Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

«Rusiya Azərbaycan nümayəndə heyətinin əməyini yerə vurdu»


Səməd Seyidov
Səməd Seyidov

-

«Azərbaycan nümayəndə heyəti, əsasən də heyətin rəhbəri Səməd Seyidov nümayiş etdirdiyi mövqe ilə Qərbdə ölkəmizlə bağlı pis təəssürat yaratmış olublar».

Ekspert Natiq Miri «Yeni Müsavat» qəzetinə AŞPA sessiyası ilə bağlı açıqlamasında belə deyib.

«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başa çatdı. Sessiya dünyanın diqqət mərkəzində olmaqla əvvəlkilərdən fərqlənirdi. Bu toplantı Rusiyanın AŞPA-da fəaliyyətinin dayandırılması məsələsinin müzakirəyə çıxarılması ilə bağlı idi.

Məsələ müzakirəyə və səsverməyə çıxarıldı. Səsvermədə AŞPA üzvü olan bir sıra ölkələrin nümayəndə heyətlərinin mövqeyi isə yeni müzakirələrə yol açdı. Belə ki, Azərbaycan nümayəndə heyətinin Rusiyaya qarşı qətnamənin əleyhinə səs verməsi, həmçinin Türkiyə nümayəndə heyətinin Rusiyanı müdafiə etməsi, Rusiyanın forpostu Ermənistanın nümayəndə heyətinin isə bitərəf qalması maraqlı mənzərə yaradıb».

Natiq Miri hesab edir ki, AŞPA-da Rusiya ilə bağlı səsvermədə Ermənistanın Rusiyanı dəstəkləməyib bitərəf qalması işğalçı ölkənin tərəddüd etməsi ilə bağlıdır:

«Son zamanlar Azərbaycan-Türkiyə-Rusiya üçbucağında yaxınlaşma baş verir. Bu yaxınlaşmanın fonunda Ermənistan narahatlıq keçirir. Ermənistan Avrasiya İttifaqına girməklə iqtisadi qazanclar əldə etmək və təhlükəsizlik sistemini birmənalı qaranta bağlamaq istəyirdi. Ancaq bunların heç biri olmadı».

Ekspertin dediyinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun AŞPA-dakı çıxışı isə çox böyük təəssüf yaratdı:

«Avropa Şurası Rusiyasız dağılar» kimi məsuliyyətsiz bir bəyanatın verilməsi az sonra Rusiyanın özünün atdığı addımla heçə endirildi - Rusiya nümayəndə heyəti sessiyanı tərk elədi və Avropa Şurasından çıxacaqlarını bəyan etdi. Bununla Səməd Seyidovu gülünc durumda qoymuş oldular. Bəlli oldu ki, Azərbaycan nümayəndə heyəti Bakıdan verilən göstəriş əsasında Roma papasından daha çox katolik olmaq istəyib. Bu mənzərə, açığı, çox acı təəssürat yaratdı».

«HÖKUMƏT HAZIRDA PANİKA YAŞAYIR»

«Azadlıq» qəzeti böhranın ciddiliyini nəzərə alan neft ixracatçılarının öz iqtisadiyyatlarını hətta neftin qiyməti ilə bağlı ən bədbin proqnoza hazırlamağa başladığı bir vaxtda Azərbaycan hakimiyyətinin fərqli bəyanatlarına diqqət çəkir. AXCP iqtisadi siyasət komissiyasının sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Nemət Əliyevlə söhbətdə iqtidarın pafoslu bəyanatlarına münasibət öyrənilib:

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

- Qiymətlərin 2 dəfədən çox düşməsi, şübhəsiz ki, ölkəmizə təsir edib. Xarici ticarət dövriyyəsiötən ilin 11 ayında 3 milyard dollar azalıb, dövlət büdcə gəlirləri üzrə öhdəliklər 1.2 milyard manat, büdcə xərclər üzrə vəzifələr 1.4 milyard manat həcmində icra oluna bilməyib, neft gəlirləri azalıb. Sənaye, kənd təsərrüfatı istehsalı düşüb, iqtisadiyyata kapital qoyuluşu aşağı enib. Bütün bunlar baş veribsə, necə demək olar ki, «bizə təsir etmir»?

- Dövlət başçısı İlham Əliyev bildirir ki, 50 milyardlıq ehtiyatımız var. Bu açıqlamalar əhalini sakitləşdirməyə hesablanıb, yoxsa həqiqətən də belə iqtisadi potensial var?

- Doğrusu, ikisi də var. Əhalini sakitləşdirmək istəkləri də var, müəyyən dövr üçün ehtiyatlar da var. Amma narahatçılıq yaradan odur ki, belə gərgin məqamda hökumətin ağlına başqa iqtisadi potensial gəlmir, dərhal diqqətivalyuta ehtiyatlarının üzərinə yönəldirlər. Bilirsinizmi nəyə görə? Ona görə ki, ölkənin əsas potensialı olan qeyri-neft istehsal sahələrini yetərincə inkişaf etdirə bilməyiblər. 22 il hakimiyyətdə olmaq azlıq edib. 2004-2014-cü illərdə kapital qoyuluşu adına 180 milyard xərclənib. O zaman sual yaranır ki, hanı o 180 milyardın izləri? Nə üçün belə çətin zamanda əlindən tutmur, köməyinə yetmir bu xalqın? Bu yaxınlarda Amerika prezident administrasiyasının rəsmisi bəyan etdi ki, neft qiymətlərinin aşağı düşməsindən həm vətəndaşlarımız, həm də ölkəmiz uduş əldə edib. Amerika hökuməti vətəndaşlarına bizdəkindən 3 dəfə ucuz benzin satır. Benzin ucuz olduğuna görə də ölkədə avtomobil istehsalı artıb. Deməli, normal ölkələr belə ağır günlər üçün tədarüklərini zamanında görə biliblər. Odur ki, bizdəki qədər panika yaşamırlar. Bizimkilər isə qış qapının ağzını kəsəndə əl-ayağa düşürlər. Amma, yenə də 50 milyardözlüyündə ehtiyatdır və bu ölkəmiz üçün müəyyən imkan deməkdir. Neftin qiymətlərində yüksəliş olmasa, bu ehtiyatlar sürətlə azalacaq.

«RUSİYANI ZƏİFLƏTMƏK ASAN MƏSƏLƏ DEYİL»

«Ermənistan dövlətinin fəaliyyətində yıxılana balta vurmaq prinsipi özünü hər zaman büruzə verib». Bunu «Səs» qəzetinə politoloq Elşən Musayev bildirib.

Politoloqun fikrincə, artıq ermənilərə bəllidir ki, Rusiyanın onlara heç bir köməyi dəyməyəcək və buna görə də, istənilən siyasi arenada Ermənistan Rusiyaya zərbə vurmağa çalışır:

Pensiyaların bütün məbləği sığorta hissəsi şəklində konvertasiya olunacaq
Pensiyaların bütün məbləği sığorta hissəsi şəklində konvertasiya olunacaq

«Ermənilər düşünür ki, Rusiya Qarabağ probleminin həllində Azərbaycanın tərəfində duracaq. AŞPA-da Rusiyanın səsvermə hüququnun əlindən alınması ilə bağlı keçirilən müzakirələrdə Azərbaycanın Rusiyaya dəstək olmasını bir növ jest kimi qəbul etmək lazımdır. Əslində bu proseslərin baş verməsi Rusiya üçün də çox yaxşı bir haldır. Məhz hadisələrin gedişindən Rusiya da özü üçün nəticələr çıxara bilər və Ermənistanın əsl niyyətini başa düşər».

«PENSİYALAR YENƏ ARTACAQ»

Ölkədə pensiya ödənişlərinin artacağı gözlənilir. Hökumət artıq bununla bağlı işlərə də başlayıb. Məlumatı ANSPress yayıb.

Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, prezidentin imzaladığı «Pensiya islahatı» konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişikliklər üzərində iş gedir.

Bu dəyişikliklərə əsasən, pensiyaların bütün məbləği sığorta hissəsi şəklində konvertasiya olunacaq. Sadə dillə desək, hər il pensiyalar ölkədə baş verən bahalaşmadan sığortalanmaq üçün inflyasiyaya uyğunlaşdırılırdı. Ancaq bu zaman indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə tətbiq olunurdu. Yəni, tətbiq edilən artım pensiyaların baza hissəsinə deyil, pensiyanın sığorta hissəsinə şamil olunurdu. Məsələn, 150 manatlıq pensiyadan 100 manatlıq baza hissəsi çıxılır və yerdə qalan 50 manata müvafiq inflyasiya həddi tətbiq olunurdu.

Amma yeni dəyişikliklərdən sonra tətbiq olunacaq indeksləşdirmə ümumi pensiya ödənişinə şamil olunacaq. Belə ki, artıq baza hissəsi də sığorta hissəsi olaraq hesab olunacaq və pensiyanın bütün məbləğinə artım müşahidə ediləcək. Bu isə artım həddini bir az da artıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG