Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

Özündə həyatı əks etdirən ikebana


Kiyotaka Kobayaşi üç saat davam edən dərs zamanı 12 ikebana hazırladı
Kiyotaka Kobayaşi üç saat davam edən dərs zamanı 12 ikebana hazırladı

… Müxtəlif güllərin, yarpaqların, hətta budaqların bir-birinə yaxınlaşması, bir-birini qucaqlaması, öpüşmələri, çox maraqlı və isti ovqat yaradır, elədirmi? Yəqin çox adam təbiətdə olan ayrı-ayrı çiçəkləri, bir budağın kiçik hissələrini, ya da bir ağac yarpağını birləşdirib, öz fantaziyasına uyğun nəsə yaratmaq, ayrı olanları bir yerdə görmək istəyir. Yaponiyada bu sənəti çox sevirlər və buna ikebana-gül düzümü sənəti deyirlər.


Bu sənətin ustalarından biri Kiyotaka Kobayaşi oktyabrın 19-da Yaponiyadan Bakıya gəlib tələbələr, incəsənəti sevənlər, bu sənətin gözəlliyinə yaxın olan bütün adamlar üçün ustad dərsi keçdi. Üç saat davam edən dərs zamanı o, 12 ikebana hazırladı.


Kiyotaka Kobayaşi deyir ki, Yaponiyada 500 ildir bu sənət öyrənilir və hər dəfə də yeni sirləri açılıb təkmilləşir. Dəyişməyən insan amilidir. Çünki: «İkebana hazırlayanda bura öz qəlbini qoyursan, güllər canlıdır, mənə elə gəlir ki, onlar insanlardır, hər gülün, hər çiçəyin qəlbi, xasiyyəti var».


Cənab Kobayaşi deyir ki, ayrı-ayrı çiçəkləri birləşdirmək istəyəndə onların xasiyyətini nəzərə almaq lazımdır. Yoxsa, necə ki, xasiyyətləri uyğun olmayan insanlar bir yerdə ola bilməzlər, çiçəklər, yarpaqlar da elədir, ayrı olsalar, birləşə bilməzlər. Tamlıq onların uyğunluqlarındadır.


Onu dinləyənlər də ikebananın insaniliyinin təsirinə düşmüşdülər: «Görürsən ki, ikebana özündə həyatı əks etdirir. İncəliyi ifadə edən bir sənət növüdür».


Kiyotaki Kobayaşi deyir ki, vaxtı az olsa da o, Bakıdakı gül mağazalarını da gəzib. Deyir burda da güllər gözəldir, ancaq, Yaponiyadakı kimi çox deyil. O, Bakıda yeni ideya da tapdı. Göy rəngli bəzək gülündən, qırmızı çöl çiçəyindən, yaşıl yarpaqlardan Azərbaycan bayrağının ikebanasını hazırladı. Yeni işini başqa ölkələrdə sərgiləyəcəyini bildirdi. Bir də dedi ki, görsə ki, Bakıda bu sənətə maraq var, öyrənmək istəyənlər onu çağırır, yenə gələcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG