Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:00

A.M.A.Y sahibi sifarişlərlə binalar tikdiyini iddia edir


Abdulla Abdullayev
Abdulla Abdullayev

.

Martın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində cəmiyyətdə daha çox A.M.A.Y ticarət mərkəzsinin sahibi kimi tanınan iş adamı Abdulla Abdullayevin məhkəməsi davam edib. Həbsdə olan işadamı ifadə verib.

ƏZİYYƏTİMİ YERƏ VURDULAR...

Qazandığı pulların əksər hissəsini prezident ailəsinin sifarişlərinə sərf etdiyini iddia edən Abdulla Abdullayev məhkəmədə başqa məsələləri də açıb. İş adamı əvvəllər Gənclik metrosu yaxınlığında yerləşmiş A.M.A.Y ticarət mərkəzinin həmin ərazidən köçürülməsi prosesindən tutmuş yeni ticarət mərkəzinin dam örtüyünün “sirlərinə” qədər danışdı. Hazırda həbsdə olmasını sifarişli adlandırdı:

“Bilirəm ki, həbsim sifarişlidir, nə mənə əziyyət verməyin, nə də özünüz əziyyət çəkməyin. Hökm nədirsə, oxuyun, çıxım gedim. Onsuz da mən bu məhkəmələrdən ədalət-filan gözləmirəm. 25 il dövlətə xidmət etdim. Axırı da bu... 25 illik əziyyətimi yerə vurdular. Eybi yox, 10 il də desələr həbsdə yataram. Təki adıma xələl gəlməsin. Həbsxanalara baxın, görün bu prokurorlar, hakimlər nə qədər haqsızlıq ediblər. Nə qədər insanlara qarşı ədalətsizlik ediblər. Bunlar hamısı dövlətə qarşı təxribatdır”.

Abdulla Abdullayev həbsdə qaldığı müddətin bir sahibkardan ötrü nə demək olduğunu anlatmağa çalışdı:

“12 aydır həbsdəyəm. Mən İranda 4 aya 3 zavod tikmişdim. Deməli, həbsdə qaldığım bu 12 aya 9 zavod tikə bilərdim. Ölkənin büdcəsinə nə qədər xeyir verə bilərdim. Nə qədər işsizi işlə təmin edə bilərdim. Ancaq bu 12 ayda mənim işim-gücüm bu prokurorları, hakimləri başa salmaqla keçdi ki, öhdəlik müqavilələrinə görə adamları həbsə atmırlar. Mülki qaydada məhkəməyə verirlər. Axı biz beynəlxalq Konvensiyaya qoşulmuşuq. Sizin hərəkətləriniz isə Konvensiyaya ziddir. Bax, dövlətin büdcəsinə milyonlarla xeyir verən bir sahibkarın 12 ayı boşa gedib”.

Abdulla Abdullayev yerli məhkəmələrdən ədalətli qərar gözləmədiyini, gələcəkdə Avropa Məhkəməsinədək gedəcəyini dedi:

“Bilirəm ki, Azərbaycanda ədalətə nail olmayacam. Ancaq mən də elə elə adam deyiləm... Hamınızın qarşısında kişi sözü verirəm. Bu işi Avropaya qədər aparıb ədalətə nail olacam. Özü də lap qısa müddətdə... Bax, kişi sözü verdim. Sonuna qədər gedib ədalətə də, təzminata da nail olacam”.

KORRUPSİYA MÜBARİZƏ İDARƏSİ HAQDA...

Nə qədər ki, bu prokurorluq, onun korrupsiyayla mübarizə idarəsi var, bu cəmiyyətdə inkişaf olmayacaq...

İş adamı həbsinə görə Baş prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsini günahlandırdı. Üzünü dövlət ittihamçısına tutdu:

“Nə qədər ki, bu prokurorluq, onun korrupsiyayla mübarizə idarəsi var, bu cəmiyyətdə inkişaf olmayacaq. 7 ildir A.M.A.Y-la bağlı cinayət işi açılıb. Azı 7 min adamı çörəksiz qoymusuz. Məni ölkədən küsdürmüsünüz. Mən də gedib İranda, orda burda zavodlarımı tikib iş qurmuşam. 10 il əvvəl ağlıma da gəlməzdi ki, burda oturacam (müttəhimlər kürsüsünü göstərir). Bax, hörmətli hakim və prokuror, bunu sizə görə deyirəm, bəlkə bu gün sizin də ağlınızdan keçmir ki, 10 ildən sonra burda otura bilərsiz. Ancaq nə vaxtsa burda siz də otura bilərsiz, bunu bilin”.

Abdulla Abdullayev A.M.A.Y ticarət mərkəzinin köçürülməsi və yerində Gimnastika Mərkəzinin tikilməsindən danışdı:

“Gənclik”dəki ticarət mərkəzinin yerində Gimnastika Mərkəzinin tikiləcəyi barədə dövlət tərəfindən sifariş gəldi. Ticarət Mərkəzi 2 il ərzində köçürülməli idi. Məni çağırdılar, indi ad çəkmirəm, amma bir gün deyəcəm, bildirdilər ki, ticarət mərkəzi üçün təcili yer ayrılır, vəsait də ayrılacaq. Dedim, istəmirəm, o yeri verirəm sizə. Onsuz da həmin vaxt Çində də işləyirdim. Dedilər ki, yox, veririk. Məqam yetişdi, lakin vəsaiti ödəmədilər. Abşeronda şərab zavodumu, Novxanıda quşçuluq fabrikini, 3 nömrəli çörək zavodunu, Babəkdəki un məmulatları sexini, Kiprdə, Iranda zavodlarımı satıb “AMAY”ın yeni binasını tikməyə başladım. Mən o zavodlarımı satanda ətrafımdakılar deyirdilər ki, eləmə. Deyirdim ki, yox”.

AMAY ticarət mərkəzi
AMAY ticarət mərkəzi

Ötən il martın 12-də Abdulla Abdullayev barəsində cinayət işi başlanıb:

“Martın 12-də İrandan Azərbaycana qayıtmışam. Həmin gün də mənə cinayət işi başlanıb. Ayın 17-si Naxçıvandan Bakıya gəlmişəm. 19-u bayram başlayıb – yəni qeyri-iş günü olub. Ayın 29-u zəng vurub korrupsiyaya çağırıblar. Demişəm bildiriş yollayın, yollamayıblar. Aprelin 1-də zəng vurmuşam müstəntiqə. Dediyi vaxtda – aprelin 4-ü saat 11-də yanında olmuşam. Demişəm, nə cinayət işi? Kredit öhdəliyinin yerinə yetirilməməsi nə vaxtdan cinayət sayılıb? Bu, mülki işdir.

Müstəntiq dedi, sənin üçün mülki işdir, mənsə burda cinayət görürəm. Dedi, çağırışa gəlmədiyinə görə həbs olunursan. Halbuki, mənə bildiriş-filan gəlməmişdi. Həbs qərarı çıxanda məhkəmədə də əsaslandıra bilmədilər”.

Abdulla Abdullayev hesab edir ki, prezident ailəsinə onun adından doğru olmayan məlumatlar ötürülür:

“Sizə deyim ki, mən bu qədər işi görürdüm, bununla belə hələ onda da məni şərləyirdilər. Gedib məndən olmayan şeyləri danışırdılar. Sadəcə, o zaman indikindən fərqli olaraq azadlıqda idim və gedib özlərinə başa salırdım ki, məndən gəlib sizə söz deyəni çağırın, gəlsin, üzümə desin ki, mən nə vaxt sizin arxanızca nəsə danışmışam. Onlar da başa düşürdülər.

Ancaq indi məni tutub salıblar qəfəsə, gedib məndən nə gəldi danışırlar, guya söyüş etmişəm və sair. İmkanım yoxdur ki, gedəm deyəm şərdir, böhtandır, eşidin, inanmayın”.

Məni 10, 20 il də həbsdə saxlasanız, ölən deyiləm, haqqımı tələb edəcəm. Hətta bunu etmək imkanım olmasa da, uşaqlarım, ailəm çıxacaqlar küçələrə, haqqımı tələb edəcəklər...

İş adamı indiyədək sifarişlərə görə sərf etdiyi şəxsi vəsaitlərini geri tələb edəcəyini açıqladı:

“Məni 10, 20 il də həbsdə saxlasanız, ölən deyiləm, haqqımı tələb edəcəm. Hətta bunu etmək imkanım olmasa da, uşaqlarım, ailəm çıxacaqlar küçələrə, haqqımı tələb edəcəklər. Mən heç nəyimi bunlarda qoymayacam. O obyektlər ki vardı, satıb bunların sifarişli tikintilərinə sərf etmişdim, hamısını geri tələb edəcəm”.

Təqsirləndirilən şəxsin deməsinə görə, kreditlərin bir hissəsi A.M.A.Y. ticarət mərkəzini dam ötüyünün və havalandırma sisteminin qurulması üçün götürülüb:

“Biləsiniz ki, bunu da özbaşına etməmişəm... Deməli, bina tikilmişdi, dam örtüyü və havalandırma sistemi hazır deyildi. Çağırdılar, dedilər Heydər Əliyevin ad gününə qədər binanın açılışı olmalıdır. Dedim pulum yoxdur. Dedilər, Sahibkarlığın İnkişafı Fonduna tapşırıq veririk, sənə pul ayrılır, havalandırma sistemi vacib deyil, dam örtüyü işlərini, bir də kosmetik işləri bitirirsən. Tezliklə kredit ayrıldı, işləri davam etdirdim və bitirdim. Açılışına gəldilər, lentini kəsdilər..."

Abdulla Abdullayev bu işlərə görə kreditləri almaq üçün bir neçə firma yaratdıqlarını dedi:

“Bir adam göstərin ki, 2010-cu ilədək Azərbaycanın hansısa bankından 1 milyon manatdan çox kredit götürə bilsin. Olmayıb. Yalnız yuxarının razılığı ilə ola bilərdi. Binanın təkcə havalandırma sistemini qurmaq üçün 35 milyon manat lazım idi. Bunun 18 milyonu kredit götürülməli idi.

Dediyim kimi, bir firmaya bu qədər kredit ayrılması mümkün deyildi. Ona görə də bir neçə firma yaradılmalı və kreditlər hissə hissə həmin dirmaların adına rəsmiləşdirilməli idi. Bu mənimlə bərabər təqsirləndirilənin heç bir günahı yoxdur. O yazıqlar gördülər ki, meydanda tək qalmışam, mənə kömək etmək üçün bu işə qol qoydular.

Yenə deyirəm, biz bütün bu işləri özümüz üçün etməmişik, onların sifarişi ilə etmişik. İndi belə məlum olur ki, öz sifarişlərini yerinə yetirməklə cinayət etmişik. Mən bütün varımı-dövlətimi bunların sifarişlərinə sərf eləmişəm, indi özüm həbsxanadayam”.

Abdulla Abdullayev məhkəmə zamanı
Abdulla Abdullayev məhkəmə zamanı

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, ona cinayət işi başlanmış kreditlərin bir hissəsini hələ istintaqdan da xeyli əvvəl ödəyib, bir hissəsinin isə öhdəlik müddəti bitməyib. O, həbsinin səbəbini prezident ailəsinə barəsində düzgün məlumatlar çatdırılmaması ilə əlaqələndirir.

Fasilə elan olundu. Ancaq fasilədən sonra məhkəmə iclasının martın 6-da davam etdiriləcəyi bildirildi. Növbəti məhkəmə iclasında iş adamı ifadəsinə davam edəcək.

Bugünkü məhkəmə iclasında onun prokurorluq orqanlarının əleyhinə səsləndirdiyi ifadələrə məhkəmə zalında olan dövlət ittihamçılarından hər hansı reaksiya səslənmədi. Prosesin gedişində prokurorların və Abdulla Abdullayevin çıxışında adını hallandırdığı digər tərəflərin, yaxud onların müdafiəçilərinin də baxışlarını öyrənib əks etdirməyə çalıpşacağıq.

Abdulla Abdullayev 2014-cü ilin aprelində həbs edilib. Ona Cinayət Məcəlləsinin dələduzluq, külli miqdarda mənimsəmə, səlahiyyətindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. İş adamı həm ibtidai istintaq, həm də məhkəmədə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG