Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:59

İqtisad Universitetinin tələbələri özlərinə rektor seçir


Tələbə-rektor fevralın 25-də Universitetin elmi-şurasında elan ediləcək və bir il hakimiyyətdə qalacaq.
Tələbə-rektor fevralın 25-də Universitetin elmi-şurasında elan ediləcək və bir il hakimiyyətdə qalacaq.

-

«Dərslərarası tənəffüslər qısadır», «Dincəlmə otaqları yaradılsın», «Bufetdə qiymətlər tənzimlənsin»... Bu, hansısa aksiyanın şüarı deyil, fevralın 24-də seçki keçirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektor-tələbə namizədlərinin seçki platformasından çıxarışlardır. 15 namizədin hər biri dərslərin keyfiyyətinin artırılması ilə yanaşı, tələbələrin ürəyindən xəbər verən başqa məsələləri də vəd siyahısına artırıblar.

«Ölkədə ilk dəfədir ki, birillik müddətinə rektor-tələbə seçiləcək». Bunu AzadlıqRadiosuna müsahibəsində Tələbə-rektor Seçki Komissiyasının üzvü Ramil Cabbarov deyir.

14 MİNDƏN ÇOX TƏLƏBƏ SƏS VERİR

Universitetin bütün korpuslarında seçki məntəqələri yaradılıb. Əsl prezident, parlament seçkisində olduğu kimi, burda da seçki komissiyası, seçicilər var.

«Bu gün əyani fakültələrdə təhsil alan 14 min 400 dən çox tələbə səs verir», - Ramil Cabbarov əlavə edir.

Ali təhsil müəssisələrində tələbə həmkarlar ittifaqları, tələbə cəmiyyətləri olur. Yeni bir strukturun yaradılmasına nə ehtiyac vardı?

Ramil Cabbarov deyir ki, tələbələrin özlərini idarə edə biləcəyi sistem yaradırlar: «Həmin tələbə rektor əmək bazarının şərtlərinə cavab verən mahir, peşəkar idarəçi kimi yetişəcək. Universitet rəhbərliyi-tələbələr arasında əlaqələrin gücləndirilməsinə xidmət göstərəcək. Yəni, tələbələrdən daxil olan layihələrin, ideyaların rektorluğa çatdırılmasına tələbə-rektor yardım edəcək».

Müsahibimizin bildirdiyinə görə, elə tələbələr var ki, heç bir cəmiyyətin üzvü deyil, tələbə-rektor isə hər bir tələbəni rektorluq yanında təmsil edəcək, onun sözünü çatdıracaq.

14 min tələbə səs verməli idi.
14 min tələbə səs verməli idi.

KATİBƏSİZ TƏLƏBƏ-REKTOR

Rektorun geniş aparatı var: prorektorlar, dekanlar, katiblik... Tələbə-rektorun da aparatı olacaqmı? «Hələlik tələbə rektora otaq ayrılıb. Amma indiki mərhələdə o, tək işləyəcək. Ola bilsin ki, gələcəkdə ətrafı genişləndirilsin, köməkçiləri olsun. Biz bu layihə işə düşəndən sonra biləcəyik ki, nələrə ehtiyac var, hansı çətinliklər var. Bu məsələyə tələbə-rektor fəaliyyətinə başlayandan sonra baxılacaq», - Ramil Cabbarov deyir.

Səsvermə fevralın 24-də saat 5-də bitir. Səsvermədən sonra seçki qutuları universitetin əsas binasına gətirilir və səslər sayılır. Tələbə-rektor fevralın 25-də Universitetin elmi-şurasında elan ediləcək və bir il hakimiyyətdə qalacaq.

Tələbə-rektorluğa namizədlərin seçki platformaları da universitetin saytında yayılıb. Onlardan bəzilərinə diqqət yetirək.

«TƏQAÜDLƏR DƏQİQ VAXTINDA VERİLSİN»

Beynəlxalq münasibətlər fakültəsinin 3-cü kurs tələbəsi Vüsal Abbasov vəd verir ki, tələbələrin tədris prosesində ortaya çıxan problemləri həll edəcək, qiymətləndirmədə yeni metodların layihəsini rektorluğa verəcək, fəal və bacarıqlı tələbələri üzə çıxarıb onlara dəstək olacaq. «Təqaüdlərin dəqiq vaxtında verilməsi» də onun vədləri sırasındadır.

O, PRİNTERLƏRİN VƏ YEMƏKXANALARIN SAYINI ARTIRACAQ

Uçot-iqtisad fakültəsinin tələbəsi Qəmər Ağazadə hesab edir ki, bir çox profil fənlərin (Mühasibat, Maliyyə uçotu) tədrisi standartlara uyğun gəlmir, ona görə də yeni metodlarla gənc kadrların bu fənlərin tədrisinə nail olmaq istəyir. O, seçilərsə, tələbələrə sərbəst işlərini çap etdirmək üçün universitetdə printerlərin sayını artıracaq.

Seçkidə 15 namizəd iştirak edir.
Seçkidə 15 namizəd iştirak edir.

Qəmər xanım «sərbəst işləri ləğv edib yerinə sadəcə 1 sərbəst mövzunu çatdırmaq və onun əsasında tələbələrin işini qiymətləndirməyi» təklif edir. Tələbə-rektor olduğu təqdirdə yeməkxanaların sayını artıracaq.

«MÜLKİ MÜDAFİƏ FƏNNİ CANSIXICI KEÇİRİLİR»

Kommersiya fakültəsinin 1-ci kurs tələbəsi Nigar Astanlı mülki müdafiə fənninin cansıxıcı keçirilməsi qənaətindədir. Bildirir ki, bu fənnin «əyani qaydada, ola bilsin ki, stadionlarda, hərbi hissələrin bazalarında keçirilməsi yerinə düşərdi». O, «tənbehedici şəkillərin və yazıların divar qəzetlərindən başqa «İqtisadçı» qəzetində dərc olunmasını istəyir.

«DƏRSARASI TƏNƏFFÜS FASİLƏLƏRİNİN MÜDDƏTİ ARTIRILSIN»

Tələbə Əli Cahangirzadə konkret dərsarası tənəffüs fasilələrinin müddətinin artırılması vədini irəli sürür:

«Tələbələrin dərs yorğunluğunun tamamilə aradan qalxması istiqamətində işlər görüləcək. Dərslərin davam etdiyi müddətdə tədrisin səmərəli keçirilməsini təmin etmək məqsədilə tələbələrlə sıx şəkildə işləniləcək. Tələbə beyin mərkəzləri yaradılacaq. Tələbələr üçün tərcümə mərkəzi fəaliyyət göstərəcək.

BU NAMİZƏD TƏLƏBƏLƏRİ MUZEYƏ APARACAQ

Maliyyə fakültəsinin 3-cü kurs tələbəsi Natiq Əliyev platformasında göstərir ki, 1-ci kurs tələbələri akademik üsulda sərbəst iş yaza bilmədiyindən yuxarı kurs tələbələrinin onlara yardımını təşkil edəcək. O, tələbələrin muzeylərə, sərgilərə getməsinə yardım edəcək, bədii ədəbiyyata marağını artırmaq üçün tədbirlər görəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG