Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

Tehran hakimiyyəti Azərbaycanlı yazıçıya həbs cəzası verib


“İran” qəzetində İran azərbaycanlılarını təhqir edən karikaturaya qarşı may ayında keçirilmiş aksiyalar zamanı tutulan Mühəndis Həsən Raşidi 1 il şərtli həbs cəzasına məhkum olunub. Belə ki, oktyabrın 21-də təşkil edilən Tehran inqilab məhkəməsinin 13-cü şöbəsinin qərarına əsasən 1 illik həbs hökmü hələlik dondurulub. Lakin müttəhimin əleyhinə irəli sürülən ittihamlar gələn 5 il ərzində onun tərəfindən təkrar edildiyi təqdirdə hökm icra ediləcək.


İyulun 2-də həbs edilib 3 aydan artıq Tehranın Evin zindanında nəzarət altına alınan Raşidiyə qarşı irəli sürülən ittihamlar olduqca genişdir. O, İran İslam Respublikası əleyhinə təbliğat aparmaq və İrana qarşı fəaliyyət edən qruplarla əməkdaşlıq etməkdə günahlandırılıb.


Mühəndis Raşidi İran hökuməti tərəfindən may aksiyalarının əsas təşkilatçılarından biri kimi tanınaraq Kərəc şəhərinin “Tərbiyət-i Müəllim” universitetinin tələbələrini hakimiyyətə qarşı təhrik etməkdə də ittiham edilmişdi.


Raşidi həmçinin, BBC radiosunun fars redaksiyasına müsahibə vermək, Təbrizdə nəşr edilən “Dilmac” qəzetində federalizm haqda məqalə yazmaq, Tehran və Kərəc universitetlərində Azərbaycan türkcəsindən dərs demək, may aksiyaları barədə Azərbaycan siyasi fəallarına cib telefonundan qısa mesajlar (SMS) göndərmək və aksiyaların təşkilatçılarına maliyyə yardımı çatdırmaqda günahlandırılmışdı.


Tehran metrosunda elektronika mühəndisi vəzifəsində işləyən Raşidi eyni zamanda “Varlıq”, “Yarpaq”, “Dilmac” və başqa Azərbaycan dilli nəşriyyatın yazıçısı kimi də tanınır. O, Azərbaycan uşaq ədəbiyyatı və musiqisi üzrə fəaliyyət göstərən “Çiçəklər Quruluşu”nun banilərindən biri olub və 6 ildən çoxdur ki, Azərbaycan türkcəsi müəllimi kimi fəaliyyət göstərir. Həsən Raşidi eyni zamanda 10 minlərlə tirajla İranın bütün Azərbaycan şəhərləri və Tehranda satışa gedən Azərbaycan qrammatikası dərsliyinin müəllifidir.



XS
SM
MD
LG