Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:50

Rusiya oliqarxları batan rubldan Britaniyaya qaçırlar


Onlar bu məqsədlə baha, lakin tez başa gələn “investor vizaları” alırlar.

-

Britaniya mətbuatı xəbər verir ki, son həftələrdə Birləşmiş Krallığa gəlmək üçün xüsisi sürətli vizalar alan Rusiya vətəndaşlarının sayi kəskin artıb.

Rəsmi sənədlərdə “investisya vizası” adlanan bu vizalar xeyli baha başa gəlsə də, qısa zamanda və maneəsiz verilir.

Bu vizanı almaq istəyənlər, Britaniyaya “dərhal” iki milyon funt sterlinq investisiya yatırmalıdırlar.

Mətbuat xəbər verir ki, məhz belə vizaları alan rusların sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il 69 faiz artıb.

“The Financial Times” qəzeti yazır ki, bu ilin yanvar və sentyabr ayları arasında ruslara 169 belə viza verilib. Bu vizalarin əksər hissəsi Qərb Rusiyaya sanksiyalar qoyandan bəri verilib.

Britaniya Daxili İşlər Nazirliyi ötən il 96 “investisya vizası” verildiyini bildirib.

1 viza, 24 saat, 5 milyon funt sterlinq

Britaniyada yenicə tətbiq olunmağa başlayan qaydalara görə, vizası olan şəxslər üç ildən sonra daimi oturaqlıq üçün müraciət edə bilərlər, bir şərtlə ki, Birləşmiş Krallığa 5 milyon funt sterlinq investisiya yatırsınlar. Oturaqlığı daha tez, iki ildən sonra da almaq mümkündür, lakin bu halda investisyanın dəyəri 10 milyon funt sterlinqdən artıq olmalıdır.

Bütün qalan hallarda, vizası olan şəxslər daimi oturaqlıq almaq üçün 5 il gözləməlidirlər.

Bundan sonra isə vətəndaşlıq almaq istəyənlərin bir il də gözləməsi tələb olunur.

Maraqlıdır ki, “investisiya vizaları” 30 gün ərzində verilir, lakin sözü gedən şəxs başqa viza ilə artıq Britaniyadadırsa, məsələ 24 saatın içində həll olunur.

Abramovich və Usmanov 48 saatda 400 milyon funt itiriblər

Londondakı “Mishcon De Reya” firmasının hüquqşünası Kamal Rahman deyir ki, Rusiyadan viza ricalarının sayı bundan sonra da artacaq.

“Bizim müştərilərimizin istədiyi vətandaşlıqdır, - deyir Rahman.

Rusiya superzənginlərinin Britaniyada mülkiyyət almaları da intensivləşib. Londondakı son dərəcə bahalı malikanələrin ruslar tərəfindən alınması son 6 ayda 13 faiz artıb.

Mətbuat yazır ki, rublun çökməsi artıq indinin özündə Britaniyadakı Rusiya oliqarxlarına böyük maliyyə zərbəsi vurur. “Chelsea” klubunun sahibi Roman Abramovich və “Arsenal” klubunun şəriki, özbək sahibkar Alisher Usmanov 48 saat ərzində 400 milyon funt sterlinq itiriblər.

Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin enməsi, Qərbin sanksiyaları və rublun çökməsi Rusiya iqtisadiyyatını fəlakətli həddə gətirib.

Yevtushenkov-u tutdular və buraxdılar

Lakin “The Financial Times” yazır ki, oliqarxların Rusiyadan baş götürüb qaçmasına bunlardan daha güclü səbəb olub.

Qəzetin yazdığına görə, Rusiya oliqarxları ötən sentyabrda ölkənin ən zəngin insanlarından Vladimir Yevtushenkov həbs ediləndə “qəflət yuxusundan oyanıblar”.

Yevtushenkov-un “Sistema” qrupunun mülkiyyəti olan “Başneft” holdinqin əlindən alınaraq dövlətə verilib.

İndi görünür, Kremldə də bu hadisənin başqa oliqarxları hürkütdüyünü başa düşüblər. Yevtushenkov ötən həftə nəinki azad edilib, hətta elə həmin gün prezident Putinin oliqarxlar üçün verdiyi ziyafətə dəvət olunub.

Onun bu qonaqlığa qədəm qoyması “Sistema” qrupu səhmlərinin bir gün ərzində 300 faiz bahalaşmasına səbəb olub.

Keçəl suya getməz

Buna baxmayaraq, “keçəl suya getməz” fəlsəfəsinə sahib olan oliqarxlar rublun çökməkdə olduğu yerdən baş götürüb qaçırlar. İndi eyni sözləri Çin oliqarxları haqqında da demək olar.

Bütün bunları müşahidə edən Britaniya hökuməti də özünün “viza biznesini təkmilləşdirir” .

Ötən ay qəbul edilmiş qaydalara görə, oturaqlıq vizasının dəyəri 1 milyon funt sterlinqdən 2 milyon funt sterlinqə qaldırılıb.

Qaydalara başqa dəyişiklik də edilib. Köhnə qaydalara görə oliqarxlar Britaniyaya yatırdıqları investisiyanın 25 faizini mülkiyyət sektorunda xərcləyə bilərdilər. Yeni qaydalarda buna icazə verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG