Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:22

Seçki ab-havası niyə duyulmur?


Seçkilər
Seçkilər

-

2015-ci ilin payızında Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ancaq ilin dördüncü ayı – aprel başa çatmaq üzrə olsa da, seçki ab-havası duyulmur. Bu ilin yayında keçiriləcək Avropa Oyunları haqda daha çox danışılır, o daha çox diqqət mərkəzindədir, nəinki beş ildən bir keçirilən parlament seçkiləri.

Düzdür, hakim Yeni Azərbaycan Partiyası seçki planı hazırladığını hələ yanvarda bəyan edib. Partiyanın sədr müavini-icra katibi Əli Əhmədov bir müddət əvvəl apa-ya deyib ki, partiya bu seçkilərə ciddi hazırlaşır: «Biz hazırlıq prosesində bir çox məsələlərə, o cümlədən partiyanın namizədlərinin müəyyənləşdirilməsinə ciddi yanaşacağıq. Namizədlər ciddi araşdırmalar əsasında müəyyənləşəcək».

Müxalifətə gəlincə...

«BUNUN SUÇU MÜXALİFƏTDƏDİR!»

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyir:

İqbal Ağazadə
İqbal Ağazadə

​«İqtidar çox istər ki, bu proses sakit keçsin. Həm seçici seçkilərlə maraqlanmasın, həm də siyasi partiyalar, yəni hər şey sönük olsun. Bunu aktivləşdirəcək qüvvə müxalifətdir. Müxalifət də bu yöndə ciddi fəaliyyət göstərmir. O da Avropa Oyunlarını gözləyir, sonra namizədlərini, dairələri müəyyənləşdirəcək. Bu da uzun çəkəcək. 23 günlük təbliğat müddəti isə yetərli olmayacaq. Ona görə hesab edirəm ki, bunun suçu müxalifətdədir».

İqbal Ağazadə deyir ki, Ümid Partiyası namizədlərin siyahısını müəyyənləşdirsə də, prosesin gedişindən razı deyil: «Ümumi aktivlik bütün partiyalar işləsə olacaq, bir partiya ilə proses bizim istədiyimiz yöndə getməyəcək».

MİLLİ ŞURA SEÇKİ İSLAHATLARI GÖZLƏYİR

Milli Şuranın sədri Cəmil Həsənli başçılıq etdiyi qurumda parlament seçkiləriylə bağlı bəzi müzakirələr aparıldığını, ancaq hələlik qəti qərar verilmədiyini deyir:

Cəmil Həsənli
Cəmil Həsənli

«ATƏT-in Varşava bürosunun məlumatına görə, 2008-ci ildə seçkilərdə saxtakarlıq 23 faiz, 2011-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz olub. Şübhəsiz, Milli Şura seçkilərə qatılmağa daha çox meyllidir. Amma bütün hallarda biz seçki islahatı gözləyirik. Seçki komissiyalarının yenidən təşkilini, seçki mühitinin yaradılmasını, seçki qanunvericiliyinin təkmilləşdirilməsini, Venesiya Komissiyasının təkliflərinin yerinə yetirilməsini gözləyirik. Seçkidən daha mühüm olan budur».

Milli Şuranın başqa üzvü AXCP sədri Əli Kərimli bir qədər əvvəl AzadlıqRadiosuna müsahibəsində boykot qərarını istisna etməmişdi. Cəmil Həsənli də deyir ki, seçki islahatları getməsə, Milli Şura seçkilərə qatılıb-qatılmayacağını müzakirə edəcək.

Görünən odur ki, başı daha çox Avropa Oyunlarına qarışan hakimiyyət, ən azı, indilik seçki islahatları haqda düşünmür, bu haqda hər hansı müzakirə haqa açıqlama-eyham yoxdur.

«BİZ BOYKOT SÖHBƏTİNƏ QATILMIRIQ»

Sədri həbsdə olan REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli radionun «İşdən sonra» proqramına deyib:

Erkin Qədirli
Erkin Qədirli

«REAL parlament seçkilərinə gedəcək. Biz boykot söhbətlərinə qatılmırıq. Siyasətə girib seçkiləri boykot etmənin heç bir anlamı yoxdur. Biz seçkilərin necə keçirildiyini bilirik. Amma partiyanın işi budur, seçkilərdə iştirak etməlisən, seçicinin qarşısına çıxmalısan. Eyni zamanda fərdi olaraq uğurlu namizəd seçimimizi də davam etdiririk».

Ümid Partiyasının sədri İqbal Ağazadə də boykot qərarını yanlış sayır. Onun fikrincə, yalnız seçkidə iştirak nələrisə müsbətə doğru dəyişə bilər.

Politoloq Zərdüşt Əlizadə deyir ki, iki cür boykot var: aktiv və passiv:

«Passiv boykot necə olur. Sən o qədər güclü olursan ki, seçkiyə qatılmayanda bu fakt özü seçkinin legitimliyini şübhə altına alır. Bizdə belə müxalifət yoxdur. Bu halda aktiv boykotdan söhbət gedə bilər, yəni namizədlərin olmasa da, seçkiləri nəzarət altına alırsan, saxtakarlıqlarla bağlı nəticələri qoyursan masanın üstünə, aktlar protokollar, ifadələr və s... Müxalifətdə yenə bunu edəcək güc, potensial da yoxdur. Bu zaman hansı boykotdan söhbət gedə bilər?..».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«SOVETLƏRİN DURĞUNLUQ İLLƏRİ AZƏRBAYCANDA BƏRPA OLUNUB»

Politoloq Zərdüşt Əlizadə parlament seçkilərinə cəmiyyətdə və siyasi dairələrdə marağın öləziməsini belə izah edir:

«Millət bilir ki, Azərbaycanda parlamentə seçkilər keçirilmir. Hami çox gözəl bilir ki, parlament üzvlərinin siyahısı Prezident Administrasiyasında hazırlanır. Mən 1989-cu ildən bütün seçkiləri izləmişəm, amma son iki seçkiyə getmədim. Əvvəlcədən nəticəni bilirdim. Müxalifətə inam yoxdur deyə, elektoratı səsverməyə gəlmir, hakimiyyətin də seçicilərinin 20 faizi ancaq iştirak edir, onların da öz maraqları var. Nəticələr total saxtalaşdırılır. Xalq bundan usanıb, öz taleyinə biganədir».

Zərdüşt Əlizadə müxalifət partiyalarının qalmadığını, 5-10 nəfərin mübarizə apardığını söyləyir. O, indiki Azərbaycanın siyasi mənzərəsini ötən əsrin 70-ci illəriylə müqayisə edir:

«Azərbaycanda siyasi həyat yoxdur, necə ki, Sovet İttifaqında 70-ci illərdə siyasi həyat yox idi. Həmin durğunluq dövrü Azərbaycanda bərpa edilib».

Azərbaycan hakimiyyəti isə hər zaman bəyan edib ki, ölkədə normal seçki keçirmək üçün Avropa standartlarına uyğun qanunvericilik, balanslı şəkildə formalaşdırılan komissiyalar var. Beynəlxalq qurumların saxtakarlıqla bağlı iradlarına cavab olaraq bildirib ki, seçkilərdə saxtakarlıqlar olsa belə, səsvermənin ümumi nəticəsinə təsir göstərəcək səviyyədə deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG