Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Film kimi...


Sona Yaqubova
Sona Yaqubova

-

İndi Naxçıvanda şahidlik elədiyim bir hadisəni yazacam.

Görün bu hadisə ssenariləşdirilib ekranlaşdırılısa qulağımızın dibində inkişafın zirvəsinə çatmış iran,Türk kinosundan geri qalarmı?..

Sona Yaqubova

FİLM KİMİ...

Hər keçən gün bir az daha əmin oluram ki, bizim məmləkətdə dahi yazar-filan olmaq üçün elə də böyük zəhmətə gərək yoxdu.

Məşədi İbadın sözü olmasın, yüz qram istedad, iki ədəd kor olmayan göz, bir də qələm tutan əl lazımdı. Vəssalam-şüttamam.

Inanmırsız? İndi şahidlik elədiyim bir neçə hadisəni yazacam. Siz də oxuyub hadisələri gözünüzdə canlandırın.

Görün bu kimi hadisələr ssenariləşdirilib ekranlaşdırılısa qulağımızın dibində inkişafın zirvəsinə çatmış iran,Türk kinosundan geri qalarmı? Abbas Kiarostami, Məcid Məcidi, Cəfər Pənahi, Zeki Demirkubuz, N.B Ceylan və başqa rejissorların uğurlarının səbəbi filmlərində kameranı insanların həyatının düz ortasına yerləşdirmələri deyilmi?!

Dubl 1

Az-maz ictimai çəkisi olan bir dostumla həyat yoldaşı valideyn olmaq qərarına gəliblər. Bu məqsədlə həkim müayinəsindən keçmək üçün üz tutublar bir xəstəxanaya. Həkim ilkin olaraq kişini spermoqramma analizinə göndərib. Dostum əlindəki qabla girdiyi otaqda əvvəlcə kamera olub-olmadığını dəqiqləşdirmək üçün xeyli vaxt xərcləyib. Axtardığını tapmasa da, məlum prosesə başlayanda hər ehtimala qarşı əlindəki qabı xüsusi formada tutub. Bir gün onanizm videosunun yayılması təlaşıyla...

Biz də sizin kimi, aramızda bu söhbəti edəndə xeyli gülmüşdük. İlk baxışda komik təsir bağışlayan bu hadisənin bir az ötəsinə gedin, baxın görün vəziyyət gülməlidir, yoxsa...

Dubl 2

Bu yaxında Türkiyədən gəlirdim. Ankara- Bakı uçaq biletlərinin bahalığını bəhanə edib hər dəfə Ankaradan Iğdıra uçub, ordan yolüstü doğma Naxçıvan torpaqlarına da qədəm basmaq keçir qəlbimdən.

Bu dəfə də yavru vətən sevdasıyla Iğdır hava limanında uçaqdan endim. Çiynimdəki çantalarımın ağırlığından başım önümə əyilmişdi. Beləcə gəlib çıxdığım keçiddə qulağıma güllə kimi çaxılan bir cümlədən varlığım titrədi. “Silahınız ve evraklarınız lütfen ” Udquna-udquna qayıtdım ki, nə silah? Ozümə gəlib, arxada qoyduğum qapının üzərində "Silahların yoxlanılması" yazısını oxuyub yanlış qapıya yaxınlaşdığımı görənə kimi şimşəklər çaxan beynimə bir anda min cür fikir gəldi.

Məşum qapıdan çıxıb tüpürdüm dabanıma...

Dubl 3

Hava limanından çıxıb naxçıvanlı taksistlərin hər gün gedib-gəldiyi Iğdır şəhər mərkəzinə yollandım.

Gaz-24
Gaz-24

Çatar-çatmaz bir həmyerlim qulaq oxşayan ləhcəsiylə şığıdı üstümə. Çoxbilmiş görünmək üçün tez qiyməti soruşdum. Dəqiq yadımda deyil, deyəsən 10-15 manat dedi. Razılaşdıq. Çantalarımı da götürüb düşdü qabağa. Bir xeyli getdik. Adam çantaları yerə qoyanda elə bil başımdan bir qazan qaynar su tökdülər.

Yeyilmiş təkərlərin çiynində tabutu andıran bir QAZ 24. Dövri-qədimdən bu tabuta oxşayan maşından zəhləm gedir.

Üz-gözümü turşudub taksi şoferinə baxdım... Zaman öz fırçasıyla şoferin yaşamını üzündə elə məharətlə əks elətdirmişdi ki, adam lap həyatın yerinə xəcalət çəkmək istəyirdi. Olan olmuşdu, kövrəlməyin yeri yoxdu. Maşının qapısını açdım ki keçib oturam, növbəti sürprizlə qarşılaşdım.

Yalan olmasın, adam bir kamazın yükünü yükləyib maşına. Qabaqda bir nəfər oturmuşdu. Arxaya da bir təhər mən sığışdım. Bir az getmişdik ki, növbəti mağazanın qarşısında şofer maşını saxlayıb- çörək almağı unutmuşam, beş dəqiqəyə gəlirəm, deyib, hardasa 15 dəqiqə bizi gözlətdi. Qayıdanda bizə də xeyli su, meyvə şirəsi-filan almışdı. Bu jestini bizi gözlətməsini təlafi etmək üçün etdiyini düşünsəm də, açığı, xeyli təsirləndim. Gördüyüm bütün taksi şoferləri həmişə simic olub. Yenə içimdə insanlıq adına böyük ümidlərin yaratdığı kiçik qığılcımlar fürsəti fövtə verməyib közərdi. Yol boyu maşındakı ərzaqların iyindən başım çatlayırdı. Yuyucu tozları, toyuq, sabun, çörək, nə bilim, ağlınıza gələ biləcək hər şey. Adam araya salıb, bir üzrxahlıq da etdi:

- Bacı, sizin bəxtinizdən bu gün yola ən zay maşınla çıxmışam.

Anlamadığımı görüb əlavə etdi.

- Kənddə sən bəyənən bir evim var idi. Uşaqlar da böyüyür, dolanışıq çətinləşirdi. Gömrükdən də bir maşına ancaq həftədə bir dəfə keçməyə icazə verirlər. Baxdım olmur, evi satıb beş dənə yüngülvari maşın aldım. İndi həftə içi hər gün gedib gəlirəm. Hər gün bir maşınla... Həm müştəri götürürəm, həm də Iğdırdan ərzaq gətirib verirəm rayondakı mağazalara... Belə bir təhər başımızı dolandırırıq.

Adamın danışdıqlarının qarşısında deməyə söz tapammadım. Xeyli hıqqanandan sonra qayıtdım ki, zarafat deyil ey, qapında beş maşının var, day nə istəyirsən?! Yolboyu belə uğursuz qisa zarafatlarla, bəzənsə yorğun gülüşlərlə adamın ailə saxlamaq üçün fantastik işlərdən çıxma hekayələrini dinləyə-dinləyə normal maşınla 2 saata gələcəyimiz yolu 4-5 saata qət edib çatdıq Sədərək gömrüyünə.

Maşını saxlayan şofer bir neçə balaca ərzaq torbasını götürüb gömrükçülərə tərəf götürüldü. Hərəsinə bir şey almışdı...

Maşında olanda danışırdı ki, hər dəfə gedib-gələndə gömrükçülər nəsə tapşırırlar, çox vaxt da pulunu vermirlər heç. Əşşi, qada-balam olsun, almaram, hər gün gedib-gələndə bir hoqqa çıxarıb məni incidərlər”

Biz maşından düşüb pasport yoxlamasına girincə bu da maşındakı ərzaq çantalarını daşıyıb gətirdi içəri. Yaxınlaşıb sakitcə qulağımıza pıçıldadı ki, xahiş edirəm, bir yerdə keçək, içəridə mənim veşlərimin yarısının da sizə aid olduğunu deyin.

Aman allah, bu çantaların yoxlanması azı bir saat çəkəcək deyə düşündüm. Rəhmətliyin oğlunun aldığı iki qurtum suyun da əsl məğzi mənə indi çatdı.

Guya bu oyunlara nə gərək vardı?! Gömrükdəkilər də yaxşı bilirdilər ki, o çantaların mənə aidiyyatı yoxdu. Yenə də biz üzərimizə düşən rolu icra elədik. Gömrükdən keçib digər yol yoldaşımla maşına yaxınlaşdıq. Bir az aralıda gömrükçülərlə çənə-boğaz olan şofer gəlmək bilmədi. Axırda qanı qara halda gəlib maşının qabaq oturacağını qaldırıb içindən bir torba çıxarıb apardı. Bir azdan qayıdıb gəldi. Sükanı işə salanda güzgüdə üzündəki ifadəni görmək lazım idi. Əsəbdən dodaqları əsirdi. Ehtiyatla nə baş verdiyini soruşdum.

- Oğraş! Ən yaxın yoldaşımdı e, özü də. Hamımız bu yollarda bir tikə çörək üçün can qoymuruqmu? Ailəmizdən çox bir-birimizlə bir yerdə oluruq. Axı niyə bu əclaflığı edirlər,anlamıram. Olmasın 8 kq ət. Vallah bunlara bir az hörmət edib bu əti keçirdə bilərdim. Ama məsələ ətdə deyil e... Niyə dost-dosta bu şərəfsizliyi eləsin ki?! Toyuq əti ilə mal ətini artıq gətirməyə icazə yoxdu. Mən də 8 kq əti burda maşında gizlətmişdim. İçəridə torbaları yoxlayanda dedilər ət hanı? Ət gətirmədiyimi dedim. Dedilər yalan danışma, get əti gətir. 8 kq ət almısan. Hardan bildiklərini soruşdum, gülə-gülə qayıtdılar ki, kimin yanında aldığını bilmirsən? Bacı, bu gömrükdə hər gün daha nələr görmürük, təsəvvür edə bilməzsiz. Bunlar da bunu mənə ona görə dedilər ki, sabah da mən gəlib onun haqqında "sukalıq" edim.

Sözlər şoferin ağzından insanlığa dair son ümidlər kimi tökülürdü. Bizdən çox özüylə danışan bədbəxt anidən maşını saxlayıb dedi:

- Üzrlü sayın, gedə bilmirəm, əsəbdən əllərim əsir. Indi sizi yola salacam gedəssiz. Onu anlamamaq əldə deyildi. Asan deyil axı ortada "adam itkisi" var...

Yaxınlaşıb yoldan bir taksi saxlatdı. Çıxardıb yol pulumuzu da verib bizi başqa taksiylə yola saldı. Maşına oturanda dönüb baxdım, özü kimi sınıq-salxaq volqasının açıq qapısına söykənib siqaret çəkirdi. ..

İtə-itə, itirə-itirə gedirik...

İçimizdəki sonuncu insan sevgisinin, dostluğun, etibarın, axırına çıxmağa and içən bir sistemin hakimiyyəti altında yaşamanın nəticələridi bütün bunlar.

Üzərindən düşünən baş, görən göz, danışan dil, cibindən narkotik aşkarlanan azərbaycanlı, məhkəmə salonlarında bir-birinin üzünə durdurulan dost-tanışlar, insanların yataqlarına qədər soxulmuş videokamera xəbərlərinin altşüurumuza ötürdüyü mesajlar öz bəhrəsini verməyə başlayır.

Psixologiyası bu hala salınmş bir xalqın bütün yaşamı elə özü başdan-ayağa film deyilmi? Roman yazmaq üçün göylərlə əlləşməyə, kino çəkmək üçün hıqqanmağa, xaricdən bir sürü insanı yığıb aylarla ölkədə bəsləməyə nə gərək var? Bizi-bizdən yaxşı kim anlaya, yaza, yarada, oynaya bilər?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG