Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Vaqif Sultanlı. Mağara


Vaqif Sultanlı
Vaqif Sultanlı

-

Vaqif Sultanlı

MAĞARA

Hekayə

Onlar iki nəfər idilər; biri cod sarışın saçlı, o biri isə çal saqqallı uca­boylu adamdı, əllərində bel-külüng daş mağarada qazıntı apa­rır­dılar. Neçə gündən bəriydi ki, qeyri-adi tapıntılar bu iki əcnəbi alimi büs­bütün ov­sun­lamışdı; özgə heç nəyin fərqində deyildilər. Söylədiklərinə görə, on­ların mağa­radan tap­dıqları əşyalarla tarixin yaşını ən azı min il qədim­lərə çək­mək ola­caqdı. Miladdan bir neçə yüz il öncə bu ərazidə qədim mə­də­niy­yətin izlərinin olması ilə bağlı inandırıcı dəlillər tapılmışdı. Ancaq onlar istədiklərini əldə et­sələr də, yo­rulub usanmadan qazıntı işlərini davam etdirirdilər.

– Bir baxın, bu qalıqlar çox qədim bir sivilizasiyadan xəbər verir,- bunu əlindəki sümük parçasının torpağını təmiz­ləyib ehtiyatla ağ kətanın üzə­rinə qoyan sarışın saçlı dedi.

Çal saqqallı yoldaşına sarı dönmədən:

– Bunları üzə çıxara bilsək, bütün dünya arxeologiyasını heyrətdə qo­ya­cağıq, - deyə cavab verdi.

...Bir qədər aralıda mağaranı xatırladan qazma daxmada qaçqın ailəsi yaşayırdı. Ailə ər, arvad, bir də on bir yaşlarında oğlan uşağından ibarətdi. Uşaq ailənin kiçiyiydi, böyüyü erməni əsirliyindəydi.

Ailənin başçısı bu qazmanı iki il əvvəl mənzilə çevir­mişdi. Əvvəlcə bu yerdən bir qədər aşağıda yerləşən qaçqınlar üçün salınmış çadır şəhərciyində yaşayır­dılar. Onların çadır evciyi olduqca darısqaldı və darısqallıq bir yana, qışda so­yuq­dan, yayda bürküdən içəridə durmaq olmurdu. Yağış yağanda isə çadırı su basır, torpağın rütubəti həftələrlə çəkilib getmirdi. Qazmanın şəraiti isə ça­dırla müqayisədə xeyli əlverişli idi. Ai­lənin başçısı bu qazmadan öncə indi əc­nəbi ar­xeoloqların işlə­diyi mağaraya düşmək istəyirdi. Ancaq mağaranın ge­nişliyi, də­rinliyi, sür-sümüklə dolu olması onu fikrindən daşındırmış, ey­nən hə­min mağaraya bənzəyən bu qazmada məskunlaşmağı qə­rara almışdı. Düz bir həftə çalışıb-çabalayaraq uzaqdan təpəciyi xatırladan bu mağaranı yaşayış üçün yararlı hala salmışdılar.

Qazmanın bir qapısı, bir pəncərəsi vardı. Pəncərəni sella­fonla ört­müş­dülər, qapını isə köhnə, cırıq brezent parçası əvəz eləyirdi.

Qaçqınlığın ilk dövründə gündə bir yer dəyişdiklərindən uşaq mək­təbə gedə bilməmişdi. Sonra çarəsizlikdən çadır şəhər­ciyinə üz tutmuşdular. Yaxın­lıqda mək­təb olmadığı üçün o, dər­sə çadır şə­hərciyi ilə qonşuluqda yerləşən kəndə get­məli olurdu. Əvvəlcə uşaq məktəbə getmək istəmir, yaşıdları ondan üç sinif yuxarıda oxuduğu üçün utanıb sı­xılırdı. Bir yandan da yolun uzaqlığı onu yorurdu. Bir neçə gün davamlı dərsə getmə­yəndə sinif rəhbəri dalınca gəlirdi. Bəlkə də dərs oxumaq istəyindən deyil, mü­əlliminin bu uzaq yolu da­lınca gəl­məsinə narahat ol­duğundan dərsdən qalmaq is­təmirdi.

Ötən ildənsə cadır şəhərciyində köhnə yük vaqonunda mək­təb açıl­mış­dı, daha oxumaq üçün bu qədər yolu gedib-gəl­məyə ehtiyac yox idi.

Bu iki əcnəbi alimin yaxınlıqdakı daş mağarada qazıntı aparması uşa­ğın marağına səbəb olmuşdu. Onların mağaranın girəcəyində qurduqları mavi rəngli çadır, çadırdan gələn cürbə­cür musiqi səsləri, uzun antennalı, qara şüşəli «Cip» markalı avtomobil, ətrafa səpələnmiş boş konserv qutuları, gecələr ça­dırı işıqlandırmaq üçün gurultuyla işləyən elektrik qurğusu – hər şey, hər şey onu cəlb edirdi.

Ən çox xoşlandığı isə əcnəbi arxeoloqların gurultuyla iş­ləyən elektrik qurğusundan onların torpaq qazmasına işıq çə­kil­məsiydi.

Bura gəldikləri ilk günün axşamı o iki arxeoloqu qonaq ça­ğır­mışdılar. Atası qonaqpərvərdi, qaçqınlıq illərindən qabaq axşamları bircə dəfə olsun belə qonaqsız-qarasız keçməzdi, ana­sı isə arxeoloqları qərib adam gö­zün­də görür, hansısa köməyə ehti­yacı olub-olmadığını düşünürdü.

Qonaqlar gəlmiş, ancaq içəri qaranlıq olduğu üçün tezcə də qayıdıb bir top məftil gətirərək gu­rultuyla işləyən elektrik qurğusundan daxmaya işıq çək­mişdilər. O iki qonaq anasının saca saldığı isti yuxa ilə toyuq qızartmasını yeyə-yeyə heyrətli ba­xışlarla qazmanı süzür, onların həyatı, yaşayışı ilə bağlı hər şeylə ma­raq­la­nır, cürbəcür suallar verirdi. Qonaqlar axşamdan xeyli ke­çənə qədər oturmuşdular.

Gündüzlər elektrik qurğusunu söndürür, yalnız axşamlar işə salırdılar, ona görə də işıq yalnız axşamlar olurdu. Nə qədər ki, bu iki əcnəbi mağarada işlə­yirdi, işıq sarıdan korluqları olmayacaqdı.

Mağarada qazıntı başlanandan əvvəllər hər şeyə qarşı biganə olan uşağın gördüklərinə mü­nasibəti dəyişmişdi, indi o, atasını sorğu-suala tut­maq­dan yo­rul­murdu:

– Ata, onlar kimdirlər, nə axtarırlar orda?

– Arxeoloqdular. Qazıntı aparırlar, keçmişin izlərini axtarırlar.

Səhəri gün başqa suallar doğurdu:

– O gün uşaqlar danışırdılar ki, onlar qızıl izinə düşüblər.

– Ola bilər...

– Bəs biz nə üçün evimizdə qazıntı aparmırıq?

– Evdə qazıntı aparmazlar, quzu. Qazıntını mağarada apararlar.

– Axı, anam deyir ki, bura mağaradı...

– O zarafatla belə deyir, – kişi ürəyində arvadını qınadı.

Bir axşam isə uşaq qətiyyətlə:

– Ata, böyüyəndə mən də arxeoloq olacağam, – dedi.– Sonra da qürurla:– Qədim tariximizi öyrənəcəyəm, – əlavə etdi.

– ...

Kişi cavab vermədiyindən uşağa elə gəldi ki, atası onun son sözlərini eşitmədi.

Uşaq səhər yatağından həvəslə qalxıb hər günkü kimi bir fincan südlə çörəyini yeyərək mağa­ra­dan baxanda sac kimi dəyirmi görünən qaçqın düşər­gəsindəki məktəbə yollandı. Bu gün özünü başqa bir aləmdə hiss eləyirdi; o, arxeoloq olacaqdı – qəti qərara gəlmişdi. Uşağa elə gəlirdi ki, məktəbdə hər kəs onun bu gizli arzusundan xəbərdardı.

Dərsdən sonra atası onu iş dalınca göndərdi. Atasının tap­şırığını hə­mişə­kindən daha həvəslə yerinə yetirdi. Evə dönəndə hava qaralmaq üzrəydi.

...Həmişəki kimi, arxeoloqların mavi rəngli çadırından musiqi səsi gəlirdi. O iki nəfər beli, külüngü bir tərəfə atıb yor­ğunluqlarını almaq üçün yaylı çarpayıya uzanmışdı. Bəlkə də yaylı çarpayıya uzanmaq yorğunluqdan deyildi, sadəcə onları gözləyən şöhrətin xəyallarında əsən havasından sərxoş olmuş­dular.

...Uşaq isə qazmanın ətrafında dayanıb sabahkı dərslərini ha­zırlamaq üçün elektrik qurğusunun nə zaman işə düşəcəyini gözləyirdi. Axı o böyüyəndə arxeoloq olacaqdı, dərsə hazır­lıqsız gedə bilməzdi.

2004, Bakı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG