-
Yanvarın 9-da bir qrup gənc İslam dinin tolerant olduğunu nümayiş etdirmək üçün Bakının Füzuli meydanı yaxınlığında yerləşən kilsəsinin qarşısını qardan təmizləyiblər. Bu haqda AzadlıqRadiosuna gənclərdən Ağa Mehdiyev məlumat verib. Gəncin sözlərinə görə, kilsənin həyətini təmizləməyə isə onlara icazə verməyiblər:
«Məhəmməd peyğəmbər haqqında karikatura hazırlandığı və Fransada məscidlərə hücum olunduğu zaman biz kilsəyə getdik. İnsanların ora rahat gəlmələrini təmin etmək üçün gücümüz həddində kilsəyə gələn yolu qardan, buzdan təmizlədik. Bu gün həm də Məhəmməd peyğəmbərin doğum günüdür. Keçən il bu vaxt da kilsəyə gəlib, şirniyyat paylamışdıq. Bu il də fərqli üsul seçdik. Kilsənin həyətini təmizləmək istəsək də, icazə vermədilər. Görünür Fransada baş verənlərə görə ehtiyat etdilər. Bizim addımımız xoşməramlıdır».
Bir çox müsəlmanlar peyğəmbərin mövlud həftəsini ötən il dekabrın 24-29-u qeyd edib. Azərbaycanda şiə təriqətindən olan bəzi müsəlmanlar bu günü yanvarın 8-dən qeyd etməyə başlayıb.