Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Azərbaycan Avronest PA-nın Yerevandakı sessiyasına qatılmadı


Elxan Süleymanov
Elxan Süleymanov

-

Martın 16-da Ermənistan paytaxtı Yerevanda Avronest Parlament Assambleyasının 4-cü sessiyası öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti bu tədbirdə iştirak etmir.

Nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov apa-ya deyib ki, Azərbaycan torpaqları azad edilməyənədək Ermənistanın Avronest PA-ya həmsədrliyinə və bu qurumun hər hansı toplantısının Yerevanda keçirilməsinə qəti şəkildə öz etirazını bildirib:

«Etirazlarımıza baxmayaraq, Avronest PA-nın plenar sessiyasının Yerevanda keçirilməsi barədə qərar qəbul edilib. Azərbaycan nümayəndə heyəti isə haqlı olaraq öz tələblərində israr nümayiş etdirib və təşkilatın Ermənistanda keçirilən sessiyasında iştirakdan imtina edib».

E.Süleymanov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti sessiyada iştirakdan imtina etsə də, daimi komitələr üzrə hazırlanmış məruzələrə öz düzəlişlərini irəli sürüb: «Bu düzəlişlərin bir çoxu Avronest PA-nın Avropa Parlamentindən olan bir neçə üzvü tərəfindən dəstəklənib. Onlar həmin düzəlişləri bizimlə birgə irəli sürüblər. Qeyd olunan düzəlişlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və bu ərazilərin dərhal qeyd-şərtsiz işğaldan azad edilməsi çağırışları, Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi tələbi və s. öz əksini tapıb».

NİYƏ KRIMI OLAR, QARABAĞI YOX?

Elxan Süleymanov onu da deyib ki, Azərbaycan nümayəndə heyətinin ardıcıl səylərinə baxmayaraq, Avronest PA-da Ermənistanın Azərbaycan ərazilərini 23 ildir işğal altında saxlaması faktının müzakirəsi mümkün olmayıb: «Biz hər dəfə bu məsələni gündəmə gətirdikdə Avronest PA-nın Dağlıq Qarabağ problemini həll edə biləcək təşkilat olmadığı barədə bəyanatla üzləşmişik. Lakin Yerevan sessiyasında Krım yarımadasının Rusiyaya birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən silahlı toqquşmalar fonunda Rusiya ilə bağlı sərt qətnamə layihəsinin müzakirəsi nəzərdə tutulur. Sual olunur: Nə üçün əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da Ukrayna səviyyəsində dəstək nümayiş etdirilmir? Nə üçün işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi tələbi ilə çıxış etdikdə, müxtəlif mexanizmlər vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınır? Beləliklə, biz bir daha, digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar siyasəti həyata keçirilməsinin şahidi oluruq».

Avronest Parlament Assambleyası Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramının parlament formatıdır.

XS
SM
MD
LG