Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:54

Quranda «zorakılıq» ayələri


İraqda İŞİD döyüşçüləri
İraqda İŞİD döyüşçüləri

-

«Müsəlmanların çoxu Quranı dinc, sülhpərvər dildə təfsir edir, ancaq İŞİD daha çox qəddarlıq törətdikcə, Quranın zorakılığı da eyni dərəcədə təbliğ etməsinə dair arqumentlər çoxalır». «The Independent» qəzetində Adam Walker yazır ki, internetdə axtarış zamanı üzə çıxan bəzi ayələr bu şübhələrə əsas da yaradır. Məsələn, İslamın tənqidçiləri adətən bu ayələri misal çəkir: «Yaxınlıqdakı bütün imansızlarla savaşın», yaxud «tapdığınız bütün bütpərəstləri öldürün».

Müəllif yazır ki, Quranda aydın şəkildə iki cür ayə olduğu qeyd olunur: kontekstdən asılı olan və olmayan ayələr. Kontekstdən asılı olmayanlar birmənalıdır və hər bir situasiyaya aid edilə bilər. Kontekstdən asılı olanlar isə konkret durumlara aiddir, ayrıca oxunmamalıdır. Bu baxımdan yuxarıdakı ayələr heç də Qərbə qarşı müharibə anlamına gəlməməlidir. Quran öz xudpəsənd məqsədləri üçün ayələri seçənləri pisləyir, oxucularını hər hansı qənaətə gəlməmişdən bütün ayələri birlikdə götürməyə çağırır.

«İslamın mənalarından biri «sülh»dür və sülh bu dinin əsas məqsədidir. Aydın şəkildə buyurulur ki, inanc məsələsində məcburiyyət ola bilməz. Müharibəyə gəlincə, Quran öyrədir ki, müsəlmanlar yalnız özlərini müdafiə etmək üçün vuruşa bilərlər, «yalnız müharibə başladılan kəslərin vuruşmasına icazə verilir və Allah da onlara kömək edir».

«Müsəlmanların digər inanc sahibi olan dinc şəxslərlə birgə yaşamasına gəlincə, Quran bunu aydın şəkildə izah edir: «Allah ancaq sizinlə dininizə görə savaşan, sizi evlərinizdən çıxaranlarla birgə yaşamanızı qadağan edir». Digərləri ilə mehribanlıqla yaşamaq, onlara qarşı ədalətli davranmaq tövsiyə olunur».

Bakıda bahalaşmaya qarşı etiraz aksiyası - 28 fevral 2015
Bakıda bahalaşmaya qarşı etiraz aksiyası - 28 fevral 2015

«İndi İŞİD-in bizi ayırmasına imkan vermədən, onun törətdiyi pislikləri dərk edə bilərikmi? Quran buyurur ki, şəri layiq olduğu şəkildə geri oturdun. Məncə, bu məsələyə, dini inancımızdan asılı olmayaraq, hamımız razılaşarıq».

MANATIN DEVALVASİYASI REJİM SABİTLİYİNƏ TƏHLÜKƏDİR

Jamestown.org Hüseyn Əliyevin manatın devalvasiyasından sonra Azərbaycandakı durumdan bəhs edən məqaləsini dərc edib. Məqalə ilkin olaraq «Vestnik Kavkaza» saytında yayılıb.

Müəllif manatın ucuzlaşmasının Azərbaycanda həm müxalifət partiyaları, həm də müstəqil ekspertlər tərəfindən pisləndiyini, Lənkəran və Bakıda etiraz aksiyalarına cəhd olunduğunu qeyd edir.

«İllərlə iqtisadi artımın yüksək həddə saxlanması və milli valyutanın sabitliyi prezident İlham Əliyev hakimiyyətinə etibarı gücləndirib. Ancaq proseslər tərsinə getdiyi halda hökumətə ictimai təzyiq də artacaq. İndilik görünən odur ki, hökumət narazıları susdurmağa çalışır, ancaq belə reaksiya ölkənin iqtisadi problemlərini həll etməyəcək».

TÜRKİYƏ PREZİDENTİNİN YEDİYİNİ YOXLAYIRLAR

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın yeməyi laboratoriyada yoxlanacaq. «The New York Times» qəzetində Ceylan Yeginsu bunu vaxtilə şah və fironların özünümüdafiə taktikası ilə müqayisə edir.

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Erdoğan-ın həkimi Dr. Cevdet Erdol bu həftə açıqlayıb ki, Ankaradakı 600 milyon dollarlıq dəbdəbəli sarayda 1500 otaqdan azı birində xüsusi yemək analizi laboratoriyası yerləşdiriləcək və prezident üçün hazırlanan yeməklərdə radioaktiv materialların olub-olmaması yoxlanacaq.

«Bilirik ki, dünyada qətllər daha silahla törədilmir, gizlicə olaraq yeməyin zəhərlənməsi yoluyla həyata keçirilir», - Dr.Erdol «Hurriyet» qəzetinə müsahibəsində deyib. Gün ərzində beş ekspert 14 saat növbədə duracaq, prezidentin yeməklərində şübhəli maddələrin analizini aparacaq.

Müəllif yazır ki, həkimin açıqlaması on ildən çox hakimiyyətdə olan cənab Erdoğan-ın aşırı dəbdəbə hərisliyi kimi yozulur. «Əlbəttə, dünyanın istənilən lideri ərzaq təhlükəsizliyi addımları atır, müasir Türkiyənin banisi Mustafa Kemal Atatürk-ün də yeməklərinin dadına baxan olub. Ancaq prezidentin həkiminin belə açıqlama verməsi, detalları açıqlaması nadir hadisədir. Bəzi təhlilçilər belə tədbirlərin qeyri-sabit regionda başadüşülən olduğunu deyir».

Bir təhlilçi isə bu cür təhlükəsizlik tədbirlərinin demokratik ölkə üçün normal olmadığını bildirib. Müəllif eyni zamanda Türkiyənin səkkizinci prezidenti Turgut Özal-ın ailəsinin də onun zəhərləndiyinə inandığını qeyd edir.

XS
SM
MD
LG