ki, olar xəbərlərə çevirim? Dedi, hə, olar, pultu qoydu, getdi. Elə ANS-ə çevirmişdim ki, bu xəbəri eşitdim... Təsəvvür edin ki, özüm o vəziyyətdə və belə bir xəbər...

- Xəbəri eşitdiyiniz gecəni necə keçirdiniz?

- Bax, o gecə mənə dəhşət oldu. Bir yandan da astma kəskinləşmişdi. Nəfəslə bağlıdır deyə, öskürək dayanmırdı. Gözlərimdən yaş axırdı, amma Nərgizə için-için ağlamağıma da mane olurdu...

Tofiq Yaqublu oğul nəvəsindən də danışıb:

«Dünən biri soruşdu, oğlandır, qız? Yadıma sala bilmədim. Bilirəm ki, gələcəkdə belə olmayacaq. Ağılla düşünəndə Nərgizin yadigarıdır... Sadəcə, indi mənimçün çox çətindir...».

O, əfvi üçün prezidentə edilən müraciətlərə də toxunub: «Müraciət edənlərə diqqət və qayğıya görə təşəkkür edirəm. Özümün müraciət etmək fikrim yoxdur. Bir şey deyim, neçə dəfə əfv fərmanı imzalanıb, onda da soruşublar ki, nə gözləyirsən? Mən həmişə demişəm, bu hakimiyyətin hərəkətlərini heç kəs proqnozlaşdıra bilməz. Çox vaxt gözləntilər doğrulmur. Bu gün deyim «gözləyirəm» və əfv olunmayım, sadəlövh kimi görünüm. Əksini də qəti şəkildə deyə bilmirəm... Nə olacaqsa, olacaq».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG