Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:59

Azərbaycanın kamera üzü görməyən gələcək rejissorları...


Ən müasir kinokamera - Arri Alexa
Ən müasir kinokamera - Arri Alexa

-

Mən şəxsən Sovet erası Azərbaycan filmlərində yeni bir şey kəşf edə bilməmişəm.

Bir-iki film istisna olmaqla bu filmlər çox bayağı, ideya baxımından kasad, insanlıq amilinə təsir edə bilməyəcək qədər zəif nümunə və lent sərfiyyatıdır...

N.Hüseyn

AĞ-QARA LENTİN XATİRƏLƏRİ

Ilkin yeniyetməlik illəri idi. Şüuraltının daima yeni ideya, ssenarilər axtarışında olduğu vaxtlar, tükənməz görünən sənət eşqinin coşduğu çağlar idi.

Bütün bu xəyalların məntiqi nəticəsi olaraq Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetinin rejissorluq fakultəsinə qəbul olmuşdum.

Hətta abituriyentin qəbul ərizəsində 8 sıralıq ixtisas seçimi menyusunda məhz kino rejissorluğundan başqa ruhi qida ala biləcək bir seçim də etməmişdim.

Bəlkə də, o vaxt bu ərizəni nəzərdən keçirən bir nümayəndə üçün bu işində kiçik bir pauza yaradacaq qədər kiçik bir detal belə deyildi. Sözün düzü, mənim üçün də o vaxt bu cür münasibəti qəbul etmək mümkün deyildi, "Arzuların Universiteti"nə qəbul olunmayana qədər.

Universitet illərini qısa olaraq təsvir etməyə çalışacam. Bir müddət təhsildən sonra sual yaranır: - Bəs işıqlar, kamera, praktiki iş? Olmayacaq? Musiqi, aktyor, janr seçimi?

Cavab olaraq içindəki məxluqun kinayəli gülüşlə səsləndirdiyi cümlə: - Yox, sən nə danışırsan? Musiqi seçimi üçün pianoya, kino çəkmək üçün səhnə qurmağa, qrim etməyə nə ehtiyac var?

Hətta yadımdadı, kurs işi üçün universitetdən kamera tələb etdiyim vaxt da olub, universitet nəzdində fəaliyyət göstərən studiyanın işçiləri bunu eşidib dərin şok keçirmişdi.

Bəli, məhz bu cür əlverişli şəraitdə diplom alan məzundan sıradan bir sual olaraq, pirotexnikanın nə olduğunu soruşanda o verməyə cavab tapmır.

Mən o tələbəni də qınamaq fikrində deyiləm, çünki bunların hamısını metro çıxışında satılan Babayevlərin, Ağayevlərin kitabından əzbərləyib yadda saxlamaqla ölkənin kino yarasını sağaldacaq mütəxəssislər yetişdirmək mümkündürmü?

Tələbə həyatı səhər zəng səsinə oyanıb, metronun ət kütləsinin arasında sıxılıb, əsnəyib, universitetdə dekanın tarix mühazirəsi altında yuxulamaqdan başqa bir şey deyildi.

Şəxsən mənə 17-18 il ərzində baxdığım filmlər 4 il ərzində kino haqqında yazılan imlalardan daha çox şey öyrətmişdi. Ümumilikdə incəsənət konseptual sənətdir, ona görə də bu mücərrəd anlayış bizə lazım deyil, bizə lazım olan reallıqdı. Pulun, evin, maşının olsun, get kinoya, lap istəsən kinonu evə gətir. Nə çoxdur türk serialları, ya da öz "köhnə kinolarımız". Bəh bəh, sovetin vaxtı çəkilən kinolarımıza adam 100 dəfə də baxsa doymur, yenə baxmaq istəyir.

Tanış münasibətdi elə deyilmi? Bəlkə bu bizim filmə olan aclığımızdı? Amma etiraf etmək də bizlik deyil axı.. Həqiqət isə başqadı. "Qaynana", "Əhməd haradadır?" və sair kimi filmlərin lentləri ölkənin efir məkanının kino saatlarında fırlanmaqdan ağarmayıb?

Uşaq ikən dəfələrlə baxdığım "Sehirli xalat" filmində Rəşidin uzaq gələcək kimi göstərdiyi 2001-ci ildən xeyli keçməyib? Və biz nə vaxt kinomuzun yeni erasına qədəm qoyacayıq? AZTV-nin "qızıl fond"undakı filmləri müasir texnika oxutmayanda?

Bir çox digər sahələr kimi kinomuzun da inkişafı kağız üzərində fərmanlarla irəli getməyəcək, nə bizi bu vəziyyətdən Vahid Mustafayevin "patriotik animasiyalar"ı, nə də bir türk serialının azəri versiyası xilas etməyəcək.

Ümumiyyətlə, əsl filmə baxan tamaşaçı onun bir film olduğunu, iştirakçıların isə aktyor olduğunu unudur, daha demir ki "əşşi, bilinir ki kinodu da". Yox, bilinirsə, deməli kino olmayıb, çünki həqiqətdə kino həyatın aynasıdı.

Məsələnin bütün məğzi köhnə filmlərin dahiliyində deyil heç də, mən şəxsən Sovet erası Azərbaycan filmlərində yeni bir şey kəşf edə bilməmişəm də, bir-iki film istisna olmaqla bu filmlər çox bayağı, ideya baxımından kasad, insanlıq amilinə təsir edə bilməyəcək qədər zəif nümunə və lent sərfiyyatıdır.

Müqayisə üçün sovet dövrünə aid gürcü kinemotoqrafiyasının məhsulu olan "Древо желаний" və ya elə gürcü əsilli kinorejissor Mixail Kalotozovun "Летят журавли" filmlərini təklif edərdim.

Sonda bir sıra filmlərdə olduğu kimi düşündürə bilmək ümidi ilə hər şeyi tamaşaçının öhdəsinə buraxıram. Nədir bizi geriyə baxaraq köhnə lentləri təəssüflə xatırlamağa vadar edən? Onların tekrarolunmazlığı, yoxsa kinomuzun bugününün olmaması və sabahına ümidsizlik?

05.04.2015

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG