“Azadlıq” qəzeti nəşrini dayandırmaq təhlükəsi ilə üzləşib”.
Bunu AzadlıqRadiosuna qəzetin baş redaktor müavini Rahim Hacıyev deyib.
O bildirib ki, buna səbəb maliyyə problemidir və “Qasid” yayım şirkətinin qəzetə olan borcu ödəməməsi vəziyyət daha da ağırlaşıb:
“Bu şirkət “Azadlıq” qəzetinin satışından əldə olunan 69 min manatdan artıq vəsaiti mənimsəyib, onu ödəmək fikrində deyil.
Bundan başqa metro statnsiyalarında satışın qadağan edilməsi də mənfi təsir göstərir. Hər ay metrolarda 45 min nüxsə satılırdı. Səyyar satışın məhdudlaşdırılması isə hər ay 60 min nüsxənin satılmamasına səbəb oldu. Bir müddət əməkdaşlıq etdiyimiz KIV-rə Dövlət Dəstəyi Fondunun bizimlə əməkdaşlığı dayandırması da qəzetin maliyyə vəziyyəti ağırlaşdırdı. Bu, qəzet üçün hər ay 10 min manat demək idi”
Rahim Hacıyev deyir ki, bütün bunlar azmış kimi, astronomik məbləğdə məhkəmə cərimələri qəzetin fəaliyyətini ciddi şəkildə əngəlləyib və redaksiya
5 aydır maaşsız işləyir.
Rahim Hacıyev deyir ki, redaksiya qəzetin qorunub saxlanması və nəşrin davam etdirilməsiüçün oxucular və ictimaiyyətə müraciət etmək məcburiyyətində qalıb:
“Redaksiya qəzetə dəstək üçün bütün səyləri birləşdirməyə çağırır. Hesab edirik ki, oxucular abunə kampaniyasını genişləndirməklə qəzeti xilas edə bilərlər”.
“Qasid” mətbuat yayım firmasından AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədilər.
Qeyd edək ki,“Qasid” firmasının rəhbəri Mirkazım Kazımov ötən ilin sentyabrında mətbuata müsahibəsində firmanın qəzetə 70 min mant borcu olmasını təsdiqləmiş və ilin sonunadək bu borcu ödəməyə çalışacaqlarını bildirmişdi.