Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:18

FT: «Neftin ucuzlaşması əhalinin səbrini sınağa çəkəcək»


Xəzər
Xəzər

-

«Neft bu keçmiş sovet ölkəsinə böyük sərvət qazandırıb, ancaq bir sıra cəbhələrdə hələ də mübarizə etməkdədir», - «The Financial Times» qəzetinin Avropa redaktoru Tony Barber belə deyir.

Martın 12-də «The Financial Times» Azərbaycanla bağlı xüsusi buraxılış dərc edib.

Qəzetin birinci səhifəsində yer almış «İslahat Azərbaycanın milli sabitliyi üçün ən yaxşı ümiddir» başlıqlı yazıda Tony Barber göydələnlər və küləklər şəhəri olan Bakını Çikaqoya bənzədir: «London stilli taksilər və pivəxanalar cənubi Qafqazın bu guşəsində başqa bir Qərb mühiti yaradır. Üstəlik, dəbdəbəli mağazalar, ləl-cavahirat dükanları, avtomobil salonları Azərbaycanı bir az da Dubaya oxşadır. Azərbaycan dilindən sonra ən çox işlənən rus dili isə bu ölkənin on illər boyu Rusiya və sovet idarəçiliyi altında yaşadığını göstərir».

HAKİMİYYƏTİN NARAHATLIĞI

Müəllif iyunda keçiriləcək ilk Avropa Oyunlarına toxunaraq yazır ki, 2014-cü ilin fevralında Ukrayna prezidenti Viktor Yanukovych-in devrilməsi prezident İlham Əliyevi də narahat etdi:

«Təkcə avtoritar idarəçiyə qarşı xalq etirazı deyildi narahatlığa səbəb. Bakının tərəfdaş saydığı ABŞ və qərb müttəfiqləri Kiyev küçələrindəki demokratiya istəyən qüvvələrə açıq rəğbət göstərirdi».

Müəllif ölkədə oxşar hadisələri önləmək üçün hakimiyyətin siyasi narazılara və müstəqil mediaya hücuma keçdiyini yazır. İnsan haqları qrupları ötən il 30-dan çox fəalın, hüquqşünasın, jurnalist və bloqqerin saxta ittihamlarla saxlandığını bildirir. Hələlik azadlıqda olan hüquq müdafiəçiləri isə ölkədə şəraitin bəzi postsovet dövlətlərində, məsələn, Orta Asiyadakı kimi repressiv olmadığını etiraf edir və Novruz bayramında bəzi məhbusların əfvə düşəcəyinə ümid bəsləyir.

«Ancaq, deyəsən, cənab Əliyev belə bir qənaətə gəlib ki, 1990-cı illərdən bəri Qərblə enerji tərəfdaşlığı Qərb dövlətlərini Azərbaycanın daxili məsələlərini tənqid etməkdən çəkindirməyəcək... Azərbaycan liderləri həm də Suriyadakı vətəndaş müharibəsinin, İŞİD-in baş qaldırmasının ölkədəki sabitliyə təsirindən narahatdır. Yüzlərlə azərbaycanlı Suriya müharibəsinə qatılıb, hökumət də antiterror qanunlarını sərtləşdirib və onlarla şübhəli yaraqlını həbs edib».

SINAQ MÜDDƏTİ

Bakıda Heydər Əliyevin portreti - 2014
Bakıda Heydər Əliyevin portreti - 2014

Yazıda daha sonra son 12 ayda neft qiymətlərinin kəskin düşməsinin ölkənin gəlirlərinə ciddi təsir göstərdiyi, hökumətin manatı ucuzlaşdırdığı qeyd olunur: «Neftin qiymətinin uzun müddət aşağı həddə qalması ölkənin iqtisadi modelini və, ola bilsin, əhalinin səbrini sınağa çəkəcək. Milyonlarla adam məhz neft və qaz gəlirlərinin istismarı sayəsində yoxsulluq həddindən çıxıb. Son 20 ilin inkişafına rəğmən, Azərbaycanda siyasi, bürokratik və iqtisadi elitalar hələ də nəhəng sərvətinə görə fərqlənir».

«İndilik hökumət vaxtın özünün xeyrinə işləyəcəyinə ümid bəsləyir. Dövlət Neft Fondunun sərvəti 37 milyard dollardır, işsizlik qalxar və yaşayış standartları düşərsə, Bakı bu sərvətin bir hissəsindən faydalana bilər. Mərkəzi Bankın 11 milyard dollarlıq rezervi var və dövlət borcu çox aşağıdır. Üstəlik, hökumət tezliklə Cənub Qaz Dəhlizindən də milyardlarla dollar qazanmağa başlayacaq».

İSLAHATLAR

«Sual odur ki, üfüqdə bu gəlirlər görünən bir vaxtda hökumət gərəkən islahatları həyata keçirəcəkmi – oliqarxların iqtisadiyyata təsirini azaldacaq, özəl sektoru inkişaf etdirəcək, korrupsiyanın kökünü kəsəcək, ictimai müzakirələrə yer ayıracaqmı? İndilik Azərbaycan liderlərinin belə bir fikrə tərəfdar olub-olmaması aydın deyil – belə islahatlar uzaq perspektivdə onların çox qoruduğu daxili sabitliyin ən yaxşı qarantıdır», - müəllif yazır.

MƏTBƏXDƏ HƏR ŞEY YANIR

«Fevralın ortasında bir cümə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov FT-yə deyirdi: «İsti bir mətbəxə düşmüsünüz. Hər şey yanır». Elə həmin həftəsonu Mərkəzi Bank 2011-ci ilin ortasından bəri saxladığı manatın kursunu buraxdı. Bir həftə sonra isə manat dollara nisbətən 34 faiz ucuzlaşdı». Bunu isə «Neftin qiymətinin düşməsi Azərbaycanı vurur, devalvasiya gedir, iş yerləri ixtisar olunur» başlıqlı yazıda oxuyuruq.

Müəllif Jack Farchy manatın devalvasiyasından sonra gedən proseslərdən bəhs edir, prezident Əliyevin «manatın sabitliyi iqtisadi siyasətimizin uğurudur» sözlərini yada salır.

Qubad İbadoğlu
Qubad İbadoğlu

«Neftin barreli 50 dollar olacağı halda, Dövlət Neft Fondunun gəlirləri ötən ilki 16 milyard dollardan 4.7 milyard dollara düşəcək», - bunu iqtisadçı Qubad İbadoğlu deyir. Gəlirlərin azalması hökumət üçün problem yaradıb. Dövlət büdcəsində neftin barreli 90 dollar götürülüb və Neft Fondu bu il büdcə gəlirlərinin 11.8 milyard manatını verməlidir. Devalvasiyadan əvvəl bu 15.1 milyard idi, indi isə 11.2 milyard dollar edir».

«Yaxşı vaxtlarda kifayət qədər ehtiyat yığmışıq», - Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyir. «Bu il ilk dəfə olaraq fondda azalmaq görə bilərik. Elə fondun rolu da budur. Bu konsepsiyanı sınaqdan keçiririk». Ancaq cənab Mövsümov əlavə edib ki, fond 37 milyard dollarlıq ehtiyatının 10 faizindən də azını xərcləyəcək.

ARTIM 1.5 FAİZƏ DÜŞƏ BİLƏR

Müəllif yazır ki, hökumət devalvasiyadan öncə də gəlirlərini möhkəmləndirmək üçün addımlar atırdı – əmanət gəlirlərinə yüksək vergi qoymuş, maşın və yaxtalar kimi dəbdəbəli malların idxalına ödənişlər tətbiq etmişdi.

Cənab Qubadoğlu deyib ki, neft gəlirlərinin azalması dövlət şirkətlərinin iş yerlərini kəsməsinə səbəb olub: «İqtisadi və sosial durum gün-gündən pisləşir. Hökumətin başqa alternativi qalmayıb».

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ötən ilki 2.8 faizlik artımın bu il 1.5 faizə düşəcəyini proqnozlaşdırır. Ancaq bu da hələ nikbin proqnozdur. «İlin sonunadək ÜDM üçün müsbət artım olsa, buna uğur deyərəm», - AYİB-in Bakı ofisinin rəhbəri Neil McKain bildirir.

FT-də dərc olunmuş digər məqalələr isə belə adlanır:

«Dağlıq Qarabağ münaqişəsi: Mühüm neft və qaz kəmərləri cəbhə xəttinin yaxınlığından keçir».

«Xarici siyasətdə müstəqillik diqqət mərkəzindədir: Regional və qlobal dövlətlər arasında incə balanslaşdırma».

«Bakı enerji bazarlarında yeni rol istəyir: Ölkənin təbii qaz mərkəzinə çevrilməsi üçün planlar hazırlanır».

«Avropa Oyunları: «Yumşaq güc» göstərmək imkanı».

XS
SM
MD
LG