Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

«Bəzi qəzetlərdə jurnalistləri qul kimi işlədirlər»


On-line müsahibədə suallarınızı Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırıb
On-line müsahibədə suallarınızı Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırıb

- Əflatun müəllim, ilin axırında keçiriləcək qurultayda jurnalistlərin iş və məişət şəraitinin yaxşılaşdırılması barədə məsələlərə baxılacaqmı? Bir çox KİV rəhbərləri jurnalistləri, o cümlədən texniki personalı əmək müqaviləsi bağlamadan, ictimai əsaslarla işlədir. Vəziyyət çoxmu davam edəcək?


- Mətbuat Şurasının Nizamnaməsində qurumun məişət məsələləri ilə məşğul olması nəzərdə tutulmur. Bizi narahat edən problemlərdən biri də redaksiyalarda KİV əməkdaşları ilə müqavilələrin olmamasıdır. Jurnalistlər istismar mənbəyinə çevrilib, onların əməyindən qul əməyi kimi istifadə edilir. Yəqin ki, bu məsələyə də qurultayda ciddi müzakirə ediləcək.



Əflatun Amaşov 1957-ci ildə anadan olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət AzərTAc Dövlət Teleqraf Agentliyində müxbiri olub. Sonra həmin qurumda şöbə müdiri, redaktor, baş direktorun birinci müavini vəzifələrində çalışıb. 1995-ci ildən «Yeni Nəsil» Jurnalistlər Birliyinin yaradıcı- larından biri, 1997-ci ildən «Ruh» Azərbaycan Jurnalist- lərinin Hüquqlarının Müdafiə Komitəsinin sədri olub. 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının sədri seçilib.




Müsahibə ilə daha ətraflı Forumda tanış olun




- Əflatun bəy, «RUH»un rəhbəri olduğunuz dövrdə mərhum eks-prezident Heydər Əliyevi «Mətbuatın dostu» mükafatına layiq görmüşdünüz. O zaman sizə qarşı təpkilər gəldi. Peşman olmadınız ki? Eyni adı İlham Əliyevə də verərdinizmi?


- Heydər Əliyev Azərbaycan mətbuatının inkişafında sanballı xidməti olan şəxsiyyətdir. Senzuranın ləğvi, KİV üzərindən ƏDV-nin götürülməsi, borcların bağışlanması və s. onun adı ilə bağlıdır. Mükafatı mən vermişəm, amma seçim jurnalistlərin olub. Onlar kimləri özlərinə dost bilsələr, bizim də onların seçiminə hörmətlə yanaşmaq borcumuzdur.


- Mən uşaqlıqdan jurnalist olmağı arzulayıram, lakin qəbul imtahanları zamanı ayrı fakültəyə düşdüm. Bilmək istərdim ki, nə üçün jurnalistika üzrə qabiliyyət imtahanı ləğv olunub və bunun bərpa olunmaq ehtimalı varmı?


-Bu problemin əziyyətini jurnalistikamız çəkməkdədir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına hələ 2 il əvvəl təkliflərimizi vermişik. Qabiliyyət imtahanı nə qədər hələ reallaşmayıb sizin kimi çoxları arzuladıqları ixtisas üzrə tələbə adını qazana bilməyəcəklər. Çalışacağıq ki, heç olması növbəti tədris ilində buna nail olaq.


- Əflatun müəllim, xahiş edirəm aşağıdakı sualları cavablandırasınız: 1. Jurnalistlərin tikəcəkləri mənzil-kooperativin axırı necə oldu? 2. Mətbuat Şurası haqqında qanun ola bilərmi? Buna qurultayda baxılacaqmı? 3. Siz həmişə Şuranın səlahiyyətinin az olmasından şikayət edirsiniz, qurultayda bu məsələ müzakirə ediləcəkmi? Bu səlahiyyətlər hansı dəyişiklikləri edə biləcək? 4. Şura necə maliyyələşir? Problemlər varmı?


- Mənzil kooperativi yenə fəaliyyətindədir. Həmkarlarımız hüquqları uğrunda mübarizəni davam etdirirlər. Axırı yaxşı olar. Şura ilə bağlı qanuna gəldikdə bu, hələ qurum yaranmamışdan əvvəl gündəmdə idi. Hazırda Katiblikdə belə bir sənədin üzərində iş gedir. Həmkarlarım lazım bilsələr, yəqin ki, qurultayda müzakirə obyekti olacaq. Qanun ona görə bizə lazımdır ki, Mətbuat Şurası güclü, davamlı bir qurum kimi cəmiyyətdə öz yerini tuta bilsin. Həmkarlarım Şuranın səlahiyyətləri məsələsində də mövqelərini açıqlamalıdırlar. İctimai qınaq onları qane edirmi, yoxsa tənzimləmədə digər vasitələr tətbiq olunmalıdır? Maliyyə gəldikdə vəziyyətimiz heç də ürəkaçan deyil. Əsas maliyyə mənbələrimiz MŞ üzvlərinin ödədikləri üzvlük haqlarıdır.


- Əgər jurnalist kimisə təhqir edirsə və sonuncuda öz hüquqlarından istifadə edərək məhkəməyə müraciət edirsə bunun nəyi təzyiqdir? Sizə elə gəlmir ki jurnalistlərin əsas problemləri elə onların savadsızlığıdır?


- Heç bir qələm sahibinin kimi isə təhqir etməyə ixtiyarı yoxdur. Bəzən elə yazılara rast gəlirik ki, adam müəllifinin yerinə xəcalət çəkir. Jurnalist yazılarında qəzəbin, nifrətin buxovundan azad olmalıdır. Əks tərəfin də öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Mətbuat Şurasına ünvanlanan yüzlərlə müraciət məhkəmə müstəvisinə çıxarıla bilərdi. Bu bizim diqqətimizdir, amma həmkarlarımız da peşə etikasına sayqılı yanaşmağa borcludurlar.


- Azərbaycanda müstəqil mətbuat hansılardır? Və sirr deyilsə gündəlik qəzet oxuyursunuzmu?


- Azərbaycanda mətbuatında belə bölgü aparmaq olar. Qeydiyyatdan keçən 2500-dən yuxarı KİV-ləin 75-80 faizi «reket»çilik dəst-xəttini götürüb. Böyük bir hissə rəsmi qurumlara və ictimai-siyasi təşkilatlara mənsubdur. Müstəqillərə çox az yer qalır. «Ekspress», «Zerkalo», «Həftə-Nedelya», «Exo», «Gün-səhər», «525-ci qəzet» və s. Siyahını xeyli uzatmaq da olardı. Hər gün bütün qəzetləri nəzərdən keçirirəm. Bu, gündəlik işimdir.


- Niyə sizin bəyanatlarınızla Prezident Aparatının rəsmisi Əli Həsənovun bəyanatları o qədər də fərqlənmir.?


- Hansısa məqamların üst-üstə düşməsi təbiidir. Əli müəllim dövlət məmurudur, biz də bu dövlətdə yaşayırıq və onun inkişafında maraqlıyıq. Qaldı fərqlərə, xahiş edərdim, həmin bəyanatlara bir daha baxıb təhlillər aparasınız


- Uzun müddətdir ki, müzakirə olunan dövlətin qəzetlərə kredit verməsi məsələsini real hesab edirsinizmi? Dövlətin qəzetlərə yardım göstərməsi onların müstəqilliyini sarsıtmayacaq ki?..


- 2001-ci ilin dekabrında ölkə prezidenti KİV-lərə dövlət qayğısının daha da yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı. Bu dövlət sənədində onlara uzunmüddətli və az faizli kreditlərin verilməsi də nəzərdə tutulurdu. Müxtəlif media vasitələri yaranmış imkandan dəflərlə faydalanıblar. Proses indi də davam edir. O ki, qaldı kredit alanın müstəqilliyini nə dərəcədə saxlamasına, məncə, narahatlığa dəyməz. Dünya praktikasında da, çoxsaylı nümunələr var. Məsələn, Luksemburqda cəmi 10-a yaxın qəzet nəşr olunur. Yarısı həftəlik, yarısı gündəlikdir. 30 ildir ki, onların hamısına dövlət qayğı göstərir. Bunsuz həmin nəşrlər yaşaya bilməzlər, heç kəs də tələb etmir, elə yazma, belə yaz… Bizim qəzetlərimizinsə müstəqilləşə bilməməklərinin əsas səbəbi onların iqtisadi durumlarının ağır olması ilə bağlıdır


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG