Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:38

Yaddan çıxmış Ojəkənar...


Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir
Ojəkəran-Pəlikəş yolu 30-dan çox kəndi birləşdirir

-

Ojəkənar Astaranın dağ kəndidir. Sakinləri «Qaynar xətt»ə kənd yollarından yazırlar. Etimad Sarıyev, İlkin QədirovSadiq Rüstəmov yazır ki, rayonla kəndi birləşdirən yolun abadlaşdırılması üçün üz tutmadıqları qurum qalmayıb:

«Yağış, qar yağanda kəndə gəliş-gediş iflic vəziyyətə düşür. Halbuki, prezident vaxtaşırı regionların infrastrukturunun yaxşılaşdırılması üçün sərəncamlar imzalayır, büdcədən milyonlar ayrılır. Yayı birtəhər yola veririk. Qışdas isə bu yol əsl cəhənnəm yoludur. Səhər kənddən çıxırıq, rayon mərkəzinə gedib çatınca gün yarı olur».

Sakinlərin dediyinə görə, yol problemi kəndlilərin iqtisadi durumuna da zərər vurur:

«Hamı bilir ki, bu kənddə yaşayanlar maldarlıqla, əkinçiliklə dolanır. Ancaq yol bərbaddır deyə, heç bir müştəri bu kəndə gəlmək istəmir».

Sakinlər kəndin mərkəzindən keçib digər dağ kəndi olan Pəlikəşə gedən yolun da təmir olunmasını istəyirlər. Ojəkəran-Pəlikəşin bərbad yolu 30-dan çox kəndi birləşdirir, ərazidə isə azı 10 min sakin yaşayır. Bu yol sonuncu dəfə 30 il əvvəl asfaltlanıb. Vaxtaşırı sakinlər özləri çınqıl alıb yollara tökürlər. Dağ kəndi olduğundan yağışlı havalarda üzüyuxarı istiqamətdə yolu avtomobillə çıxmaq mümkün olmur. Üzüaşağı istiqamətdə yola çıxan maşınlarsa sürüşərək tez-tez qəzaya uğrayır. Bu səbəbdən də elə havalarda sakinlər həmin yolu piyada gedib-gəlməli olurlar.

Bu yol təzə «Niva»nı sıradan çıxarıb.
Bu yol təzə «Niva»nı sıradan çıxarıb.

BAĞBANÇILIĞIN ÇÖKDÜYÜ KƏND

Problem təkcə yollarda deyil. Bu kənd rayon mərkəzindən 12 kilometr aralıda dağ ərazisində yerləşir. Əhalisinin dolanışığı meyvə bağlarından çıxır. Əkib satdıqları da əsasən limon və başqa subtropik meyvələrdir. Ancaq sakinlərin deməsinə görə, suvarma zay olduğundan meyvəçilik getdikcə yoxa çıxır, bağbanların bu sahəyə qoyduqları pullar heç olur. Üstəlik də, bu pullar banklardan yüksək faizlə götürülmüş kreditlərdir.

«Keçən il iki bankdan yüksək faizlə 6 min manat kredit götürdüm, yarım hektarlıq bağ sahəmdə bir neçə çeşiddə meyvəçiliyi inkişaf etdirmək istədim. Su verilmədi, suvarma zəif oldu, ağaclar da məhv oldu, bank işçiləri isə hələ də qapımızdan əl çəkmir», - bağban Etimad Sarıyev başına gələnlərdən danışır.

Kəndin daha bir problemi elektrik enerjisi ilə bağlıdır. Sovet vaxtından qalmış dirəklər və naqillər çürüdüyündən əsl təhlükə mənbəyinə çevrilib.

Astara rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda yol çəkilişi regionların iqtisadi inkişafı proqramına uyğun və növbəli şəkildə aparılır. Rayon mərkəzi ilə Ojəkənarı birləşdirən yolda bir qədər əvvəl müvəqqəti təmir işləri aparılıb. Növbəti il yol kökündən təmir-bərpa olunacaq.

XS
SM
MD
LG