Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 22:37

ATƏT sərbəst toplaşma azadlığına dair yeni qaydalar hazırlayır


ATƏT-in Demokratik Təsisatlar Bürosunun sözçüsü Urdur Gunnarsdottir
ATƏT-in Demokratik Təsisatlar Bürosunun sözçüsü Urdur Gunnarsdottir

ATƏT Azərbaycanın «Sərbəst toplaşma azadlığı haqqında» qanununa dair rəyini bu həftə bildirəcək. Rəy açıqlanandan sonra ATƏT Avropa Şurasının Venesiya Komissiyası ilə birlikdə Azərbaycan hökumətinə bu qanunla bağlı məsləhətlərini verəcək. Bunu «Azadlıq» radiosuna ATƏT-in Demokratik Təsisatlar Bürosunun sözçüsü Urdur Gunnarsdottir deyib: «Azərbaycan hökuməti bizdən xahiş etmişdi ki, «Sərbəst toplaşma azadlığı haqqında» qanuna öz rəyimizi verək. Bu rəyi həftənin sonuna qədər açıqlayacağıq».


Oktyabrın 16-da isə ATƏT Varşavada sərbəst toplaşma azadlığının təminatıyla bağlı qanunvericiliyə dair ümumi qaydaları dəyirmi masaya çıxarıb. ATƏT-in Demokratik Təsisatlar Bürosunun direktoru Kristian Ştrohal deyib ki, gələn ilin əvvəlində hazır olacaq bu təlimat sərbəst toplaşma məsələləri ilə məşğul olan qanunvericilər üçün praktik kitabça rolunu oynayacaq.


Qurumun sözçüsü Urdur Gunnarsdottir əlavə edir ki, məqsəd həmçinin sərbəst toplaşma sahəsində yaxşı təcrübələri ümumiləşdirmək, təlimat şəklinə salmaqdır: «Biz bu qaydaları hazırlayıb yayacağıq. Ancaq, heç kəsi onlardan istifadə etməyə məcbur edə bilmərik. Biz hökumətlərə tövsiyə edəcəyik ki, sərbəst toplaşma qanunvericiliyini hazırlayanda bu qaydaları nəzərə alsınlar».


Sərbəst toplaşma qaydalarının müzakirəsi bundan əvvəl üç ölkədə keçirilib - Gürcüstanda, Serbiyada və Qazaxıstanda. Hələlik bu qaydaların detalları açıqlanmır. Yalnız, bildirilir ki, etiraz hüququna qoyula biləcək məhdudiyyətlərin çevrəsi, habelə qanunsuz və qəfil toplantıların idarə olunması, terrorçuluqla mübarizə kontekstində sərbəst toplaşma azadlığı və bu hüququn müdafiəsində insan haqları fəallarının rolu götür-qoy edilir.


XS
SM
MD
LG