Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:57

«Oliqarxlar hakimiyyətə itaətsizlik edir»


Bakıda «Yaşıl bazar»
Bakıda «Yaşıl bazar»

-

«BAHALAŞMANIN PİK HƏDDİ»

«Yeni Müsavat» qəzetinin əməkdaşı gündəlik istehlak məhsullarının bahalaşıb-bahalaşmamasını araşdırıb. Bu məqsədlə paytaxtın bəzi bazar və marketlərində müşahidə aparan müəllif «dollar və avronun bahalaşması ölkədə müxtəlif sahələrdə ticarətə öldürücü zərbə vurub» – deyə yazır.

Müəllifin müşahidəsinə əsasən, dollar və avronun məzənnəsinin kəskin bahalaşması kənd təsərrüfatı məhsullarına da təsirsiz ötüşməyi:

«Hazırda bazarlardakı mövcud durumu öyrənmək üçün paytaxtın ən böyük ticarət mərkəzlərindən olan «8-ci kilometr» bazarına baş çəkdik. Bazarda demək olar ki, əksər məhsulların qiymətində bahalaşma var. Satıcılar da son üç gündə qiymət artımını təsdiqləyirlər».

Tərəvəz alveri ilə məşğul olan Sahib Kərimov deyir ki, hökumət xaricdən gətirilən məhsulların bahalaşmasına qarşı tədbirlər görməlidir: «Rusiyada böhran başlayanda onlar Azərbaycandan aparılan ərzaq məhsullarına gömrük rüsumunu ləğv etdilər ki, qiymətlər kəskin artmasın. Azərbaycan hökuməti də bu addımı ata bilər. Gömrük rüsumu ləğv edilsə və ya güzəştlər olsa, bu qədər bahalıq olmaz».

Müəllifin yazdığına görə, satıcılar son günlər heç bir dövlət qurumunun bazarlarda yoxlama aparmasına şahid olmadıqlarını bildiriblər.

«HAKİMİYYƏTƏ QARŞI OLİQARX İTAƏTSİZLİYİ»

«Azadlıq» qəzeti oliqarxların hakimiyyətə qarşı itaətsiz olmasından yazır:

«Azərbaycanda hansı sahənin kimin nəzarətində olması, hansı ticarət mərkəzinin kimə məxsusluğu sirr deyil. Yəni iri ticarət mərkəzlərindən tutmuş, topdansatış anbarlarına qədər oliqarxların nəzarətindədir. Amma görünən budur ki, oliqarxlar 1 manat da itirmək fikrində deyillər və rəsmi şəxslərin «qiymətləri qaldırmayın» tələbinə məhəl qoymurlar».

Foto: Arxiv. Spermarket
Foto: Arxiv. Spermarket

Qəzet iddia edir ki, anbarlarda məhsul olduğu halda mağazalara verilmir və məmurlar açıq şəkildə sabotajla məşğuldurlar. Bütün bunlardan prezidentin də xəbərdar olduğunu yazan müəllif əlavə edir ki:

«Ölkə başçısı mağazalara məhsul buraxılmamasını da, qiymətlərin qalxmasını da bilir. O zaman belə qənaətə gəlmək olar ki, hakimiyyətin barmaq silkələməsi özünü kompensasiya etmək cəhdidir. Elə görüntü yaratmaq istəyirlər ki, qiymət artımı fərdlərin özbaşınalığı kimi görünsün... Oliqarxlar belə düşünürlər ki, hakimiyyətin ən yuxarı pilləsində oturanlar da külli miqdarda qazanc əldə ediblər və qurban vermək məqamı yetişəndə yalnız onların itki verməsi ədalətsizlikdir».

«KOMMERSİYA BANKLARI ORTAQ MƏXRƏC TAPMALIDIR»

«Bizim yol» qəzeti dollar və avronun məzənnəsinin kəskin bahalaşmasından sonra «Dollarla kredit götürənləri hansı aqibət gözləyir» sualına bir daha aydınlıq gətirməyə çalışıb.

Qəzetə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul ümidverici məqamlara toxunub:

Dollar
Dollar

«Çox güman ki, yaxın günlərdə bununla bağlı Mərkəzi Bankın müvafiq tapşırığı olacaq ki, kommersiya bankları ona uyğun ortaq məxrəc tapacaqlar. Digər variant isə, banklar müvafiq addım atmazlarsa, bu halı fors-major kimi qiymətləndirib məhkəməyə müraciət etməkdir».

Səhm bazarı ilə bağlı durumu da gündəliyə çıxaran qəzet bununla bağlı ekspert Hafiz Babalının fikirlərini dərc edib. Ekspert bildirib ki, manatın ucuzlaşmasının qiymətli kağızlar bazarına təsiri haqda nəsə demək tezdir:

«Axı bazar ölü bazardır. Ölüyə top da atsan, təsir etmir. Amma dövlətin qiymətli kağızlarına isə 100 faiz təsir edəcək. Çünki bu bazarın iştirakçıları banklardır. Onların aşağı faizli dövlət QK-ya marağı itəcək».

«SIĞORTA ŞİRKƏTLƏRİ ÖHDƏLİKLƏRDƏN QAÇA BİLMƏZ»

ANSPress məcburi sığorta ilə bağlı vəziyyəti araşdırıb. Portal yazır ki, sığorta şirkətləri bəzi hallarda üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Avtoqəza
Avtoqəza

Bəs belə olan halda sürücü sığortaya niyə pul ödəməlidir? Avtomobillərin məcburi olaraq sığortalanması nə dərəcə düzgündür?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı deyir ki, əksər hallarda sürücü avtomobilini sığortalayarkən xırda detallara diqqət yetirmir. Ancaq buna baxmayaraq, sığorta şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirməyə borcludur.

«İcbari sığorta zamanı şirkətin imtina imkanı məhduddur. Yəni, vətəndaşın bütün hüquqları qanunla tənzimlənir və buna görə də, sığorta şirkəti özünə sərf edən müddəanı müqaviləyə əlavə edə bilməz. Sığorta şirkəti üzərinə düşən bütün öhdəliyi yerinə yetirməyə borcludur. Əks təqdirdə vətəndaş maliyyə Nazirliyinə müraciət edir və əksər halda da bu müraciətlər təmin olunur», - X.Məmmədxanlı söyləyib.

Mütəxəssis sığorta haqlarının yaxın müddətdə artırılacağını da güman edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG