-
Demokratiya Uğrunda Ümumdünya Hərəkatının rəhbər komitəsi Azərbaycan hakimiyyətini həbsdə olan hüquq müdafiəçilərini dərhal azad etməyə çağırıb. Komitə ölkədə vətəndaş cəmiyyətinin durumunun pisləşməsinin davam etməsindən də narahatlıq bildirir:
«Biz Azərbaycan hakimiyyətini təcili olaraq Leyla Yunus, Arif Yunus və İntiqam Əliyevi azad etməyə çağırırıq. L.Yunusun səhhəti pisləşib, onun həyatı təhlükədədir. Həmçinin onun həyat yoldaşı A.Yunusun və İ.Əliyevin vəziyyəti pisləşib».
Bəyanatda Xədicə İsmayıl, Rəsul Cəfərov, İlqar Məmmədov və başqalarının həbsi də xatırladılır:
«Biz dəfələrlə beynəlxalq birliyin diqqətini Azərbaycanın avtoritarizmə doğru irəliləməsinə yönəltmişik... Azərbaycan hökumətini Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq».