Məşhur replikalar, zərbi-məsələ dönmüş ifadələr, yenə də 50 yaşında kişinin gənc qıza evlənmək istəyi, gənc sevgililərin həyəcanı, bütün bunlara biganə qala bilməyən atanın nigarançılığı və hamıya bəlli sonluq… Rejissor aktyorlarla yanaşı səhnədədir. Mizanlara düzəliş verir, səssizcə kəm-kəsirləri düzəldir. Məsləhətçi Azər Paşa Nemətov isə tövsiyələrini yarı əsəbi, yarı şirin dillə çatdırır.
Amma deyəsən qızın iki adaxlısı var. Tamaşa eyni zamanda həm də Musiqili Komediya Teatrında da oynanılır. Düzdü, baş rolun ifaçısı Hacıbaba Bağırovun ölümündən sonra onun bir də nə zaman oynanacağı məlum olmasa da, tamaşa hələlik repertuardan çıxarılmayıb. Bəs Opera və Balet Teatrının yeni quruluşunda tamaşaçını cəlb edəcək, təəccübləndirəcək nə olacaq? Azər Paşa Nemətov: «Bu yeni quruluşdur. Fərqli olan rejissorlardır. Bir də Opera və Balet Teatrının öz xüsusiyyətləri var, Musiqili Komediya Teatrının isə ayrı. Səhnə tərtibatı da fərqlidir».

«Mən sübut edəcəyəm ki, 50 yaş qocalıq yaşı deyil. Amma Məşədi İbadın öz xarakteri var, həyata, sevgiyə, evlənməyə öz baxışı var. Bunları dəyişmək olmaz. Məşədi İbad sevgiliyə mal kimi baxır».
Yeri gəlmişkən, rejissor da, məsləhətçi də bu fikirdədirlər ki, Azər Zeynalov maraqlı Məşədi İbad obrazı yaradıb. Antrakt başa çatır. Səhnədə Gülnazla Sərvər oxuyur. Adaxlıbazlığa gələn Məşədi İbad artıq hasara dırmaşmalıdır. Amma Məşədi İbad, bağışlayın, Azər Zeynalov fürsət tapıb deyir ki: «Həyatda belə tiplərlə çox rastlaşmışam. İnanın ki, Məşədi İbad da, Həsənqulu da, Rzaqulu bəy də var... Ona görə əsər aktualdır. Allah Üzeyir bəyə rəhmət eləsin».
Tamaşanı araya-ərsəyə gətirənlərsə onun uzun illər teatrın repertuarında qalacağına əmindirlər.
«Deyirlər ki, toy olacaq.
Bəs nə vədə, nə vədə toy olacaq?»
Mənsə onu deyim ki, bir həftə sonra premyeradır. Oktyabrın 27-də. Necə deyərlər, yüz eşitməkdənsə bir görmək yaxşıdır.
«Bu toy, bu toy, bu toyda…»