Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:43

Zirədən «ayaq» götür, irəlidə Nardarandı…


Bakının Zirə qəsəbəsinə giriş, 20 oktyabr 2006
Bakının Zirə qəsəbəsinə giriş, 20 oktyabr 2006

İlin bu vaxtı Bakının Zirə kəndinin küçələrində yerli əhaliyə elə də çox rast gəlinmir. Kiminin başı istixanalarda tərəvəz becərməyə qarışır, kimi də səhər tezdən neft mədənlərində işləməyə gedir. Əvvəlki illərlə müqayisədə Zirədə istixanaların sayı azalsa da, əhalinin əsas məşğuliyyəti yenə də təsərrüfatıdır.


«Qış gələndə Zirəyə dərd gəlir»


Amma kənddə qaz qıtlığı yaranandan bir çoxlarının «çörək» yeri olan istixanaların qapısına qıfıl vurulub. Əlləri çörəkdən üzülən kənd sakinləri üz tutublar neft mədənlərində işləməyə. Amma kənddə qazın olmaması əhalinin təkcə məşğuliyyətinə təsir etməyib. Qəsəbənin ağsaqqalı Qəzənfər dayı deyir ki, qış gələndə Zirəyə dərd gəlir. Evdə oturdun, ya bayırda, heç bir fərq etmir. Soyuq adamın iliyinəcən işləyir: «Qazın nə olduğunu 20 ildir görmürəm. Qızım 56 yaşında soyuqdan öldü, halbuki nefti, qazı çıxardan mən olmuşam. 60 ilim dənizdə buruqlarda keçib».


Zirə Bakıdan uzaq qəsəbə olduğuna görə, ta qədimdən ona «Əldən ayaqdan uzaq yer» də deyərmişlər
Qış Zirənin məktəblərində dərsə davamiyyəti də zəiflədir. Qəsəbənin hər yerində olduğu kimi 241 saylı orta məktəbin də istilik sistemləri artıq bir neçə ildir ki, fəaliyyətsizdir. Məktəbin direktoru Balaağa Salmanov deyir ki, ötən il millət vəkili Mehriban Əliyevanın göstərişi ilə məktəbin istilik sistemi təmir olunsa da, yalnız bu qış mövsümündən «Azəriqaz» Səhmdar Cəmiyyəti məktəbi qazla təmin edəcəyinə söz verib.


Nisyə dəftərləri


Zirədə işsiz əhaliyə az rast gəlinsə də adamların dolanışığı çətindir. Mağazalarda bir-birinin üstünə qalaqlanmış nisyə dəftərlərinə görə belə deyirəm. Belə mağazaların satıcılarından olan Malik deyir ki, bu dəftərlərdə yazı-pozu etməyə artıq alışıb: «Güc-bəla ilə dolanırıq. Ancaq nisyəynən işləyirik. Maaşı alan kimi borclarını ödəyirlər, sonra yenə başlayırlar nisyə almağa. Kənd admalarıdı da, verməsən olmur».


Zirədə satıcı işləyən Malik deyir ki, mağazada nisyə dəftərləri üst-üstə qalanıb
Zirəlilərin böyük əksəriyyəti hər cümə namaz qılmaq, dini söhbətlər etmək üçün qəsəbədəki Cümə məscidinə yığışır. XVI əsrə aid olan bu məsciddə yay aylarında məktəblilər üçün dini dərslər də təşkil olunur. Məscidin axundu Hacı Əjdər deyir ki, hər il quran dərslərinə yazılan uşaqların sayının artması qəsəbədə dinə marağın ildən-ilə artdığını göstərir. 3 il bundan öncə isə qəsəbə sakinləri öz hesablarına Zirədə bir məscid də tikiblər, adını da qoyublar “Şəhidlər məscidi”. Amma sakinlər bu məscidin tikintisini tam başa çatdıra bilməyiblər. Buna baxmayaraq Hacı Əjdər deyir ki, əhali nə yeni saldıqları məscidin tikintisini başa çatdırmaq üçün, nə də Cümə məscidinin təmiri üçün hökumətə müraciət etməyi düşünmür.


Zərəlilərin daha bir qayğısı


Zirəlilərin bir qayğısı da var. O da qəsəbəyə işləyən avtobusdur. Zirədən Bakının mərkəzinə və əksinə yalnız bir marşrut xətti üzrə 8 mikroavtobus işləyir. Mikroavtobuslar arasındakı vaxt intervalı isə 20-25 dəqiqədir. Bu həm sərnişinlərin vaxt itkisinə, həm də marşrutlarda basabasa səbəb olur. Avtobuslardan birinin sürücüsü isə hesab edir ki, 8 avtobus az deyil ki, əksinə çoxdur. Deyir planı indi güclə veririk, avtobusların sayı artsa onda gərək ac qalaq.


Nəqliyyat Departamentinin müfəttişi Mahir Muxtarov isə deyir ki, əhalinin bu narahatlığına yaxın günlərdə son qoyulacaq. Ya həmin xətt üzrə işləyən mikroavtobusların sayı artırılacaq, ya da onlar iritutumlu avtobuslarla əvəzlənəcək.


Zirə qəsəbəsində bu vaxta qədər xəstəxana yoxdur
Zirəlilər qəsəbədə xəstəxananın olmamasından da əziyyət çəkirlər. Zirədə poliklinika tipli yalnız bir tibb məntəqəsi var. 30-35 nəfər işçisi olan bu poliklinikada müasir tibbi avadanlıqlarına demək olar ki, heç nə yoxdur. Həkimlər xəstələrə diaqnoz qoyandan sonra onları ya Pirallahı, ya da Mərdəkandakı xəstəxanalara göndərirlər. Əhali isə sovet dövründən qəsəbədə xəstəxana adı ilə özülü qoyulan, amma indiyədək yalnız daş hasarlardan ibarət tikilinin xəstəxana olacağı günü səbirsizliklə gözləyirlər.


Zirəlilərin məşhur deyimi


Zirəni gəzərkən yerli camaatdan eşitdim ki, zirəlilər arasında belə bir məşhur deyim var: «Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür». Sən demə Zirə Bakıdan uzaq qəsəbə olduğuna görə, ta qədimdən ona «Əldən ayaqdan uzaq yer» də deyərmişlər. Yol uzaq olduğundan Zirəyə yollananlara məsləhət görərmişlər ki, özləri ilə yolda yeməyə çörək götürsünlər. Zirədən çıxana isə deyərmişlər ki, ayaq götür, yəni yolda yubanma ki, mənzilinə tez çatasan. Mən isə Zirəyə gələndə çörək götürməsəm də, Zirədən çıxanda ayaq götürdüm ki, Nardarana tez yetişim.


«Nardaran bir incidir ki…»


«Nardaran bir incidir ki, Azərbaycanın tarixini, mədəniyyətini nə olursa-olsun qorumağa çalışır».


İslam Partiyasının sədri, Nardaran sakini Hacıağa Nuriyev belə deyir.



Nardaran piri, 20 oktyabr 2006
İslam dininin geniş yayıldığı Nardaranda hicabsız qadınlara indi də çox az rast gəlinir. Qəsəbənin küçələrini gəzərkən hasarların üzərində yazılmış dinə çağıran kəlamlar diqqəti çəkir. Nardaran piri kimi tanınan VII imam Muzeyi Kazımın qızı Rəhimə xanımın ziyarətgahı qarşısında isə Azərbaycanın müxtəlif bölgələrindən ziyarətə gələnlərlə rastlaşırsan.

Nardaran piri VIII əsrə aid tikilidir. Kənd sakinlərinin nəql etdiyinə görə, 1200 il bundan əvvəl Rəhimə xanım hakimlərin zülmündən qaçaraq haradan Ərəbistandan Nardarana pənah gətirib. Vəfatından sonra onun dəfn olunduğu yer insanların inanc yerinə - ziyarətgaha çevrilib. Neçə illər sonra bu ziyarətgahı qum basıb və uzun müddət qəsəbə sakinləri onun varlığından xəbərsiz olublar. Bir gecə Nardaran sakini Şeyx Yunis yuxusunda bu ziyarətgahı görüb. Yalnız bundan sonra qəsəbə sakinləri əl-ələ verib qazıntı aparıblar və yerin altından bu ziyarətgahı tapıb bərpa ediblər. Amma əvvəlkindən çox fərqlidir bugünkü Nardaran piri. 1994-cü ildən bəri burada aparılan və hələ də tamamlanmamış təmir işləri Nardaran pirini bir daş əsərinə çevirib. Pirin rəisi Hacı Ədalət deyir ki, ziyarətgah yalnız qəsəbə sakinlərinin və bura gələn zəvvarların hesabına bugünkü görkəmini alıb.


«Nardaran bir incidir ki, Azərbaycanın tarixini, mədəniyyətini nə olursa-olsun qorumağa çalışır»
Nardaran pirində yığılan nəzir pulları təkcə təmirə xərclənmir, bu pullar hesabına həm də qəsəbəyə içməli su çəkilib, xəstəxana tikilib, yollar abadlaşdırılıb.


Nardaranlıların da əsas məşğuliyyəti əkin-biçindir. Burda tərəvəz istixanaları ilə yanaşı gül, daha çox isə qərənfil istixanalarına rast gəlinir. Amma qəsəbə sakini Hacı Əhməd deyir ki, əkdiyi qərənfilləri əvvəlki kimi sata bilmir: «Əkdiyimiz məhsulu sata bilmirik. Bundan əvvəl Rusiyaya aparırdıq, indi çıxış yoxdur. Heç neçəyə məhsullarımızı satırıq».


Nardaran xalçaları


Nardaranda Azərbaycanın qədim sənətlərindən biri-xalçaçılıqla bu gün də məşğul olurlar. Burda hətta Xalça sexi də fəaliyyət göstərir. Təxminən 50-yə yaxın işçisi olan bu sexdə toxunan xalçalar dünyanın müxtəlif ölkələrində satılır. Sexin müdiri Həcər Ələkbərova deyir ki, 1956-cı ildən fəaliyyət göstərən bu sexin indi bir problemi var, o da işçilərinin sayının ildən-ilə azalmasıdır: «Bizim burda toxuduğumuz xalçalar bütün xarici ölkələrə gedib çıxıb. Burda portret xalçalar toxunub. İndi sexin fəaliyyəti bir az azalıb. Çünki indi evlərə çoxlu sifarişlər verilir. Bizim qızlar da evlərində toxumağa üstünlük verirlər, nəinki gəlib sexdə işləməyə».




Nardaranda etiraz aksiyası, İmam Hüseyn meydanı, 20 oktyabr 2006
Nardaranlıların mitinqə toplaşdığı İmam Hüseyn meydanı


Nardaranlılar nəyəsə öz etirazlarını bildirmək üçün həmişə bir məkana qəsəbədəki İmam Hüseyn meydanı adlandırdıqları mərkəzə toplaşırlar. Elə mən Nardaranda olanda da-oktyabrın 20-si sakinlər yenə də bu meydanda idilər. Tələbləri isə xüsusən İranda «Qüds günü» kimi tanınan bu günün Azərbaycanda dövlət səviyyəsində qeyd olunması idi.


Mitinqdə sakinlər qəsəbənin sosial problemlərindən də danışdılar. Daha çox qəsəbəyə qazın verilməməsindən şikayətləndilər. Nardaran sakinlərinin sosial problemlərdən narazılığı təzə deyil. 2001-ci ildə elə həmin meydanda günlərlə etiraz mitinqi də keçirmişdilər. Polislə toqquşmada isə 1 nəfər həlak olmuşdu.


2001-ci ilin toqquşmalarını hökumət qüvvələri xarici qüvvələrin Nardaran sakinlərini rəsmi hakimiyyətə qarşı qaldırması kimi qiymətləndirsə də qəsəbə sakinləri sosial problemlərin dözülməzliyinə etiraz etdiklərini deyirlər. Sakinlərin sözlərinə görə, həmin etirazdan sonra qəsəbənin işıq problemi həll olundu və yalnız mərkəzi yola asfalt salındı. Digər sosial problemlər isə həllə də həllini tapmayıb.


Bu günədək bələdiyyəsi olmayan Nardaran sakinləri qəsəbədə seçkiyə xüsusi önəm verildiyini və seçki keçirilərsə əksəriyyətinin səsvermədə iştirak edəcəyini deyirlər.


Mərkəzi Seçki Komissiyasından isə bildirdilər ki, komissiya boş qalan bələdiyyələrə seçki barədə qərar qəbul edəndə Nardaran məsələsinə yenidən baxacaq. Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin dediyinə görə, Nardaranda təkrar bələdiyyə seçkilərinin keçiriləcəyi də istisna deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG