-
Varis, Elxan Qaraqan, Elxan Elatlı... Onların ədəbiyyat olması mübahisəli məsələ də deyil. Birbaşa deyirik: bunlar ədəbiyyat ola bilməz...
Ayxan Ayvaz
NƏDİR CİDDİ ƏDƏBİYYAT?
A.Çexovun yanına bir gün gənc bir dramaturq (ona belə demək mümkünsə) gəlir. Əlindəki qovluğu yazıçıya uzadır və ona belə deyir:
- Bu, yazdığım pyeslərdi. Sizin oxumağınızı çox istəyərdim. Bu mənim üçün önəmlidir.
Çexov razılaşır. Aradan bir xeyli vaxt keçir. Gənc Çexovun yanına gəlir.
- Oxudunuzmu? – deyə yazıçıdan sual edir.
- Yaxşı deyildi. Bunlar ədəbiyyat deyil.
Gənc pərt halda qovluğunu qoltuğuna vurub çıxıb gedir. Çexovun yanındakı dostu təəccüblə ondan soruşur:
- Anton Pavloviç, axı, o gənc sizə qovluğu təqdim edəndə mən sizin yanınızdaydım. O gündən sonra biz bütün günü şahmat oynamışıq. Siz axı qovluğa baxmadınız. Niyə ona yazdıqlarının zəif olduğunu dediniz? Bunu hardan bildiniz ki?
Çexov tövrünü pozmadan cavab verir:
- Onun yazıçı fizionomiyası yox idi...
Ədəbiyyatın və cəmiyyətin seçimi hər zaman eyni olmur. Eynən insanların zövqü kimi bunu müəyyənləşdirmək çətindir.
Bayağı olmaq zövqsüz olmaqdır. Zövqlü insan seçim edə bilir. Bayağı insan isə nə versən onu da qəbul etməyə hazırdır.
Kiçik bir misalla bunu aydınlaşdırmaq olar: bir adam əgər “Səfillər”i də, “Yarpaq dökümü”nü də oxuyub onları müqayisə etmədən şedevr hesab edirsə artıq onun bayağı olduğu ortaya çıxır. Bu artıq zövq məsələsi deyil.
Ədəbiyyat onun həndəvərində fırlanan “yazıçı” və “şairlər”i özünə yaxın buraxmır. Onlar elə düşünürlər ki, yaratdıqları ədəbiyyatdır, ancaq bu heç də belə deyil.
Məsələn, Azərbaycan ədəbiyyatında Əli Vəliyev, Süleyman Rəhimov, çağdaş dövrdə isə Varis, Elxan Qaraqan, Elxan Elatlı... Onların ədəbiyyat olması mübahisəli məsələ də deyil. Birbaşa deyirik: bunlar ədəbiyyat ola bilməz. O zaman haqlı olaraq oxucu belə bir sual verə bilər: Bəs onları oxuyan minlərcə insan var, necə ola bilər, bu adamları ədəbiyyat hesab etməyək?
Cavab veririk: bəli, onları əksəriyyət oxuyur, qəbul eləyir, hətta mükafatlara belə onlar təqdim olunur, yalnız onları tanıdırlar. Ancaq ortaya bir sual çıxır: hər təqdim olunan ədəbiyyatdır? Qətiyyən. Ancaq bu gün onların ədəbiyyat kimi tanınması mənə ziyandır. Onları oxuyanlara bir sözüm yoxdur. Başlanğıc üçün pis deyil onları oxumaq. Ancaq heç kim gəlib dirəşməsin ki, bunlar yazıçıdır. Dünyada metro, bulvar ədəbiyyatı deyilən bir şey var. Varis dəymə-düşər qızların sevilmisi ola bilər.
Yazmaq, kitab çıxarmaq, oxunmaq, təriflənmək ədəbiyyat meyarı deyil. Demək, bu yazıçıların üzdə olmasına səbəb cəmiyyətdir. İnsanların onu qəbul etməsi onları sevimli yazıçı halına salıb. Ancaq qıraqda qalmış, boynu-bükük ədəbiyyat onları qəbul etmir.
Cəmiyyət hər zaman yanıla bilər, ancaq ədəbiyyat heç vaxt. Ədəbiyyatın gözündən yayınan yazıçı, şair ola bilməz. Cəmiyyət isə hər dövr belə bir səhvə yol verər. Eləcə də dövlət yanlış təqdimetmə içində ola bilər.
Ədəbiyyatın isə yanılmaq şansı belə yoxdur. O sənəti də, çürük qozu da ayırd edə biləcək qədər adildir. Hələ bu günə qədər ədəbiyyatın yanıldığının şahidi olmamışam. Kölgədə qalan yazıçıları, şairləri həmişə dövlət və cəmiyyət üzə çıxarmır. Ancaq onlar ədəbiyyatdadırlar və onların olması da ədəbiyyat deməkdir.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)