Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:38

Dilçilik İnstitutu Bakıda reklam və elanların «dilini» düzəldəcək


Qulu Məhərrəmli
Qulu Məhərrəmli

-

Gözlə

No media source currently available

0:00 0:05:18 0:00
Direct-ə keçid

Martın 1-dən Bakıda küçə reklamları və elanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə razılaşdırıldıqdan sonra yerləşdiriləcək.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli AzadlıqRadiosuna müsahibəsində göstərəcəkləri nəzarətin incəlikləri barədə danışır:

- Reklamların mətnlərində dil normalarının gözlənilməsi üçün Dilçilik İnstitutu Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə əməkdaşlıqla bağlı müqavilə imzalayıb. Yəqin ki, Bakıda küçə reklamların, elanların mətnində dil qaydalarının pozuntusunun şahidi olmusuz. Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi açılması və yayılmasına icazə verəcəyi küçə reklam və elanlarının mətnlərini bizə göndərəcək. Bizim institut da həmin mətnin dil normalarına uyğun gəlib-gəlmədiyini yoxlayıb təsdiqləyir.

- Səhv etmiriksə, artıq belə bir təcrübəniz var...

- Bəli, bir ilə yaxındır ki, təcrübəmiz formalaşıb. Dövlət Əmlak Komitəsinin küçə adları ilə məşğul olan kadastr xidməti ilə işləyirik. Həmin xidmət küçə adlarının lövhələrə yazılması üçün zavoda sifariş verir, sonra hazır lövhələr bizə gəlir, yoxlayırıq ki, səhv olub, yoxsa yox. Bir çox səhvlərə də rast gəlinir, məsələn, küçə adları kiril əlifbasında yazılıb latına çevriləndə hərfllərdə yanlışlıq olur. Məsələn, Məhsəti əvəzinə «Mehseti», Kərimzadə «Kerimzade» yazılır, biz bunu düzəldirik. Təklif edirik ki, Nəsimi küçəsi əvəzinə İmaməddin Nəsimi küçəsi, Nizami küçəsi əvəzinə Nizami Gəncəvi küçəsi yazılsın. Bəzi təkliflərimiz qəbul olunur, bəziləri yox, amma belə bir əməkdaşlıq Azərbaycan dilinin düzgün tətbiqinə kömək edir. Ümid edirik ki, küçələrimizdə reklamlarla bağlı da yanlış yazılmış mətnlərin sayı azalacaq.

- Siz küçə reklam və elanları ilə ilə bağlı monitorinq aparırsızmı?

- Ötən ilin oktyabrından başlayaraq, Bakı şəhərində küçə reklamlarından tutmuş bütün idarə və müəssisələrinin qabağında vurulmuş məlumat lövhələrinə qədər hər yerdə monitorinq aparılır. Səbayel rayonunda monitorinqimiz bitib, Nərimanovda nəticələri yekunlaşdırırıq. Bizim ilkin qənaətimizə görə, ümumiyyətlə, bir çox yerlərdə Azərbaycan dilindən istifadə edilmir, ikincisi, əvvəllər kirilcə yazılan «Дом чая» indi latın əlifbasında «Dom çaya» yazılır. Amma bu, Azərbaycan dilində yazmaq deyil. Bir çox xidmət sahələri, mağazaların, böyük ticarət mərkəzlərinin adı ingiliscədir. Məsələn, bu monitorinqin gedişatında biz bunun şahidi olduq ki, kitab satan «Dom russkiy kniqi» mağazası adını dəyişib «Rus kitab evi» edib. Rus dilində də ayrıca bir lövhədə rus dilində yazılıb. Azərbaycan dili haqqında qanunda da bu göstərilib ki, ehtiyac varsa, adın tərcüməsi xarici dillərdə yazıla bilər, amma bu lövhə azərbaycanca yazılan lövhədən böyük ola bilməz. Monitorinqdən sonra qərara gəldik ki, üzləşdiyim nöqsanları aradan qaldırmaq səlahiyyəti Bakı Şəhəri İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsindədir, ona görə də onlara əməkdaşlıqla bağlı müraciət etdik.

Bakı Şəhər İcra Hakimiyyətinin binası
Bakı Şəhər İcra Hakimiyyətinin binası

- İşin xüsusiyyəti necə olacaq?

- Reklamlara və elanlara aid ciddi bir komissiya yaradılıb. Bu komissiyada həm Bakı şəhər İcra Hakimiyyətinin, həm də Nazirlər Kabinetinin nümayəndələri təmsil olunur. Bundan əlavə, biz Dilçilik İnstitutunda qaynar xətti işə salacağıq. Əsas məqsədimiz də budur ki, dil nöqsanlarını aradan qaldırmaqda ictimaiyyət də bizə kömək etsin. Belə hallarla üzləşəndə bizə məlumat verilsin, biz də aidiyyətli qurumları məlumatlandıracağıq.

- Qulu müəllim, mövcud reklam və elanların mətninə də yenidən baxılacaqmı?

- Əgər hansısa reklam və elan mətnində yanlışlıq varsa, tövsiyyə edəcəyik ki, düzəltsinlər. Bizim işimiz isə indən sonra başlayır. Küçə reklam və elanları ciddi məsələdir. Bunun dizaynı, ölçüsü, ətraf mühitə uyğunluğu, dil aspekti – hamısı nəzərə alınmalıdır.

- Sizin xidmətiniz pullumu olacaq?

- Akademiya sistemi, ümumiyyətlə, Dilçilik İnstitutu tarixən bir çox xidmətləri pulsuz göstərib. Əslində biz istəyirik ki, bu xidmətin müqabilində müəyyən ödənişə nail olaq. Dilçilik İnstitutu Akademiyanın kasıb institutlarından biridir. Həm əməkdaşlarımız bütün günü bu işi görürlər, əmək haqqı aşağıdır. Belə bir ödəniş aparılsa, faydası dəyər. Amma bilirsiz, heç kim pul ödəməyə həvəsli deyil. Hər kəs istəyir ki, iş görülsün, ancaq xidmət haqqı ödəməsin. Məsələnin ən incə yeri də buradır ki, ödəniş məsələsinə gələndə əməkdaşlıq etmək istəmirlər. Gərək qarşı tərəf bu əməkdaşlığın faydalılığını dərk etsin. Hələlik, ilkin mərhələdə biz çalışırıq ki, bu əməkdaşlığın əhəmiyyətini anladaq. ​

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG