Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:56

Sevgililərə Qız Qalasının zirvəsində kürü veriləcək


Foto: Arxiv
Foto: Arxiv

-

Fevralın 3-də «Azadlıq» qəzeti yazır: «Böhran birinci tikintini vuracaq».

Qəzet dünyanın üç ən böyük reytinq agentliyindən biri olan və ABŞ-da yerləşən «Standard&Poor’s» Azərbaycanın beynəlxalq kredit reytinqini mənfi dəyərləndirdiyini bildirir: «Əgər bu agentlik bir müddət əvvəl Azərbaycanın reytinqini stabil kimi proqnozlaşdırırdısa, son qiymətləndirmədən sonra bu, «neqativ»lə əvəzlənib.

«Neft satışından əldə olunan gəlirlərin kəskin şəkildə azalması ölkənin tikinti sektoruna ciddi şəkildə mənfi təsir göstərəcək. Vəziyyəti mürəkkəbləşdirən çox mühüm amillərdən biri də hökumətin səmərəli olmayan iqtisadi siyasəti və maliyyə sahəsində çevik olmayan fəaliyyətidir», - deyə təşkilatın açıqlamasında bildirilir.

İqtisadçı Nemət Əliyevin fikrincə, Azərbaycanın neft ehtiyatları, neftdən gələn gəlirlər azaldıqca, ölkənin reytinqi də aşağı düşəcək: «Bütün bu hesabatlar işadamlarının, xarici ölkələrə kapital yatırımında maraqlı olan kəsimin diqqətini cəlb edir. Amma yaranmış situasiyada Azərbaycan hökumətinin açıq-aydın proqramı da yoxdur».

İlham Əliyevin «Rossiya 24» telekanalına müsahibəsində bəzi investisiya layihələrindən imtina edəcəklərini etiraf etməsini xatırladan N.Əliyev düşünür ki, artıq bu, tikinti sektorunda böhranın yaşanacağı ilə bağlı bir siqnal idi: «2014-cü ildə iqtisadi artım tikinti sektorunun hesabına baş verib. İndi təsəvvür edin, tikinti sektoruna yatırım azalacaqsa, o zaman ölkə üzrə iqtisadi artım baş verməyəcək. Nüfuzlu beynəlxalq təşkilatların hesabatları, proqnozları hökumət üçün ciddi siqnal olmalıdır».

Akif Əlizadə
Akif Əlizadə

YALNIZ GÜCLÜ ELMİ POTENSİALI OLAN DÖVLƏT BU ATLASI HAZIRLAYA BİLƏRDİ

«Azərbaycan» qəzeti «Milli Atlas»ın və «Cənubi Qafqaz: 1903-cü il» xəritəsinin təqdimatından yazır.

««Azərbaycan Respublikasının Milli Atlası»nın redaksiya heyətinin sədr müavini, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması ilə bağlı son vaxtlar kartoqrafik saxtakarlıqların artdığını bildirib. Qeyd edib ki, məhz bu cür saxtakarlıqların qarşısının alınmasının zəruriliyi prezident İlham Əliyev tərəfindən imzalanmış 2011-ci il 20 aprel tarixli «Cənubi Qafqaz: 1903-cü il» xəritəsinin və 2012-ci il 18 aprel tarixli «Azərbaycan Respublikasının Milli Atlası»nın nəşri haqqında sərəncamlarda öz əksini tapıb.

Milli Atlası coğrafiya və kartoqrafiyanın nailiyyətlərini özündə cəmləşdirən ən yüksək səviyyədə tamamlanmış kartoqrafik əsər kimi qiymətləndirən Akif Əlizadə milli atlasların nəşrinin bir çox dövlətlərdə xəritəçəkmə orqanları qarşısında duran prioritet məsələlərdən olduğunu vurğulayıb. Akademik Akif Əlizadə yalnız güclü elmi potensiala malik dövlətlərin bu məsuliyyətli işin öhdəsindən müstəqil şəkildə gələ bildiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb».

Qız Qalası
Qız Qalası

QIZ QALASINDA KÜRÜ ZİYAFƏTİ...

axar.az «Bir gün üçün 100 minlik istirahət»dən yazır.

«Four Seasons Hotel Baku»nun əməkdaşı sayta deyib ki, 14 fevral Sevgililər Günü ilə bağlı 100 min manatlıq istirahət paketi hazırlanıb. Onun bildirdiyinə görə, otelə çoxlu müraciətlər olsa da, rezerv edən hələ ki, yoxdur.

Otelin təklifləri sırasında sevgililəri «Limuzin» markalı maşınla yaşadığı ünvandan götürmək, gəzdirmək və Qız Qalasına aparmaq, ardınca qalanın zirvəsində şampan, kürü ziyafəti vermək daxildir... Valentin gecəsinə «Four Seasons Hotel Baku»nun «Kaspian» restoranında əsrarəngiz şam yeməyi də daxildir.

Otel 24-karatlı qızıl və süd vannasında masaj da təklif edir. Gecənin sonunda isə otelin ən lüks otaqlarından biri sevgiliniz üçün güllər və şamlarla bəzədilərək ixtiyarınıza verilir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG