Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:06

"Azərbaycanlı kişilər sanki qəşəng geyinməkdən utanırlar"


Tora Ağabəyova (soldan ikinci)
Tora Ağabəyova (soldan ikinci)

-

"Qısa ətəkləri xoşlamıram. Belə paltar geyinəndə dizlər görsənir. Dizlər bədənin ən eybəcər yeridir. Zəhləm gedir dizlərdən".

Rəssam Tora Ağabəyova qarşısında kompleks keçirdiyim qadınlardandır.

Zövqlüdü, intellektualdı, uğurludur, tamam fərqli düşüncə, yanaşma, ovqata, çox güclü yumor hissinə sahibdir.

Əsərləri əsl ekstrimdir, adam çaşıb qalır ki, belə düşünmək üçün nəyi oxumaq, nəyə baxmaq, necə yaşamaq lazımdır? Urbanistika ilə doğmalıq, paytaxtda, sivil ortamda keçən həyat öz sözünü hər addımda deyir.

Elə buna görə də, onunla sənət, rəssamlıq söhbətləri etməkdən çəkindim. Söhbətimizin mövzusu öz-özünə müəyyənləşdi. Biz onunla qara geyinən azərbaycanlılardan, zövq və zövqsüzlük tendensiyalarından, stereotiplərdən və daha başqa şeylərdən danışdıq...

- Gəlin, ondan başlayaq ki, bizdə niyə insanarın çoxu qara geyinir? Sizin qara rəngə münasibətiniz necədir?

Tora Ağabəyova
Tora Ağabəyova

- Məncə bunun səbəbi sadədir. Qara geyimlər daha ucuz başa gəlir. Rəngli geyimləri gərək seçəsən, rənglər bir-birinə uyğun gəlsin. Üstəlik də açıq rənglər tez çirklənir. Məncə, buna görə qara paltar daha rahatdır. Özümə ağ rəngli bir “dutik” almışdım, bir aydan sonra “bomj” paltarı kimi görünürdü, yumağa da həvəs olmur. Üstündə də yazılır ki, kimyəvi təmizləmə ilə yuyulmalıdır. Bu da sizə bir həngamə!

- Bir qayda olaraq, zərli, biserli, leopard naxışlarını bizdə zövqsüzlük hesab edirlər. Bu, stereotipdirmi?

- Leopard naxışlarını, “tiqrovka”nı mən çox sevirəm. Qafqazlı qadınlara xüsusi ilə yaraşır. Zərli geyimlər də “xod gedən” şeydi. Məncə bir qadın özünü zərlə, leopard naxışları ilə bəzəyib, xoşbəxt hiss edirsə, o qadın Nirvanaya çatıb. Niyə də yox?

- Bu yaxınlarda Maral Tahirqızı adlı müğənni barədə xeyli müzakirələr başladı. Tənqid olunan şeylərdən biri də, onun geyim tərzi, zövqü idi. Bu barədə fikriniz necədir?

- Maral Tahirqızı özü çox təbii qadındır, təbiətə yaxın insandır. Onu ələ salan, lağ edənlər guya zövq mücəssəməsidirlər? Heç elə görünmürlər.

Ona lağ edənlər süni adamlardır. O süni adamlar Maralın təbiiliyinin qarşısında acizdirlər. Çox acizdirlər. O Qadın xoşbəxtdir. O Qadın bizi sevindirir. O olmalıdır. O, bu günün məhsuludur.

- Hansı rəngləri uyğunlaşdırmaq həmişə effektlidir?

Tora Ağabəyova
Tora Ağabəyova

- Bir neçə stil var ki, həmişə dəbdədir, həmişə gözəl baxılır. “Motroska”, “gimnazistka” stili, steril ağ…Kişilərə çəhrayı köynək çox yaraşır. Amma adətən kişilər, xüsusilə də bizim kişilər çəhrayı rəngdə nəsə geyinməyə utanırlar. Ciddi rənglər geyinmək istəyirlər. Hərçənd, çəhrayı heç də qeyri-ciddi rəng deyil.

- Qadınların geyimlərində, aksesuarlarında sizi ən çox nə əsəbiləşdirir və ya güldürür?

- Məni belə şeylər heç vaxt əsəbiləşdirmir. Bir də görürsən, sümüyü xırda adamlar XXL kostyum ya da saroçka geyinir, bu, gülməli görünür. Yəqin belə adamlar bir az böyük görünmək istəyirlər.

- 10 santimetrlik kabluk, 10 santimetlik ətək, yekə qara eynək kimi uygunlaşdırmaya necə baxırsınız?

- Qısa ətəkləri xoşlamıram. Belə paltar geyinəndə dizlər görsənir. Dizlər bədənin ən eybəcər yeridir. Zəhləm gedir dizlərdən. Qalanları da ovqat, rahatlıq məsələsidir.

- Bu yaxınlarda bir xəbər oxudum. Bir ana bir həftə 3 yaşlı oğluna icazə verib ki, anası üçün paltarları o seçsin. Hərdən belə eksperimentlər aparsaq, necə olar?

- Məncə əla fikirdir. Qadın bir az təravətlənər. Həm də adamın kefi açılar..

- Azərbaycanlı kişilərin geyim zövqü sizə necə gəlir?

- Hamısı bir nəfər kimi geyinir. Bizdə elə bil qəşəng geyinmək ayıbdır, qəşəng geyinməkdən utanırlar kişilər. Tünd rəng adamı vizual olaraq, balacalaşdırır. Bir az açıq rənglərdən istifadə etsələr, məncə daha yaraşıqlı görünərlər.

Yenə də öz işləridir. Nə bilim? Paltardı da. O qədər ciddi yanaşmağa dəyməz…

Söhbətləşdi: Günel Mövlud

XS
SM
MD
LG