-
Pakistan Peşavər şəhərindəki məktəbdə 133 şagirdin Taliban tərəfindən qətliam edilməsinin ardınca ölüm hökmlərinin icrasına qoyulmuş moratoriumu qaldırıb və adının çəkilməsini istəməyən vəzifəli rəsminin AFP agentliyinə verdiyi məlumata görə, 500-dək talibançının edamına hazırlıq görür.
Ötən həftə məktəbdə törədilmiş qətliam beynəlxalq hiddətə və ölkə daxilində Talibana daha sərt cavab verilməsi tələblərinin artmasına səbəb olub.
Qətliamın ertəsi gün baş nazir Nawaz Sharif terror ittihamları ilə əlaqədar çıxarılmış ölüm hökmlərinin icrası üzərindən moratoriumu qaldırdığını elan edib.
Dar ağacları qayıdır
Pakistan hökumətinin adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, qarşıdan gələn həftələrdə ölüm hökmlərindən appelyasiya şikayətləri rədd edilmiş 500 məhbusun edamına hazırlıq görülür.
Ötən həftə Pakistan artıq 6 “terrorçu”nun asılaraq edam edildiyini xəbər verib.
Bu 2008-ci ildən bəri ölkədə icra edilən ilk ölüm hökmləridir.
Rəsmi bildirib ki, “qəddar qatillər” 148 nəfəri qətliam etdiklərini etiraf ediblər və “bu onları son nəticədə dar ağacına gətirəcək”.
BBC-nin verdiyi xəbərə görə prezident Mamnoon Hussain artıq 50 məhbusun aman ərizəsini rədd edib və onların istənilən vaxt edam ediləcəkləri gözlənilir.
“Pakistanın 11 sentyabrı”
Bu arada baş nazir Nawaz Sharif bildirib ki, hökumət terrorçuları və onlara dəstək verənləri fərq qoymadan məhv etmək qərarını verib.
“Terror və təriqətçilik bu ölkənin xərçəngidir və onu kökündən çıxarıb atmağın zamanı yetişib” – deyib baş nazir.
Ölkənin xarici işlər naziri Sartaj Aziz məktəb qətliamını “Pakistanın 11 sentyabrı” adlandırıb.
Taliban edam olunmuş üzvlərinin qisasını alacağını bildirib.
Pəncab ştatının daxili işlər naziri Shuja Khanzada AFP müxbirinə bildirib ki, edamlar xalqın ruh yüksəkliyini artıracaq.
8 min ölüm məhbusu
Bununla belə, Amnesty İnternational təşkilatı da daxil olmaqla, insan haqları qrupları kütləvi edamlardan narahatlıq ifadə edirlər.
Onlar bildirirlər ki, Pakistanda bir çox hallarda etirafların işgəncə vasitəsilə alındığı barədə iddilar var.
Pakistan həbsxanalarında barələrində ölüm hökmü çıxarılmış 8 min məhbus var.
Qisas qisas gətirir
Amnesty International təşkilatının Asiya və Sakit Okean Hövzəsi üzrə direktoru David Griffiths deyib ki, o Pakistan hökumətinin “qorxu və qəzəb” qarşısında zəiflik göstərməsindən təəssüf duyur.
O deyib kİ, Peşavərdə törədilmiş məktəb qətliamı nə qədər dəhşətli olsa da, hökumətin daha çox adamı edamlarla öldürməsi terror və cinayətə cavab sayıla bilməz.
Taliban məktəbə basqını onlara qarşı hərbi əməliyyatların qisası kimi həyata keçirdiyini bildirib.