Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Əliyevin «qiymətləndirmə» siyasəti


Andranik Grigoryan
Andranik Grigoryan

-

«Azadlıq» qəzeti yazır: «Erməni hərbçi Grigoryan Azərbaycan tərəfə keçdi və yüksək səviyyədə qarşılandı. Belə ki, gündə 3 dəfə yemək, kofe, meyvə şirəsi, həftədə 3 dəfə hamam, rəsm çəkmək üçün yağlı boya, isti yataqla təmin olundu. İndi neçə gündür ki, erməni hərbçinin açıqlamaları, video-müraciəti yayımlanır və hakimiyyət mediası, hökumət sözçüləri bunu uğur kimi təqdim etməyə çalışırlar. Erməni hərbçinin «bütün erməni hərbçilərini Azərbaycan tərəfə keçməyə çağırıram» ifadəsi hakimiyyətin ən sevimli xəbərinə çevrilib.

2 milyondan çox vətəndaşı ölkədən didərgin düşmüş, şəhid ailəsinin 20 ildir sığorta pulu ala bilmədiyi, vətəndaşı borc bataqlığında çırpınan, 150-200 manat əməkhaqqı verən hakimiyyət hansı haqla Grigoryan-ın bu çağırışını tirajlayır...».

Qəzet daha sonra yazır: «Yaxşı olar ki, erməni hərbçinin «bütün erməniləri Azərbaycana keçməyə çağırıram» deməsindən sevinənlər milyonlarla vətəndaşı ölkəyə çağırmaq cəsarəti nümayiş etdirsinlər. Problemlər səbəbindən intihara cəhd edənləri yaşamağa ruhlandırsınlar. Xaricdə təhsil alıb ölkəyə qayıtmaq istəməyən tələbələri, Azərbaycandan qaçmış 100-lərlə professoru ölkəyə çağırmaq üçün əsaslar tapsınlar... Yoxsa, Grigoryan-ı Azərbaycanın simasına çevirməklə yalanları legitimləşdirmək mümkün deyil».

«MANATLA KREDİT ALMAQ İSTƏYƏNLƏR SÜRPRİZLƏ ÜZLƏŞİR»

«Bizim yol»un baş məqaləsi belə adlanır.

Manat
Manat

Qəzet manatla kredit verilməsinin dayandırıldığını yazır. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, devalvasiyadan sonra bu gözlənilən idi: «Neftin qiymətinin düşməsi ilə yanaşı, ölkədə hasilat da düşüb. Bütün bunların fonunda növbəti aylarda Azərbaycan manatının güclənə biləcəyini demək mümkün deyil. Təbii ki, banklar bu məsələlərə həssas yanaşır və bizdən daha geniş araşdırır. Analiz apararaq manatın yenidən devalvasiyaya uğramasının qaçılmaz olduğunu görür. Bunun üçün qarşıdakı iki il üçün hazırlıqlar görüb, itkilərini nəzərə almalıdırlar. Ən yaxşı variant olaraq kreditləri xarici valyutada verirlər».

İqtisadçı əlavə etdi ki, bankların borclanma mənbəyində də xarici valyutanın həcminin üstünlük təşkil etməsi onları bu addımı atmağa vadar edir: «Lakin manatla kreditləşməni həyata keçirmək kifayət qədər risklidir. Hazırkı situasiya vətəndaşın xeyrinə deyil. Amma bankların mövqeyindən yanaşsaq, haqlı görünürlər. Qanunvericiliklə də hər hansı bir limit yoxdur. Bir müddət əvvəl 10 faizlik limit aradan qaldırılmışdı».

«NİZAMİ MUSAYEVİN HƏBSİ QANUNSUZDUR»

«Yeni Müsavat» qəzeti Daxili İşlər NazirliyininBanditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Nizami Musayevin həbsinə diqqət çəkib.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov qəzetə bildirib ki, Nizami Musayev AXC-nin aktiv üzvü idi, vətənpərvər insandır və məhz bu keyfiyyətinə görə rəis vəzifəsinə təyin edilmişdi:

Nizami Musayev
Nizami Musayev

«Nizami Musayevi rəis vəzifəsinə mən təyin etmişdim. O, işinin öhdəsindən yaxşı gəlirdi. Öncə onu deyim ki, 1991-ci ildə Moskvada «QKÇP» hadisələri baş verəndə Nizami Musayev orada Boris Yeltsin-in müdafiəsində iştirak eləmişdi. 1992-ci ildə AXC hakimiyyətə gəldikdən sonra biz onu rəis təyin etdik, mayor rütbəsi var idi. Nizami heç bir vəzifə səlahiyyətlərini aşmayıb, dövlət əmlakını mənimsəməyib, ziyalı bir insandır. Mən nazir olanda ona 200 min pul vermişəm. O da aparıb həmin pulu Çeçenistanda rəhmətlik Dzhokhar Dudayev-ə verib. Əvəzində Qarabağın müdafiəsi üçün silah-sursat alınıb. Bu barədə göstərişi rəhmətlik prezident Əbülfəz Elçibəy vermişdi».

İ.Həmidov bir məqamı xüsusi qeyd edib ki, 20 ildən sonra cinayət işinin vaxtı ötür və Nizami Musayevin həbs edilməsi bu baxımdan da qanun pozuntusu sayılmalıdır.

«YAP HƏR BİR SİTUAİSYAYA HAZIRDIR»

yap.org.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür. «Onu da qeyd etmək istəyirəm ki, YAP hər zaman, hər bir situasiyaya hazır olan partiyadır. Ona görə də,hər zaman bütün məsələlərə, o cümlədən seçkilərə hazırdır və bütün seçkilərdə qələbə qazanır. Partiyamız həm kəmiyyət, həm keyfiyyət, həm də yerli strukturların mükəmməlliyi baxımından çox güclüdür. Partiyamız böyük siyasi məktəbdir. Yüksək intellektli gənclərin YAP sıralarında birləşməsi bizim gücümüzü artırmaqla yanaşı, partiyanın gələcəyi üçün də mühüm amildir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG