Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Naxçıvanda müxalifətçi fəalın məhkəməsi keçirilib


Hicran Qasımov
Hicran Qasımov

-

Yanvarın 12-də Naxçıvan Şəhər Məhkəməsində AXCP fəalı Hicran Qasımovun işi üzrə proses keçirilib. Bu haqda AzadlıqRadiosuna fəalın xanımı Səadət Qasımova məlumat verib. Onun sözlərinə görə, prosesdə zərəçəkənlər dindirilib:

«İki zərəçəkmiş çağırmışdılar. Onlardan biri guya Hicranın döydüyü şəxs idi. Dedi ki, hadisə baş verən gün digər zərəçəkənlə yolda Hicranın maşınını saxladıb, onları da Culfaya aparmalarını xahiş ediblər. Yolboyu siyasi söhbət ediblər və aralarında mübahisə yaranıb. Sonra dedi ki, Əbülfəz Elçibəylə İsa Qəmbəri söydüyündən Hicran onunla mübahisə edib. Bundan sonra Hicran avtomobili saxlayıb və onların düşməsini tələb edib. Daha sonra guya Hicran da maşından düşüb və onu vurub. Zərəçəkmiş dedi ki, zərbədən guya huşu gedib və bir də xəstəxanadaayılıb».

Səadət Qasımova deyir ki, digər zərəçəkmişin məhkəmədə dedikləri əvvəlkinin ifadələri ilə üst-üstə düşməyib:

«Sonra ikinci zərəçəkəni danışdırdılar. O da avtomobildə olanları danışdı. Ancaq dedi ki, Hicran onun dostunu vurandan sonra hadisə yerindən birbaşa şikayət etməyə gediblər. Necə olur ki, biri deyir Hicranın zərbəsindən özümdən getdim, gözümü xəstəxanada açdım, o biris də deyir ki, hadisə yerindən birbaşa şikayətə getdik? Deməli, ikisindən biri yalan danışır. Bu ziddiyəti aradan qaldırmaq üçün nə hakim, nə də vəkil zərəçəkmişlərə əlavə suallar vermədilər. Sonra Hicran danışdı və bildirdi ki, o heç kimi vurmayıb, deyilənlər böhtandır».

Xanımı bildirir ki, Hicran Qasımov ifadəsində özünə qarşı narkotik ittihamlarına da cavab verib:

«Dedi ki, narkotiki avtomobilə zərəçəkmiş kimi tanınan şəxslər atıb. Bu da hər şeyin əvvəlcədən hazırlandığını göstərir. Onlar avtomobildən düşəndən sonra Hicran şübhələnib və oturacağın altından qara bükülü tapıb. Həmin bükülünü də hamının gözü qarşısında zibil qutusuna atıb. Bu hadisədən bir az sonra polislər Hicranı yolda saxlayıb sükan arxasından düşürüblər. Avtomobili özləri idarə edib, Hicran da yanlarında Daxili İşlər Nazirliyinə sürüblər. Hicran deyir ki, nazirliyə çatandan sonra avtomobildə axtarış aparıblar və sürücünün ayaqlığının altından narkotik çıxarıblar. Hicran dedi ki, həmin narkotiki polislər yolda avtomobilə qoyublar. Bildirdi ki, bu şərdir və onun heç bir günahı yoxdur».

Səadət Qasımova deyir ki, hakim zalı tələsik tərk etdiyindən növbəti prosesin vaxtını elan etməyib.

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli oldu. Lakin AXCP fəalının nədə ittiham olunduğu haqda məlumat verilmirdi. Bir neçə gün öncə onun Cinayət Məcəlləsinin 234.1 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 128 (sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirildiyi məlum olub. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG