Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:14

Neftçalanın bir kəndində soyuqdan meşələrə üz tutublar


Arxiv fotosu
Arxiv fotosu

-

“Mən bu kənddə doğulub böyümüşəm. Bircə dəfə də olsun kəndə maye qaz verildiyinin şahidi olmamışam. Daha doğrusu, 1990-cı illərin əvvəli qaz xətti çəkildi, həmin vaxtlar qaz da verildi. Sonradan qeyb oldu. İllərlə istifadəsiz qalan xətləri də adamlar kəsib daşıdılar”.

Neftçalanın Aşağı Qaraimanlı kənd sakini Saday Fərəcov "Qaynar xətt"ə kənddəki problemlərdən danışır.

“BAŞÇI KİŞİ SÖZÜ VERDİ, AMMA...”

“Bu yaxınlara qədər rayonun mərkəzində bəzi yerlərdə qaz olurdu. İndi orada da qəhətə çıxıb. Olanda da çox zəif gəlir. Rayonun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev 2012-ci ilin ortalarındakəndimizə gəldi. Kəndin Mədəniyyət Evində sakinlərlə görüş keçirtdi. Sakinlər başçıya geninə-boluna gileyləndi. Başçı da dedi, hamınızın qabağında kişi sözü verirəm, bu ilin dekabrına qədər kənddə qaz olacaq. Dediyi müddət də başa çatdı, qaz yoxdur”.

Saday Fərəcov bir vaxtlar həvəslə əkib qulluq etdiyi ağacları qızınmaq üçün kəsdiyini deyir:

“Həyətdə ağac qalmayıb... Bir müddət əvvəl xeyli ağac əkdim. Ancaq meyvəsindən dada bilmədik. Hələ təzə-təzə böyüməyə, bar verməyə başlayanda kəsib yandırdıq ki, qızınaq”.

DONMAMAQ ÜÇÜN MEŞƏYƏ ÜZ TUTURLAR

Qaraimanlılar soyuqdan donmamaq üçün yaxınlıqdakı yulğun meşələrinə üz tutmaq məcburiyyətində qalıblar. Neçə illərdir ki, evlərində adı Qırmızı kitaba düşmüş yulğun ağaclarının ocağına isinirlər.

“Biz Kürün kənarında yaşayırıq. Kür kənarı yulğun meşələri var. Daha doğrusu, yoxa çıxmaq üzrədir. Adamlar məcburdular ki, soyuqda, şaxtada çarəsiz qaldıqları vaxt əllərinə balta alıb meşəyə üz tutsunlar. Soyuqdan ölməli deyilik ki... İnsan amilihər şeydən irəlidir. Bir tərəfdən qazı kəsib, o biri tərəfdən adamları ağac kəsməyə görə cəzalandırmaq özü cinayətdir. İnsanları qəsdən tələf etməkdir. Onlar bizi canlı ağacları tələf etməkdə günahlandırırlar. Bəs canlı insanları tələf etməyə görə onları kim cəzalandıracaq?”

Qaraimnalıların dərdi-səri təkcə bununla bitmir. Əsasən əkinçiliklə məşğul olan əhalinin bəxti son illər bu sarıdan da gətirmir. Səbəb isə susuzluqdur:

“Şəxsən biz əkin sahəmizdən hər il 70 sentner məhsul götürürdük, ötən mövsümdə cəmi 5 sentner məhsulumuz oldu. Çünki torpaqlarımızı suvara bilmədik. Kür daşqınlarından sonra suvarmada yaranan problemlər aradan qaldırılmayıb. Kollektorlar yararsızdır”.

2,5 MİLYON HARA XƏRCLƏNİB?

2010-cu ildə əkin sahələrinin suvarılması üçün çəkilmiş su borularına 2,5 milyon manat xərclənsə də, əhali hələ də həmin borulardan təyinatı üzrə istifadə edə bilmirlər. Uzunluğu 1 km olan, Su Təsərrüfatı və Melorasiya ASC tərəfindən inşa edilən borudan istifadə olunması niyə mümkün deyil, səbəbini kəndlilərə izah edən yoxdur.

“Bu su borusu işə düşsə əksər kəndləri susuzluq məşəqqətindən qurtular. Vaxtında bu borunu çəkəndə o qədər pul yeyintisinə yol verdilər ki, bütün işləri keyfiyyətsiz gördülər. İndi də boru istifadəyə yararsız vəziyyətdə qalıb”.

2 il əvvəl quraşdırılması başa çatan boruların daşdan hörülmüş sütunları su sızmalarına davam gətirməyərək dağılıb. Sakinin sözlərinə görə, indiyə qədər 1 kilometrlik borunun tikintisinə qoyulan 2,5 milyon manatın əslində hansı məqsədlərə istifadə olunduğunun haqq-hesabını isə aparan yoxdur.

Elə bu problemlərin üzündən Neftçaladakı ailələr çarəni baş götürüb rayondan qaçmaqda görürlər:

“Çoxu Bakıya köçüb, burda ev kirayələyib, bir tikintidə iş tapıb, ailəsini də yığıb başına... Rayonun məmurları bundan narahat olmalıdılar. Dərk etməlidilər ki, Kürün sahilində park salmaqla adamların qarnı doymur, canı isinmir”.

Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin son hesabatında 2014-cü ilin doqquz ayı ərzində Rayon Qaz İstismar Sahəsi tərəfindən rayona 8 milyon 893,0 min kub metr həcmində təbii qaz verildiyi qeyd olunur. Başçı rayonda sayğaclaşma işlərinin 100 faiz yerinə yetirildiyini də qeyd edib. Ancaq sakilnər bildirirlər ki, heç bir kənddə sayğac quraşdırılmayıb.

XS
SM
MD
LG