-
«May ayında əfv sərəncamının veriləcəyi barədə yayılan xəbərlər öz təsdiqini tapmaqdadır».
«Yeni Müsavat» qəzeti belə yazır. Qəzetin yazdığına görə, Avropa Oyunları ərəfəsində imzalanacaq əfvdə bir çox siyasi məhbusların azad olunacağı gözlənilir:
«Ekspertlər hesab edirlər ki, Avropa Oyunları ərəfəsində əfv verilsə, ölkəmiz adına müsbət nəticələr verəcək. İqtidar da bu önəmli yarışmaya siyasi məhbuslarla getməyin mənfi tərəflərini yaxşı anlayır. Bütün bu ehtimallar may ayından olan gözləntiləri artırır».
«Əfv olacağını gözləyirəm. Açığı deyim ki, məndə olan məlumata görə, belə bir əfv hazırlanır. İqtidar daha çox öz imicindən narahatdır». «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev redaksiyaya açıqlamasında belə deyib.
Hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə əfv barədə xəbərsiz olduğunu deyib.
MİLLİ ŞURA: «BELƏ BİR SƏNƏDİN QƏBULU AVROPA BİRLİYİNİN ÖZ MARAQLARINA ZİDDİR»
«Azadlıq» qəzeti Milli Şuranın Avropa Parlamentinin «soyqırımı» qətnaməsinə sərt təpki göstərməsindən yazır.
Milli Şura Avropa Parlamentinin «erməni soyqırımı»nı tanıyan qətnaməsinə qarşı etiraz bəyanatında deyilir ki, qəbul olunmuş qətnamə tarixi həqiqətləri təhrif edir və qərəzlidir. Bu qətnamə Türkiyə və Azərbaycana qarşı erməni lobbisinin uzun illər ərzində apardığı işin nəticəsində meydana çıxıb. Belə bir sənədin qəbulu Avropa Birliyinin öz maraqlarına, dəyər və prinsiplərinə də ziddir.
AXCP sədri Əli Kərimli bildirib ki, bu qətnamə uzun illər ərzində aparılmış birtərəfli erməni təbliğatının təsiri altında qəbul olunmuş, tarixi həqiqətləri təhrif edən, qərəzli və siyasi cəhətdən zərərli bir sənəddir: «Belə bir sənədin qəbulu ən azı Türk və müsəlman aləmində Avropa Birliyi Parlamentinin özünün imicinə vurulmuş ciddi zərbədir».
MƏLAHƏT İBRAHİMQIZI: «...AVROPA PARLAMENTİ İLƏ NORMAL ƏMƏKDAŞLIĞA İNAM QALMAYACAQ»
«Avropa Parlamentinin uydurma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qətnamə bir daha bu təşkilatın ikiüzlü siyasətinin göstəricisidir. Bu fakt eyni zamanda, xristian təəssübkeşliyini ortaya qoyur. Belə bir şəraitdə Azərbaycan və Türkiyə cəmiyyətinin bu təşkilatla normal əməkdaşlığına inamı qalmayacaq. Çünki belə qərarlarla Avropa Parlamenti normal əməkdaşlığa maraqlı olmadığını göstərir».
Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, Roma Papasının məlum bəyanatından sonra Avropa Parlamentinin belə bir sənəd qəbul etməsi proseslərin vahid şəbəkə tərəfindən idarə olunduğunu göstərir.