Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

Gürcü məktəblisi gürcü əsgərini qınayır


Gürcüstanda orta məktəb şagirdləri
Gürcüstanda orta məktəb şagirdləri

Gürcüstan məktəblərində islahatlar dərsliklərin də dəyişdirilməsini nəzərdə tutur. Hələ ki, 1-ci, 7-ci, bir də 10-cu siniflərin şagirdlərinin təzə dərslikləri var.


Dərslik müəlliflərindən biri Nino Kiquradzenin dediyinə görə, indiki metodika şagirdə sadəcə hadisənin tarixini əzbərlətməyi yox, hansısa dövr barədə təsəvvür yaratmağı nəzərdə tutur.


Tarixin niyə öyrədildiyini başa salır: «Tarix nədir, tarixi niyə öyrənirlər, mənbələrlə necə işləmək lazımdır, tarixi bilgilər nəyin əsasında formalaşır?... Yəni əsas məqsəd tənqidi yanaşmadır ki, bu da adi, məişət təsəvvürlərindən ibarət stereotipləri dağıdır. Bu isə çox vacibdir, çünki sonra, məsələn, abxaz münaqişəsi, ya da bunun kimi siyasi suallar çıxanda, tənqidi yanaşma cavab tapır, çıxış yolunu göstərir».


Gürcüstanın ən yeni tarixi kitabı hələ ki, köhnə dərslikdir. 11-ci sinif şagirdləri 2004-cü ildə nəşr olunan dərslikləri oxuyurlar. O dərsliklərdə isə abxaz münaqişəsi haqda yarım səhifə danışılır
Gürcüstanın ən yeni tarixi kitabı hələ ki, köhnə dərslikdir. 11-ci sinif şagirdləri 2004-cü ildə nəşr olunan dərslikləri oxuyurlar. O dərsliklərdə isə abxaz münaqişəsi haqda yarım səhifə danışılır. Hərçənd televiziyalar vasitəsilə şagirdlərin bu barədə öz təsəvvürləri var. Tbilisidəki 6 saylı məktəbin şagirdlərindən soruşanda ki, abxazla gürcünün fərqi varmı, deyirlər az: «Yəqin çox fərq yoxdur, axı əvvəl bir yerdə yaşayıblar, bir ölkə olub. Sadəcə onlar da nədənsə inciyiblər, biz də, indi bir-birimizə başqa gözlə baxırıq». «Şəxsən mənə elə gəlir ki, ikisi də yaxşı xalqdır, osetinlər də, abxazlar da... Heç kim fikirləşməməlidir ki, ay filankəs osetindir, abxazdır, gürcü deyil...» «Müharibə başlamamış abxazlarla adi halda yaşayırdıq. Problem də yox idi. Amma, müharibədən sonra pis şeyləri yada salırlar. Abxazlar haqda yox, müharibə dövrü barədə... Heç kim demir ki, sən abxazsan, səni qəbul etmirəm. Belə daha düzgün olardı-sən russan, səni qəbul etmirəm. Çünki Abxaziyanı biz Rusiyaya görə itirmişik». Qəribə də olsa, bunu deyən qızın nənəsi rusdur. Əlbəttə, Neka rus nənəsini çox istəyir, Abxaziyanın itirilməsində nənəsini günahlandırmır.


Dərslik müəlliflərindən biri Nino Kiquradze hesab edir ki, hər şey-ölkələrə, olanlara münasibət dəyişəndən sonra dərslikləri siyasi yanaşmalardan mümkün qədər təmizləmək lazımdır: «Hər şey dəyişəcək. Türklərlə qan düşməni idik, indi yaxşı qonşuyuq. Gürcüstanın yarısı Türkiyəyə gedib-gəlir. Ona görə də belə-elmi nöqteyi-nəzərdən əsassız stereotipləri dərsliklərə salmaq düzgün deyil. Məsələn, deyəsən ki, filan çar mütləq dahi olub! Ya da asiyalı, ya fars hiyləgərdir, mütləq kələk gələcək!»


Tarix elmləri doktoru Gia Ançabadze həm Tbilisi, həm də Suxumi universitetində mühazirə oxuyur. Onun Abxaziyanın tarixi barədə Suxumidə çap olunan dərslikdən xəbəri yoxdur. Amma Qia Ançabadze deyir ki, Abxaziyada tarixə münasibət eynilə XIX əsrin əvvəlindəki Gürcüstanda tarixə münasibət kimidir. O vaxt cəmiyyətdə millətçilik hissləri güclü idi: «Təəssüf ki, bu hiss güclənir. Yəni biz abxazlar elə yaxşıyıq ki, bizim böyük ənənələrimiz olub, biz belə böyük, cəngavər olmuşuq.


«Gürcü və abxaz tarixçilərinin vahid tarix yazması mümkün deyil»

Əsasən bu barədə danışırlar. İndi elə dövrdür ki, milli əfsanələr danışılır, elə burda da gürcü-abxaz münaqişəsinə əsaslanırlar, deyirlər ki, bax bu müharibəni də udduq və s.» Ançabadzenin fikrincə, elə bu səbəbdən gürcü və abxaz tarixçilərinin vahid tarix yazması mümkün deyil. Alim bir dəfə belə cəhdin uğursuz olduğunu deyir: «Mən bir dəfə-2003-cü ildə Moskvada gürcü-abxaz tarixçilərinin görüşünü təşkil etdim. 6 nəfər yığıldı. Mübahisə etdilər, bir-birini qınadılar, axırda ümumi press-reliz yaydılar... Ümumi bir material hazırlamaq mümkün deyil. Amma belə bir şey etmək olar-eyni suala iki cavab, iki yanaşmadan ibarət material hazırlamaq olar. Amma onu da etmədilər. Ona görə ümumi bir fikrin olacağını mən təsəvvür edə bilmirəm».



Hətta Gürcüstandakı məktəblilər arasında elələri var ki, gürcü əsgərlərinin bir hissəsinin çox qəddar olduğunu, məhz buna görə abxazlarla müharibədən sonra Abxaziyada gürcülərə qarşı kin yarandığını deyirlər: «Hə, gürcüləri sevmirlər, «Mxedionlar» orda elə şeylər etdilər ki, abxazların çoxu gürcülərə nifrət edir. Amma danışıb, dil tapandan sonra yoluna qoymaq olar yəqin. Vasitəçilər olmadan da barışarlar.


- Öz yaşıdın abxazla görüşsən nədən danışardın?


- Siyasətdən danışmazdıq. Yaşıdım abxaz qız, üstəlik qəşəng olsa, yəqin, tamam başqa şeylərdən danışaram. Siyasətdən, əlbəttə, danışmaram.


XS
SM
MD
LG