Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:16

Səudiyyə-İsveç münasibətlərində “meymunu kim yada salıb?”


Səudiyyə Ərəbistanı diplomatik qarşıdurmaya görə İsveç heyvanxanasından göndərilmiş nadir meymunları qəbul etməyib.

İsveç mediası xəbər verir ki, Səudiyyə Ərəbistanı diplomatik ixtilaf səbəbindən Stokholmdakı “Skansen” zooparkından müqavilə əsasında göndərilmiş 4 cırtdan Amazon meymununu qəbul etməyib.

Əvvəlcədən mövcud olan razılşmaya əsasən bu meymunlar Ər-Riyaddakı zooparka göndərilməliymiş.

Siyasi motivli zoopark

“Skansen” zooparkının rəhbəri Jonas Wahlstrom deyib ki, “meymunların qəbul edilməsindən imtina tamamilə siyasi motivlidir”.

Ötən ay İsveç Ər-Riyadla aralarındakı silah sazişini dayandırdıqdan dərhal sonra Səudiyyə Ərəbistanı Stokholmdakı səfirini geri çağırmışdı.

Çəkiləri cəmi 100 qram olan cücə ipək meymunları dünyanın ən kiçik heyvanlarından sayılsalar da böyük diplomatik çəkişmənin qurbanı olublar.

Cənab Wahlstrom İsveç Radiosuna müsahibəsində deyib: “Bu lap komediyadır. Onlar heç biznesmenlərə viza vermirlər, qalmışdı meymun ola...”

Qəzetlər yazır ki, Wahlstrom-un zooparkı elmi adı “callithrix pygmaea” olan cırtdan meymunların artırılması işində ad çıxarıb. Cücə ipək meymunlarını süni şəraitdə saxlamağın son dərəcə çətin olduğu qeyd olunur.

Məhz buna görə də son 25 ildə Stokholm zooparkı dünya boyunca heyvanxanalara 450-500 meymun göndərib. Alimlər deyirlər ki, bu, Amazon vadisində təbii məskənlərində sayları azalmaqda olan meymunların kökünün kəsilməməsi üçün fədakar bir işdir.

Qadınlar da daxil insan haqları

Hər şey ondan başlanıb ki, ötən ay Ər-Riyad İsveçin xarici işlər naziri Margot Wallstrom-un Səudiyyə Ərəbistanında insan haqlarının vəziyyətini tənqid edən çıxışından qəzəbləndiyini bildirib, onu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Ən maraqlısı da budur ki, İsveç xarici işlər naziri o çıxışı heç edə də bilməmişdi. İnsafən hətta bəzi Avropa qəzetlərinin də “ən qeyri-diplomatik diplomat” adlandırdıqları nazir, sadəcə bir gün əvvəl mətni sosial mediada paylaşdıqdan sonra Səudiyyə Ərəbistanının təkidi ilə onun Ərəb Liqası ölkələrinin sammitində çıxış etməsinə imkan verilməmişdi.

Yeri gəlmişkən, sözü gedən silah sazişini ləğv etmək cəsarətini də Stokholm guya özündə bu hadisədən sonra tapıb. Bəzi rəsmilər isə deyirlər ki, silah sazişinin onsuz da vaxtı bitirmiş.

Hər necə olursa-olsun, Qahirədə səslənməsi qismət olmayan çıxışında xanım Wallstrom ərəb ölkələrini “qadınlar da daxil, insan hüquqlarının müdafiəsinə” çağırmalı idi.

Beləliklə, 4 ekzotik meymun insan haqları şkalasının iki əks qütbündə dayanan iki ölkə arasında cərəyan edən qovğanın qurbanı olub.

Demokratik ölkənin meymunları

Lakin təkcə onlarmı? Ötən mart ayında Səudiyyə Ərəbistanı bəyan etmişdi ki, İsveç vətəndaşları üçün daha heç bir viza verilməyəcək.

Hərçənd bundan sonra İsveç Xarici İşlər Nazirliyi vəziyyətin aydınlaşdırıldığını və səfirin qayıdacağını bildirmişdi.

Amma indi belə görünür ki, viza məsələsi heç də həllini tapmayıb.

Cənab Wahlstrom çaşqınlığını gizlədə bilmir: “Onlar birdən birə Pasxa bayramı ərəfəsində zəng edib dedilər ki, İsveçdən meymun-zad qəbul edə bilməzlər”.

Avropa qəzetləri yarızarafat-yarıgeçək yazırlar ki, başı insanlardan daha çox, uzaq Amazonda, Allahın ən kiçik meymunlarını, köklərinin kəsilməsindən xilas etməyə qarışan Wahlstrom-un ağlına da gəlməyib ki, viza məhdudiyyəti demokratik ölkədən gələn meymunlara da şamil edilə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG