Oktyabrın 27-də Bakıda səhər saatlarından başlanan güclü leysan şəhərdə nəqliyyatın hərəkətini dayandırıb. Günün birinci yarısında Bakı Metropoliteninin bəzi stansiyalarında da işi dayandırmağa məcbur olublar. «Bakı Soveti», «Qara Qarayev» və başqa stansiyalarda qatarların hərəkətlərində bir müddət fasilə yaranıb. Paytaxtın kanalizasiya sisteminin bu cür hallara davam gətirmədiyi bildirilir. Şəhərin mərkəzində binaların zirzəmiləri dolub, bəzi köhnə binalarda qəza vəziyyəti yaranıb. «Həsən Əliyev» küçəsində kanalizasiyadan qaynayan su həyət evlərinə dolub və bu da əhalidə çaşqınlıq yaradıb. Yollarda piyadaların hərəkəti dayanıb, iri yollarda tıxaclar yaranıb. Bəzi binaların birinci mərtəbədəki mənzillərə də ziyan dəyib.
Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsində fasilələr yaranır. Yalnız leysan dayanandan sonra şəhər təsərrüfatının texnikası mərkəzi küçələrdə görünməyə başlayıb.
Leysandan qaçqınların məskunlaşdığı yataqxanalar və səyyar satış məntəqələri daha çox ziyan çəkib. Yasamal rayonunda Mətbuat prospekti, Şərifzadə və Zahid Xəlilov küçələri keçilməz olduğundan məktəblərdə fasilə yaranıb. Yağmurlu hava şəraitində günün birinci yarısında Bakıda marşrut avtobuslarının hərəkət qrafiki pozulub.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəis müavini Rza Xudiyevsə bildirir ki, kanalizasiya sisteminin zəif olması vəziyyəti gərginləşdirib: «Kanalizasiyanın qəbuletmə gücü aşağı olduğuna görə, su küçələri basıb».
Cənab Xudiyevin sözlərinə görə, axşama qədər küçələr və zirzəmilər sudan təmizlənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yarım saat ərzində paytaxta aylıq norma həcmində yağış yağıb, yağıntı isə daha çox şəhərin mərkəzinə düşüb. Oktyabrın 28-nə qədər yağış fasiləylə yenə yağacaq, oktyabrın 28-də isə səngiyəcək.