Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:23

Azərbaycan peykinin xərcləri


İllustrasiya fotosu
İllustrasiya fotosu

20 yanvar və ABŞ, İlham Əliyevin Almaniya görüşləri, Azərbaycan tələbələri üçün xüsusi yaşayış massivləri tikiləcək. Azərbaycan mediasının icmalı

- Yanvarın 20-21-də Azərbaycan mediası nədən yazır. AzadliqRadiosu ölkə mətbuatında dərc olunan bəzi yazıların xülasəsini təqdim edir.

Qara yanvarda Amerika izi axtarırlar

20 yanvar faciəsində ABŞ-ın rolu. “Azadlıq” qəzeti son günlər rəsmi medianın və sosial şəbəkələrin müzakirə etdiyi bu mövzuya diqqət çəkir: “Hakimiyyət 20 Yanvar faciəsində ABŞ-ı günahkar çıxarır. Məlum həqiqət naməlum müraciətlə necə dəyişilir?” başlıqlı yazısında qəzet yazır: “Azərbaycan-ABŞ münasibətləri hər gün daha da geridönməz xarakter alır. “Dalaşanda elə dalaşın ki, barışmağa yer qalsın” deyimini hökumətimiz rədd edib və iki ölkə arasındakı bütün pərdələr cırıla-cırıla gedir. Artıq vəziyyət o həddə çatıb ki, ABŞ-ı korrupsiyada, terrorizmdə, insan hüquqlarının tapdanmasında ittiham edəndən sonra, 20 Yanvar faciəsinə də “ortaq” ediblər.

Belə ki, hökumət saytları Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRI rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxarıb. Sən demə,ÿ1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRI rəhbəri Michail Gorbachova (Mİxail Qorbaçoc) müraciət edib və bundan sonra da məlum faciə baş verib. Saytların yazdığına görə, həmin müraciəti imzalayanlar arasında ABŞ-ın indiki dövlət katibi John Kerry də olub.

Bizim belə bir müraciətin olduğu, Kerry-nin bu müraciətə imza atdığı haqda məlumatımız yoxdur. - Azadliq yazır - Amma həmin dövrdə hansısa senatorların Gorbachova müraciət göndərməsi, məsələlərə münasibət bildirməsi mümkün olan haldır.

Sadəcə olaraq Rusiyanın ssenarisi əsasında həyata keçirilən bu qanlı olayı da, anti-ABŞ kampaniyasına calaq eləmək biabırıçılıqdır. John Kerry-nin adının xüsusi qabardılması da təsadüfi deyil. Bir müddət öncə John Kerry-nin Ilham Əliyevlə telefon danışğı olmuşdu və ölkədə baş verənlərə etirazını bildirmişdi. Bundan sonra isə ABŞ-da Azərbaycanla bağlı dinləmələr oldu, “Ilham Əliyevin iki üzü” başlıqlı məqalə dərc edildi və sanksiyalar məsələsi gündəmə gəldi.


Münasibətlərin bu qədər gərginləşdiyi bir vaxtda, ABŞ-ı daha da gözdən salmaq, öz ittihamlarını arqumentləşdirmək üçün yeni “fakt”la silahlanıblar. Əslində, baş verənlər həm də əsl cinayətkarların arxa plana keçirilməsi, məlum həqiqətlərin təhrif edilməsidir. Bu yaxın tarixdir və hər kəs bilir ki, 20 Yanvar qırğını Moskvanın drijorluğu ilə baş verib.


...Belə çıxır ki, hansısa ABŞ rəsmisinin 1992-ci il tarixli müraciəti ortaya çıxsa, hökumətimiz Xocalı faciəsinə görə də ABŞ-ı günahlandıracaq. Bəlkə, onlarla vətəndaşı şərləyib həbs etdirən də, ofşorlara milyardlar daşıyan da, ölkədə korrupsiyanı çiçəkləndirən də ABŞ-dır?” - deyə qəzet sual edir.

Azərbaycanın kosmik xərcləri

“Bizim yol” qəzeti yazır: “Peykimiz ölkəyə 101 milyon dollar ziyan vuracaq”.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın ikinci kommunikasiya peyki 2016-cı ildən öz-özünü maliyyələşdirə biləcək: “Onun sözlərinə görə, "Azerspace-1" əgər 2013-cü ilin birinci yarısının nəticələrinə görə peyk operatoru tərəfindən cəlb edilən kredit vəsaitlərinin 50 faizi ödənilmişdisə, bu gün həmin göstərici 75 faizə çatıb. Peyk 2016-cı ildən öz xərcini tam çıxaracaq və gəlir gətirməyə başlayacaq".

İqtisadçı ekspert Natiq Cəfərli isə nazirin açıqlamasını şərh edərkən bildirib ki, 2-ci peyk haqqında doğru-dürüst məlumatlar yoxdur. Amma 1-ci buraxılan peyklə bağlı analiz və hesablamalar aparmaq üçün kifayət qədər məlumat var: "Ölkəmizin 1-ci peyki, bütün xərclər hesablananda 250 milyon dollara başa gəlib. İlk dəfə 2013-cü ildə orbitə buraxılıb. Həmin il 4 milyon dollar, 2014-cü ildə 10 milyon dollar gəlir gətirib və bütün gücü ilə işləsə, tezliklərin hamısı satılsa, 2015-dən sonra ildə, maksimum, 15 milyon dollar gəlir gətirməsi planlaşdırılır. Rabitə peyklərinin orbitdə çalışma zamanı 10-12 ildir, sonra həmin peyklər kosmik "zibilə" çevrilir, ya da okeanların birində batırılır. Bizim peykin ilk 2 ilində gəlir 14 milyon dollar olub, bu gündən sonra daha 10 il (yəni maksimum) işləsə, bütün tezliklər dolsa, ildə 15 milyon dollar qazanc gətirəcək".

Onun fikrincə, bu gəlirin azı 10 faizi xidmət sahələrinin ödənilməsinə xərclənir, yəni 13,5 milyon dollar illik gəlir hesablasaq, 10 ilə 135 milyon dollar vəsait əldə olunacaq. Bunun üzərinə ilk 2 ildə əldə olunan 14 milyon dolları da gəlsək, peykin "zibilə" çevrilməsinə qədər maksimum zaman çalışma ehtimalı ilə cəmi 149 milyon dollar geri dönəcək: "Beləliklə, 250 milyon yatırımın, ən ideal variantda, 149 milyon dollarını geri qaytaracağıq. Beləliklə, peykimiz 101 milyon dollar ziyan vuraraq okeanda batırılacaq. Həmin 101 milyon dollara azı 2500 tələbəni xaricdə oxutdurmaq olardı. Sözümün canı odur ki, kiçik dövlətlər üçün bu cür layihələr "imic"dən başqa bir şey deyil, kommersiya gəlirliliyi yoxdur, təhlükəsizlik nəzərindən isə bizə müasir, hərbi, kəşfiyyat peykləri vermirlər, verməyəcəklər də. Ona görə də, tək rabitə üçün peyk buraxmaqdansa, artıq peyki olan dövlətlərdən tezlikləri icarəyə götürmək daha sərfəlidir. Əgər peyk biznesi gəlirli sahə olsaydı, 800 milyard dollar ehtiyatı olan Norveç həftədə bir peyk buraxardı, amma, Norveçin öz peyki yoxdur".

İlham Əliyev Almaniyada

“AzərTAc” Azərbaycan prezidenti İlham Əliyevin Almaniyadakı görüşləri haqda məlumatlar yayıb. İlham Əliyevin bu ölkənin xarici işlər üzrə federal naziri Frank-Walter Steinmeier (Ştaynmayer) ilə görüşdüyü bildirilir:

“Frank-Valter Steinmeier Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlatdı, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıldı”.


Başqa bir xəbərdə prezident İlham Əliyevin Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Wolfgang Frederic Ischinger (Volfqanq Fredrik İşinger) ilə də görüşdüyü bildirilir.

Prezident həmçinin Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə bir araya gəlib.

“Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olundu. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, “Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulandı”. - deyə AzərTAC xəbər verir.

TƏLƏBƏ ŞƏHƏRÇİKLƏRİ YARADILIR

“Lent.az” saytı yazır ki, Azərbaycanda ali təhsil müəssisələri üçün tələbə şəhərcikləri yaradılır:

“Bununla bağlı dövlət proqramı hazırlanacaq. Bu işlər 2015-2016 illər ərzində həyata keçiriləcək. Kampuslarla bağlı Təhsil, İqtisadiyyat və Sənaye nazirliklərinə tapşırıq verilib.


Ali təhsil müəssisələri üçün kampusların yaradılması üçün maliyyə vəsaiti ayrılacaq. Şəhərciklərin 2016–2024 illər ərzində yaradılması gözlənilir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG