Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:37

Kredit banklara da müştərilərə də problemə çevrilib


.

“Dolların bahalaşmasından əziyyət çəkənlərdən biri də mən. Bir neçə ay öncə ipoteka krediti ilə ev almışıq, indi də məcbur qalıb satırıq. Krediti manatla razılaşmışdıq, sonradan dollarla istədilər. Bank heç bir güzəşət etmədi. Məcbur qaldıq evi qoyduq satışa. Dolların bahalaşmasına görə satışa çıxardığımız evə yaxın düşən də yoxdur”.

Bunu AzadlıqRadiosuna Bakı sakini Fərqanə Məmmədova deyib.

Manatın devalvasiyasından sonra, son iki ayda problemli kreditlərin həcmi 70 milyon manat artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, aprelin 1-ə kimi ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 1 milyard 100 milyon manatı keçib. Manatın dəyərdən düşdüyü fevral ayında isə bu rəqəm 1 milyard 30 milyon manat olub.

Mütəxxəssislər hesab edirlər ki, devalvasiya səbəbindən problemli kreditlərin dinamikasında artan sürət bundan sonra da müşahidə olunacaq. Kreditlərin qaytarılmasında problem yaradan səbəblərdən biri də bəzi bankların dollarla verdiyi krediti dolların yeni məzənnəsinə uyğun ödənilməsini tələb etməsidir.

“BANK BİZİ ALDADIB…”

Fərqanə Məmmədova da deyir ki, ipotekaya götürdüyü evin kreditini manatla qaytarmağı razılaşdırsalar da, müqavilə imzalananda dollarla ödəməli olduqlarını öyrəniblər:

“Evin sahibi ilə alqı-satqını manatla etmişik. İpoteka krediti götürəndə bankla da razılaşdıq ki, manatla ödənəcək. İlkin ödənişi etdikdən sonra təmirə başladıq. Sonradan məlum oldu ki, bank bizi aldadıb. Müqavilə vaxtı dedilər ki, kredit manatla yox, dollarla olacaq. Biz də ilkin ödəniş etdiyimizdən və təmirə xeyli pul xərclədiyimizdən məcbur olub razılaşdıq. İndi məzənnə qalxıb, krediti ödəyə bilmirik”.

“2 AYDIR KREDİTİ ÖDƏYƏ BİLMİRƏM”

Digər Bakı sakini, kiçik sahibkar Etibar Məmmədov deyir ki, 8 ay öncə dollarla götürdüyü krediti devalvasiya səbəbindən qaytara bilmir:

“Krediti manatla götürmək istəyirdim. Dedilər dollarla verə bilərik və razılaşıb 15 min dollar götürdüm. O vaxtkı məzənnə ilə hər ay 610 manat ödəyirdim. Dollar qalxandan sonra bu rəqəm 860 manatı keçib. Digər tərəfdən də devalvasiyaya görə ticarət dövriyyəmiz aşağı düşüb, qazanc azalıb. Manat aşağı düşəndən bəri iki aydır ki, krediti ödəyə bilmirəm”.

Etibar Məmmədov kreditini manatla, müqavilə bağladığı vaxtdakı dollar məzənnəsinə uyğun ödəməsi haqda hüququnun təmin olunması ilə bağlı müştərisi olduğu banka müraciət etdiyini bildirir. Əgər, belə olarsa, o hər ay 800 yox, 610 manat ödəməli olacaq.

Elə, Mülki Məcəllədə də göstərilir ki, ödəniş müddəti başa çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa müştəri borcunu öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir.

Yəni, dollarla götürülmüş kreditlər, bankla bağlanmış müqavilədə xüsusi bənd yoxdursa, köhnə məzənnə ilə manatla ödənilməlidir.

Banklar isə qeyd edirlər ki, indiki şərtlərlə kreditləri dolların devalvasiyadan əvvəlki məzənnəsi ilə qəbul etmək onları faktiki olaraq müflis edə bilər.

Gələn ay Konstitusiya Məhkəməsi bu məsələyə aydınlıq gətirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG