Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:52

Türkiyədə seçkiöncəsi «canlanma»


Martın 31-də Türkiyənin Çağlayan bölgəsində ədliyyə mərkəzinə hücum edən iki silahlı şəxs prokuror Mehmet Selim Kirazı girov götürdü.
Martın 31-də Türkiyənin Çağlayan bölgəsində ədliyyə mərkəzinə hücum edən iki silahlı şəxs prokuror Mehmet Selim Kirazı girov götürdü.

Politoloq Elxan Şahinoğlu bu hadisələri iyunda Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqələndirir.

-

Martın 31-də Türkiyənin Çağlayan bölgəsində ədliyyə mərkəzinə hücum edən iki silahlı şəxs prokuror Mehmet Selim Kirazı girov götürdü.

Prokuror 2013-cü ildə Gəzi Parkı olaylarında polis gülləsiylə ölən Berkin Elvanın işinin istintaqını aparırdı.

Hücum edənlər Berkin Elvanın işində təqsirli bilinən polislərin həbsini tələb edirdi. Xilasetmə əməliyyatı zamanı 5 güllə yarası alan prokuror xəstəxanada öldü. Həmin iki silahlı şəxsin Devrimci Halk Kurtuluş Partiyasının üzvü olduğu bildirildi.

Aprelin 1-də Hakim Adalət və İnkişaf Partiyasının binalarından birinə silahlı hücum oldu. Silahlı şəxs yeddimərtəbəli binanın ən yuxarı mərtəbəsinə qalxaraq ordan üzərində qılınc şəkli əks olunan türk bayrağını asdı. Polis müdaxiləsi ilə həmin şəxs zərərsizləşdirilərək saxlandı.

Eyni gündə hüquq-mühafizə idarəsinə (Emniyyet Müdürlüğü) də basqın oldu. Binanın qapısına yaxınlaşan qadın, içəriyə iki əl bombası ataraq qapıdakı polislərə atəş açdı.

Polislə qadın arasındakı atışmada 2 polis, bir mülki şəxs yaralanır. Hücum edən qadınsa öldürülür. Həmin qadının da Devrimci Halk Kurtuluş Partiyasının üzvü olduğu deyilir

Bunların ardınca - aprelin 2-də səhər saat 4-də İstanbulun hüquq-mühafizə orqanları Devrimci Halk Kurtuluş Partiyasına qarşı əməliyyat keçirdi. Əməliyyatı Terrorla Mücadilə Şöbəsi apardı. Əvvəlcədən bəlli etdikləri bir neçə ünvana eyni anda girdilər. Çox sayda şəxs saxlanıldı.

“GEZİ OLAYLARI”NA KÖLGƏ SALMAQ

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Türkiyədə dalbadal baş verən bu hadisələr nədən xəbər verir?

Politoloq Elxan Şahinoğlu bu hadisələri iyunda Türkiyədə keçiriləcək parlament seçkiləri ilə əlaqələndirir. Ekspert deyir ki, prezident Erdoğana müxalif olan qüvvələr onun partiyasını zəiflətməyə çalışırlar. Amma politoloqun fikrincə, bu, əks effekt verəcək. Elxan Şahinoğlu 2013-cü ildəki “Gezi Olayları”nı və Erdoğanın bu olaylara münasibətini yada salaraq deyir:

“Erdoğan əvvələr deyirdi ki, “Gezi Olayları” təxribatdır. Ancaq çox adam bu fikrə inanmırdı. Son hadisələrdən sonrasa cəmiyyət bu fikrə bir qədər inanır. Prokurorun qətli də “Gezi olayları” ilə bağlıdır. Əgər Gezi olaylarına ictimaiyyətin simpatiyası vardısa, son olay həmin aksiyaya kölgə saldi. Erdoğan höküməti indi terrora qarşı ciddi addımlar atacaq və bu da ictimaiyyət tərəfindən dəstəklənəcək.”

ERDOĞAN PUTİN YOLU GEDİR

Putin və Erdogan
Putin və Erdogan

Elxan Şahinoğlu bildirir ki, bu gedişlə Erdoğan öz hədəflərinə bir az da yaxınlaşır:

“1999-ci ildə Putini heç kim tanımırdı. O, baş nazir olanda 3% reytinqi vardı. Putin Çeçenistanla yenidən müharibəyə başladı, terrorçuları neytrallaşdırdı. Onun reytinqi yüksəldi. Erdoğan da o yolla gedir. PKK məsələsinin həllinə də yaxındır. Kürdlərə xeyli hüquqlar verib. Bu da cəmiyyətdə müsbət qarşılanır”

Elxan Şahinoğlu Erdoğan hakimiyyətinin terrorla mücadiləni gücləndirəcəyini və bununla da nüfuzunun daha da artacağını deyir.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə baş verən hadisələrin arxasında hansısa qüvvələrin durduğunu deyir. Onun fikrincə, həmin qüvvələrin məqsədi, hansısa məsələlərlə bağlı ölkəyə təzyiq göstərməkdir:

“Bu çox təhlükəli prosesdir. Solçu terror təşkilatlarının arxasında hər zaman hansısa qüvvələr olub, onları maliyyələşdirib, onlara təlim keçib. Amma mümkündür ki, bu, Türkiyənin öz daxili siyasi məsələləri ilə də bağlı olan hadisə də olsun".

Türkiyə prezidenti Receb Tayyip Erdoğan ədliyyə mərkəzinə və hakim partiyanın binasına hücumunu, prokurorun ölümünü demokratiyaya inanmayanların davranışı adlandırıb. O bildirib ki, belə terror hadisələri Türkiyə üçün yeni deyil. O, siyasi partiyaların davranışına diqqət çəkib:

“Siyasi partiyalar belə bir durumda milli birlik ortaya qoymurlarsa, onlar bunu nə zaman etməyi düşünürlər? Əslində önəmli olan budur.”

Erdoğan bildirib ki, demokratiya belə hücumlara təslim olan deyil.

XS
SM
MD
LG