Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

«Azərbalıq» dövlət konserninin keçmiş direktoruna 10 il həbs cəzası


Foto: Arxiv
Foto: Arxiv

-

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Azərbalıq» dövlət konserninin keçmiş direktoru, dələduzluqda ittiham olunan Ənvər Mustafayevə hökm oxunub. O, 10 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunun «Qaynar xətt»inə gələn şikayətdə Ənvər Mustafayevin dələduzluğa görə mühakimə olunduğu, lakin hökm ərəfəsində məhkəmədən qaçıb gizləndiyi bildirilirdi. Material işıqlandırılandan sonra onun həbs olunması xəbəri yayıldı. Fevralın 13-də o, məhkəməyə gətirilərək son söz deyib, məhkəmə hökmü elan olunub.

İttihama görə, Ənvər Mustafayev türkiyəli işadamı Araz Ali Zekeriya-nı Heydər Əliyev Fondu ilə əlaqələndirəcəyini, Zaqatala-Balakən rayonlarında məktəb binalarının tikintisi layihələrinin Fonddan alınaraq ona verəcəyini vəd edib. Türkiyəli işadamı bu işə görə ona 224 min manat verib. Sonradan aldadıldığını başa düşərək pulunu geri tələb edib. Ənvər Mustafayev DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb saxlanılarkən pulun 40 min manatını qaytarıb. Qalan hissəsini də qaytaracağını vəd edib idarədən buraxılsa da, pulu qaytarmayıb.

SON SÖZ DEMƏK ÜÇÜN GƏLMƏYİB

Həm ibtidai istintaq, həm də məhkəmədə işadamının pullarını qaytarmaq üçün möhlət istəyib. Verilən bütün möhlətlər başa çatsa da, yenə pulu qaytarmayıb. Yanvarın 23-də isə son söz demək üçün məhkəməyə gəlməyib və barəsində axtarış elan olunub. 1 həftə əvvəl saxlanılıb.

Məhkəmə Ənvər Mustafayevə son söz demək imkanı yaratsa da, o, deməyə sözü olmadığını bildirdi.

15 il əvvəl DİN İstintaq Şöbəsinin rəisi olmuş Nizami Qocayev həbsdə olarkən «Azərbalıq» dövlət konserninin direktoru vəzifəsində işləyən Ənvər Mustafayev həmin iş üzrə əsas zərərçəkən olub. 11 il əvvəl konsern ləğv olunub. Ənvər Mustafayev işsiz qalıb və indiyədək adı dələduzluq işləri üzrə bir neçə istintaq, məhkəmə işində keçib.

XS
SM
MD
LG