Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:17

Müstəqillk: tarixi proseslərin, yoxsa mübarizənin nəticəsi?


Müşahidəçilərin bir qismi müstəqilliyin əldə edilməsinə milli azadlıq hərəkatının nəticəsi kimi baxırlar
Müşahidəçilərin bir qismi müstəqilliyin əldə edilməsinə milli azadlıq hərəkatının nəticəsi kimi baxırlar
1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə bağlı baxışlar haçalanır. Bir qisim müşahidəçilər ölkədə təkrar müstəqilliyin əldə edilməsinə tarixi hadisələrin, başqa qisim isə milli azadlıq hərəkatının nəticəsi kimi baxırlar.

Ən maraqlısı isə odur ki, oktyabrın 18-nə həmin hadisələrin iştirakçılarının özlərinin verdiyi qiymət də birmənalı deyil. Müstəqillik Aktı qəbul edilən zaman Azərbaycanın prezidenti olmuş Ayaz Mütəllibov deyir ki, həmin hadisələrə tarixi proseslərin nəticəsi kimi baxır. Onun sözlərinə görə, 1991-ci ildə Sovetlər Birliyi parçalanmaq məcburiyyəti qarşısında qaldı və ona görə də Azərbaycan təkrar müstəqillik əldə etmək şansı əldə etdi. Cənab Mütəllibov hesab edir ki, Azərbaycanın müstəqillik əldə etməsini sırf xalqın mübarizəsinin nəticəsi ilə izah etmək düzgün olmazdı: «Azərbaycan Hindistan deyildi ki, bizim də Qandimiz olsun, böyük və davamlı xalq mübarizəsi aparılsın. Müstəqillik bizə tarixin verdiyi şans idi».


Ancaq o vaxtlar milli azadlıq hərəkatında iştirak edənlər isə 18 oktyabra belə yanaşma ilə razılaşmırlar. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, müstəqilliyin bərpasında o şəxslər xalqın xidmətlərini yaddan çıxarırlar ki, ya həmin proseslərdə heç iştirak etməyiblər, ya da onların özlərinin xidmətləri çox azdır: «Bizim dövlət müstəqilliyini əldə etməyimizdən cəmi iki ay əvvəl AXCP fəallarını başda Əbülfəz Elçibəy olmaqla o vaxtkı hakimiyyət döyüb, təhqir edib sıradan çıxarmaq istəyirdi. Ancaq aparılan mübarizə öz nəticəsini verdi».


Hələ Konstitusiya Aktının qəbulundan 7 ay əvvəl - martın 17-də SSRİ-nin saxlanılıb-saxlanılmaması ilə bağlı referendum keçirilmişdi. O vaxt referendumun elan edilən nəticələrinə görə, Azərbaycan xalqının çoxu SSRİ-nin saxlanılmasına səs vermişdi. Hər halda bu Mərkəzi Seçki Komissiyasının rəyi idi. Ancaq o vaxt Azərbaycan Xalq Cəbhəsinin müşahidəçiləri bəyan etdilər ki, həmin referendumda xalqın iradəsi kütləvi sürətdə saxtalaşdırılıb. Müstəqillik Aktının qəbulundan cəmi bir neçə ay sonra Xalq Cəbhəsinin təkidi ilə Azərbaycanda təkrarən referendum keçirildi və bu səsvermədə əksəriyyət müstəqilliyə səs verdi. Bu, Azərbaycan tarixində yeganə referendum oldu ki, onun nəticələrini ölkədəki bütün siyasi qüvvələr tanıdı. Əlbəttə, bu referendum keçiriləndə artıq Sovetlər Birliyi buraxılmışdı və müttəfiq respublikalar öz müstəqilliklərini elan etmişdilər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG