-
DILQƏM
ŞEİRLƏR
səhər tezdənin yarıçılpaq yalnızlığı ilə şeir yazmaq
yorur adamı,
deyirsiz şair adamdı da, deyil.
təqvimə baxıram,
bu gün qutuda qalan son siqaretimin ad günüdür,
onu qeyd edəcəm
ah! necə də xoşbəxtəm.
gündə beş dəfə azan səsindən əlvidalar düzəldirəm özümə,
özüm özümdən gedirəm, məndə ayrılıq nə gəzər?
olsa olsa sabahın xeyir, necəsən?
ya da hara gedirsən? məni də gözlə
sanki hara gedəcəm ki.
ruh halım dinc durmur, yenə tutması tutub
həftə sonları həyat bizi unudub, sonra yenə davam edir
daha hara gedim ki?
yarı yolda qalan arzularım da məni buraxıb, geri qayıtdılar,
bezib halımdan.
nə deyirsiz, ey buludlar? yenə nə yığışmısız ora?
səsiniz guruldayır,
yağacaqsız, yağın qurtarın
bizim qanımız qaradır onsuz
ey, buludlar!
bizim qan qruplarımız yoxdur,
damarlarımızda qan buruqları yaranıb
qaranlıq istehsal edirik xarici ölkələrə.
ah! necə də bədbəxtik.
bu gün son siqaretimin ad günüdür,
yorğunam,
bir yandan da şeir yazıram.
***
içimdə səssizlikdən burulğanlar,
çölümdə yalnızlıqdan hörülmüş divarlar var
sözdə tək qalmaqdan qorxuram guya.
guya yatmaq istəmirəm səhərləri,
durub zəhərlənib, çıxmaq istəyirəm evdən.
hava soyuqdan tez qaralır məncə
soyuqdan yata bilmir insan gecələri,
yalnızlıq zad bəhanədir.
içində sənsizlikdən xışıltılar olan mahnılar var,
qulaq asdıqca unudurdum səni guya.
sonra səhərləri təkrar yada salıb,
gecələri daha dərin, daha ölümcül unudurdum səni..
sonra hava yenə tez qaralır,
yenə gecikirdi insanların yuxuları
və soyuqda yazılırdı bütün ayrılıq məktubları.
***
sən həyatımda gördüyüm ən uzaq adamsan,
çox uzaqdasan,
əllərimi uzatsam tutarsanmı?
əmin deyiləm..
unutsan da gözüyumulu unudarsan,
ya da sonra unudarsan,
hazır deyiləm hələ..
mən həyatında gördüyün ən yaxın insanam sənə
inansan da, inanmasan da
yenə hansı şeirdə qalmısan,
yadımda deyilsən..
yəqin o yarımçıq şeirdəsən,
sonu sənlə bitən gərəksiz bir cümlə..
ki, gərək biz unudaq olanları
elə bu cümə axşamı,
saat on birə qalıb, hava da bərk şaxtalı
unudaq olanları yanaqların qızarmamış,
unudaq bu cümə axşamı, saat çox gec olmamış
sən həyatımda heç olmamış kimisən sanki..