Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:27

Kətəlparaqdakı köçkünlərin evinə vaxtından əvvəl gəlmiş "qonaq"...


Arxiv fotosu
Arxiv fotosu

-

"İstilər düşəndə buralar ilanların qaynayan yerinə çevrilir. Üzü istilərə canımıza vəlvələ düşüb. Yenə ilan mövsümü başlayır. Ancaq bu dəfə deyəsən "qonaqlarımız" vaxtından əvvəl darışıblar evlərimizə".

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Bərdə rayonu, Kətəlparaq kənd sakinləri narahatdırlar.

"Aprelin 11-də burada yaşayan Kəlbəcər köçkünü Xansuvar Salmanovun evinə ilan girib. Ev sahibinin həyat yoldaşı Nəzakət İslamovanın yatağının üstünə tavandan ilan düşüb. Qadının qışqırığına otağa gələn ailə üzvləri onu huşsuz vəziyyətdə görüblər. İlan isə hələ də çarpayının üstündə olub".

VAXTINDAN ƏVVƏL GƏLMİŞ "QONAQ"

Nəzakət İslamova xəstəxanaya götürülüb, müayinə olunub. Bu, öz yerində.

Sakinlər deyirlər ki, belə hallar yayda tez-tez baş verir. Ancaq bu dəfə "çağırılmamış qonaq" soyuq havada "təşrif buyurub".

"Hələ aprel ayıdır. İndidən ilanlar evlərimizə üz tutub. Biz isə hər il onları mayın sonlarında gözləyirdik", köçkün Mirzə Səlimov yarızarafat, yarıciddi deyir​.

Köçkünlər bildirirlər ki, ötən yay mövsümlərində burada bir neçə dəfə ilansancma hadisələri olub. Ölüm-itim olmasa da, ailələr xeyli narahatlıq keçiriblər.

Kənd bələdiyyəsindən isə bildirilib ki, kənddə ilansancma hadisələri nadir hallarda baş verir. Belə hadisələrin qarşısını almaq üçün hər il yay mövsümünə hazırlıq dövründə tədbirlər görülür.

Köçkünlər də yaşadıqları ərazidə yayqabağı ilanların hücumuna məruz qalmamaq üçün dərmanlama işlərinin aparılmasını istəyirlər.

XS
SM
MD
LG