Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 01:58

Ayrılan yollar: Rəsulzadə və Nərimanov


M.Ə.Rəsulzadə və N.Nərimanov
M.Ə.Rəsulzadə və N.Nərimanov

-

Və ya «Yüz il qoşa atılsaq da, qoşa düşmərik».

2015-ci il aprelin 28-də Azərbaycan istiqlalçılarının yaddaşında «Qara Aprel» adıyla iz buraxmış bir tarixi olayın 95 yaşı tamam olur.

«İz» proqramı öz varlığının 11 ili boyunca «Qara Aprel»dən neçə-neçə verilişlər hazırlayıb, o dönəmi bütün baxış və ziddiyyətləriylə göstərib-eşitdirməyə can atıb.

BƏLKƏ UNUDAQ GETSİN?

Hərdən düşünürəm. Görəsən xalqın, millətin taleyində faciəli sona gətirib çıxaran təqvimləri xatırlamağa, yad etməyə dəyərmi?

Bəlkə o tarixlərdən heç danışmayaq?!

Bəlkə boş verək, onları şöhrətləndirməyək, unudaq getsin?

Özümüzü üzməyək.

Amma elə ki ötən əsrin bir ziyalısı, bir vətənsevəri, bir klassiki barədə veriliş hazırlayırsan, onların həyatı, taleyi, bəzən də müdhiş sonu bu tarixdən doğanaq kimi keçir...

Təzədən özünü qınayırsan və «niyə zəiflik etdim, niyə unutqan oldum, niyə bağışladım?» sayaq qınaqlar adamın içini gəmirir.

Adını ehtiramla andığımız şəxsiyyətlər göz önünə gəlir. Ötən əsrin 20-ci ilinin həmin «Qara Aprel»ində onların keçirdiyi hiss-həyəcan səni də bürüyür.

SON İCLAS-«KİŞİLƏR AĞLAMAZ?!»

Aprelin 27-də Cümhuriyyətin son parlament iclasında M.Ə.Rəsulzadə son sözünü - hakimiyyəti bolşeviklərə vermək qərarını açıqlayır.

Bu anda parlament iclası keçirilən zaldan bir nəfərin hönkürtüsü eşidilir.

«Azərbaycan Cümhuriyyətinin ağlayan gözü» adlandırdığımız Şəfi bəy Rüstəmxanlı gənc dövlətin süqutundan sarsılıb çarəni ağlamaqda görür...

... Amma daha böyük faciələr hələ öndədir.

Cümhuriyyət liderləri müxtəlif yollarla və tək-tək sıradan çıxarılır.

Rəsulzadə əvvəl gizlənir, sonra tutulub Bayıl məhbəsinə salınır.

Bəzilərinin bitməz-tükənməz mühacirət həyatı başlayır.

Və... mühacirətdə yaranan məzarlar əsrin sonunadək elə bir ucdan çoxalır...

Hələ də bizlərin sayqı duruşunu gözləyən məzarlar!..

«MƏN HƏR GƏLƏN 1 MAYISA PƏK ÇOX ÜMUDLAR BAĞLARIM»

Vətəndə qalanlar da mühacirətdən fərqsizdilər.

3 misal:

Üzeyir bəy hər an ölümünü gözləyərək qınına çəkilir. Ancaq pedaqoji fəaliyyətlə yetərlənir. Bir yandan «Azərbaycan» qəzetinin redaktorluğu, o biri yandan Parisdə mühacirətdə qalan qardaşı Ceyhun bəyin varlığı «Damokl qılıncı» kimi başının üstündən asılır. Üzeyir bəy işğaldan düz 18 il sonra... «Koroğlu»nu yazır!..

Əhməd Cavad alçaldılır, min bir adla aşağılanır, amma yazdıqlarına ara vermir:

«Mən hər gələn 1 Mayısa pək çox ümudlar bağlarım,

Hər gələcək mayıs üçün nisan ağlar, mən ağlarım...»

Bolşeviklərə sığınan Əhməd bəy Pepinov (Cümhuriyyətin əmək naziri) sonda tutulub güllələnir...

YAZIQLAR O İLLƏRƏ! YAZIQLAR O NƏSİLLƏRƏ!

Siyahını nə qədər desən uzatmaq olar.

Heyf o illərə!

Heyf o nəsillərə!

Heyf yazılacaq və yazılmayacaq əsərlərə!

Heyf dəyişdirilə bilməyəcək gerçəklərə!

Odur ki, əziz oxucum! Doğrudan da, heç nə unudulmamalı, heç nə yaddan çıxmamalıdır!

Bunu yadda saxla!

Və tarixi qurcalamaqda davam et!

Həqiqətlər bəlkə bu yolla üzə çıxa...

AYRILAN YOLLAR...

AzadlıqRadiosunun «İz» proqramı 28 aprel –işğal gününün 95 illiyində öz qızıl arxivindən «Ayrılan yollar» verilişini bir daha diqqətə yetirir.

«İz»in bu buraxılışına qürbətdə yaşayan tanınmış yazıçı və ədəbiyyatşünas-alim Çingiz Hüseynov bələdçilik edir.

Proqramda M.Ə.Rəsulzadə və N.Nərimanovun yollarının nə vaxt və necə ayrılmasından söz açılır.

Verilişdə «Bu iki şəxsiyyəti bir-birindən nə ayırır və nə birləşdirirdi» sualına ölkənintanınmış şəxslərinin cavabları da yer alıb.

İz - Ayrılan yollar: Rəsulzadə və Nərimanov
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

P.S.

Bir dəfə bu verilişi dinləyən bir nəfər- Kiyevdən Məhəmməd adlanan dinləyicimiz yazmışdı:

«Əqidələri və şəxsiyyətləri qütbi əkslik təşkil edən bu iki insanı süni şəkildə vətənpərvərləşdirmək obyektiv tarixin təhrifidir. İstiqlaliyyət ideyası və M.Ə.Rəsulzadə aydınlıq, işıq, N.Nərimanov və 28 aprel millətimizin nəfəsini kəsən, öz xalqının qanına susayan zülmət və qaranlıqdır. M.Ə.Rəsulzadə və N.Nərimanov-«Yüz il qoşa atılsaq da, qoşa düşmərik» (M.Araz)».

Bu yazıya həmin dinləyicimizin xatırlatdığı məşhur misraları o üzdən başlıq seçdik.

Söz sizindir.

XS
SM
MD
LG