Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Məşhur yazıçı: “Məktəbi bitirən kimi ölüxanaya işə düzəldim”


Sasha Sokolov
Sasha Sokolov

-

“Ailə bağları adamın əl-qolunu bağlayır, onu özündən asılı vəziyyətə salır”.

“Kitablarımı evdə saxlamıram, onları dərhal sağa-sola paylayıram ki, evdə qalmasınlar.

“Onların yaydığı enerji mənim digər mətnlərə köklənməyimə mane olur. Axı, onlar artıq keçmişdə qalıblar”.

Kanada vətəndaşı olan tanınmış rus yazıçısı Sasha Sokolovla söhbət. Onun yaradıcılığı haqda "Nabokovun 13 davamçısı" yazısında oxu

Koktebelə gələn Saşa Sokolov yalqızlığı necə sevdiyindən danışdı mənə.

Bu müsahibə bir neçə il öncə Koktebeldə lentə alınıb. O vaxt Sokolov etiraf eləmişdi ki, öz kitablarını və fotolarını arxivləşdirmir. O, fiziki cəhətdən yaxşı formadaydı və motorlu qayıq sürürdü… Görəsən o, Rusiyaya qayıtmaq barədə heç düşünürmü?

Əvvəlcə mən onun xanımı Marlin Roul ilə söhbətləşdim. Amerikalı bu sarışın qadın boy-buxunludur, avarçəkmə idmanı üzrə məşqçi işləyir. Rusca danışığında xəfif bir aksent sezilməkdədir. Marlin mənə xəbərdarlıq etdi ki, Saşa ona müraciət edəndə adının yanına atasının da adının qoşulmasını zərrəcə xoşlanmır…

Sokolovun hərəkətləri yetərincə çevikdir. O, Prilutskidə istehsal olunan, filtrli "Prima" siqareti çəkir. Yandırdığı kibriti qutunun ardında tutur: sanki onun sönməsindən ehtiyatlanan ovçu və ya səngərdəki əsgərdir. Əynində açıq yaxalı bozumtul pulover var, velvet şalvarı isə qumsal rəngdədir. Boynundan gümüş zəncir asıb. Onun kimi tanınmış bir yazarda kübarlığın hər hansı əlamətinə rast gəlməmək adamın könlünə yatır. Nə zərrəcə özündən razıdır, nə də ki yekəxana. Saşa Sokolov gülərüzdür, təbiidir, hər şeyə maraq duyur, çağdaş slenqdəki ən yeni sözləri də soruşub öyrənməyə çalışır.

- Haqqınızda yazılan bənzərsiz araşdırmaların əksəriyyəti bir mənbədən qidalanır və bu, D.Barton Consonun "Saşa Sokolov. Ədəbi bioqrafiya" əsəridir. Həyat yolunuz barədə yazılanlar hər nə qədər maraqlı olsa da, bəzi məqamlar oxucularda şübhə doğurur. D.Barton Conson barənizdə nə dərəcədə məlumatlıdır?Onun əsərində uydurmalar varmı?

Sasha Sokolov
Sasha Sokolov

- Əlbəttə ki, onun əsəri sırf elmi araşdırmadır. O kitabı qələmə alan adam ədəbiyyatşünaslığa ya elektronikadan gəlib, ya da kompüter texnologiyaları sahəsindən… Təəssüf ki, elə bu səbəbdən o, elmi üslubdan heç cür yaxa qurtara bilməyib. Yazdığı mətni mənə göndərdiyində bu nöqsanı hər vəchlə aradan qaldırmağa cəhdlər göstərdim. Xoşuma gəlməyən yerləri, məqamları çıxartdım. Mətndə bəzi adamların adlarının keçməsini istəmirdim çünki… O isə hər şeyi eynilə saxlamaqla məni lap cin atına mindirdi və bundan dolayı aramızdakı münasibətlər həmişəlik nöqtələndi. Bütün bunlara rəğmən, o, hələ də mənim yaradıcılığımı cani-dildən araşdırmağına davam edir.

- Bəs faktlarda və əsas məğzdə necə, o, heç nə uydurmayıb ki? Hər şey düzdür?

- Əsasən – hə.

- Conson yazır ki, sizə Kanada radiosunda iş təklif olunsa da, bundan imtina etmisiniz və bunun səbəbi – hər gün şlyapa və qalstuk geyməkdən imtinanızla bağlıymış.

- Əgər bir yazıçı hansısa kontorda işləmək istəmirsə, görəsən bunda qəribə nə var, axı?!

- Kanada radiosunun öz əməkdaşlarından məhz belə bir dresskodu (geyim tərzini – A.Y.) tələb etməsi də qəribədir. Mən biləni, siz şlyapa taxmaqdan heç qorxmursunuz. "Palisandriya" romanınızın üz qabığındakı fotoda başınızda orijinal bir şlyapa var. Çox yerdə həmin fotonuz yerləşdirilir.

- Orada işçilərdən yaxşı zahiri görkəm tələb olunurdu. Dediyiniz o foto isə nadirdir, çünki mən foto çəkdirməyi sevmirəm. Heç vaxt da ailə albomum olmayıb. İndiyədək bir neçə ailəm olsa da, onlardan xatirəlik əşya kimi özümdə heç nə saxlamıram. Məsələn, 10 yaşımda ikən necə göründüyümü də xatırlamıram. Hətta öz kitablarımı da evdə saxlamıram, onları dərhal sağa-sola paylayıram ki, evdə qalmasınlar.

- Niyə ki?

Sasha Sokolov, Vermont, 1985.
Sasha Sokolov, Vermont, 1985.

- Onların yaydığı enerji mənim digər mətnlərə köklənməyimə mane olur. Axı, onlar artıq keçmişdə qalıblar.

- Ən müxtəlif cinahları (sağçı-millətçi və solçu-liberal) təmsil edən rus yazarlardan dəfələrlə mən eyni bir fikri eşitmişəm. Deyirlər ki, əgər rusca yazıb-yaradırsansa, Moskvada yaşamalısan. Siz isə, sanki öz həyat tərzinizlə bu aksiomu qəti şəkildə inkara niyyətlisiniz.

- Rusiyada yaşamalıyam ki?

- Moskvada, paytaxtda. Əks halda, hər hansı N., M. və ya Kiyev şəhərlərində yaşayan yazar guya özünə oxucu tapa bilməz.

- Əgər mən əslən moskvalı olmasaydım və Moskvada böyüməsəydim, yəqin bu, yazı üslubuma da öz təsirini göstərərdi. Ancaq mən artıq 30 ildir ki, qürbət ölkədə yaşayıram və bu özəlliyimi qoruyub, saxlamışam. Ona görə də mətnlərim ard-arda gəlir… Maksimilian Voloşini götürün: o da heç Moskvada yaşamayıb axı.

- O, Koktebeli "Moskvanın yay filialı" adlandırırmış.

- Haqlıymış. Elə buna görə də insanlarla sırf Moskva ab-havasıyla təmas qurmaq olmaz. Koktebel sərbəst təmaslar üçün görünməmiş imkanlar yaradır. Bura – məhz elə "filialdır". Yay vaxtı məndə belə təəssürat olur ki, Rusiyanın mədəniyyət mərkəzi buradır. Koktebel – bənzərsiz bir yerdir, Qərbdə onun bənzərini, tayını tapmazsınız.

- Bir dəfə çimərlikdə ikən mən tanınmış rus tənqidçisi ilə yanaşı uzanıb, günəşlənirdim. Yanımızdan tanınmış bir nasir keçəndə onu həmin tənqidçiyə göstərib, dedim: "Baxın, görün, kim keçir?" Tənqidçi üzünü yana tutaraq dedi: "Mən onunla danışmıram".

- Bu cür küsüşmələr insana baha başa gəlir. İnsan özünü Çexovun hansısa pyesinin qəhrəmanı yerində hiss eləyir. Moskva ilə müqayisədə mən Koktebeli hədsiz dərəcədə sevirəm. Halbuki doğma şəhərim olmasına rəğmən, Moskvanı heç vaxt sevməmişəm.

Koktebel, Krım
Koktebel, Krım

Ancaq insanın həyatında başqa doğma dəyərlər də var. Məsələn, ailə. 1990-cı ildən bəri şəxsən mən öz doğmalarımdan heç kəsin üzünü görməmişəm. Bəzi qohumlarla hətta 20-30 ildir ki, bir araya gəlmirik. Görünür, heç onların sayı da indi bir elə çox deyil…

- Səbəb nədir?

- Vəziyyət elə gətirdi ki, mən ölkədən mühacirət etməzdən əvvəl ailəmdən mühacirət edəsi oldum. İndi düşünürəm ki, bəlkə də belə yaxşıymış. Axı ailə bağları adamın əl-qolunu bağlayır, onu özündən asılı vəziyyətə salır. Tolstoyda da bununla bağlı fikirlər var: bir ara o, ailə həyatından imtinanı təbliğ edirmiş…

Rus, ukrayna, slavyan ailəsi – əsl çarpışma meydanıdır və bu tələbat insanların anadangəlmə hakimiyyətə can atmasından qaynaqlanır. İnsanlar ən azından toplumun nisbətən aşağı modelində özlərini təsdiqləməyə cəhd göstərirlər. Sübut etməyə çalışırlar ki, onlar bir qrup insana rəhbərlik edirlər. Rus ailəsinin normal durumu ən yaxşı halda didişmədir, daha betəri isə – qalmaqal.

- Avropa, Ukrayna və Rusiya ədəbiyyatında ailə ən aparıcı mövzulardan biridir.

- Bu, təbiidir. Bunsuz ədəbiyyat var ola bilməz. Məsələn, əgər Vasili Aksyonovun nəsrindən ailə münasibətləri ilə bağlı məqamları çıxartsaq, yerdə heç nə qalmaz.

Belə deyək də: Rusiyada ailə təsisatı önəmli yerə malikdir. Yaradıcılığa başlayan gənc yazarın məhz ailə mühitindən nələrisə görüb-götürməsi daha asandır. Belədə onun tənha və kənar müşahidəçi rolunu üstlənməsi də yetərli olur.

Sasha Sokolov
Sasha Sokolov

Bənzər yanaşmanı ahıl vaxtında Səmüel Bekket də uyğulamışdı. Onun mətnlərini hansı janra aid edəcəyimi, düzü, heç özüm də dəqiq bilmirəm. Həmin mətnlərdə nəinki ailə münasibətləri, hətta insan yaşantıları barədə də bir şey tapmazsınız. Oradakı yeganə fakt - dil faktorunun ahəngdar və gözəl düzənlənmiş axarıdır.

- "Nobelin intizarında" adlı essenizdə mühacir Valeri Afanasyevin sizə ünvanlanan belə bir sualını xatırlamısınız: "Saşa, doğrudanmı sən hələ də o kobud dildə yazırsan?" Bənzər sözləri sizin ukraynalı qələmdaşlarınızdan da eşitmək mümkündür. Onlar deyirlər ki, "İmperiyanın ölü latın dili" indi kimə lazımdır, axı?! Saşa, sizcə rusca yazıb-yaratmağın bir mənası qalıbmı?

- Mən ingiliscə də yaza bilərəm, ancaq bu, sadəcə könlümə yatmaz. Turgenev tamamilə haqlıydı: "İngilis dili elə də plastik deyildir, o, rus dilindəki genişlikdən məhrumdur". Rus dili - inversivdir, bədii ifadələrin saysız-hesabsız variantı var. Hər şeyi dəyişmək, hətta cümləni istənilən sözlə başlamaq mümkündür. İngilis dilində isə çox da sərbəst davrana bilmirsən.

Bir də ki rus xalqı hər yolla bəzi şəkilçi və artikllərdən imtina edib: bəlkə də bu, onun tənbəlliyindən irəli gəlib və dilimiz artıq görünən hər şeydən tamamilə arınıbdır.

Artikllər düşdüyü, çıxarıldığı zaman dil necə də tilsimli olurmuş! Belədə hekayətçi bir şeyi yox, eyni vaxtda bir silsilə şeyi paralel anlada bilir. Rus dili barədə mən avstriyalı və alman filoloqlarla da söhbət etmişəm. Həmin dilçilər hər şeydə səliqə-sahman tərəfdarıdırlar, odur ki, rus dilindəki qeyri-dəqiqlik, təsvirlərlə dialoqlar arasındakı sərhədlərin itməsi onları özündən çıxarır. Tarix boyu zahiri azadlığa can atmayan o xalqın içində anlaşılmaz bir anarxiya istəyi kök salıbdır. Ona görə də sırf dilin quruluşuna baxmaqla, istənilən xalq və onun yeniliklərə, kəşflərə açıqlığı barədə fikir yürütmək mümkündür.

- Saşa, siqaretiniz sönüb. Bir inanca görə, bu, kiminsə sizdən ötrü qəribsədiyini göstərir.

- Hə-ə, çoxlarının məndən ötrü qəribsədiyinin fərqindəyəm.

- Sovet dövrünün sonlarında mən Ədəbi Kurslarda təhsil alırdım. Bir seminarımız rus mühacir ədəbiyyatına həsr olunmuşdu. O vaxt sizdən də söz edilmişdi və sizi mühacir yazarlar sırasına aid etmişdilər. Xaricdəki mühacir ədəbiyyatı artıq tükənib, ya yox?

Koktebel
Koktebel

- Xaricdə slavistlər (slavyan dilləri və ədəbiyyatları üzrə mütəxəssislər – A.Y.) hələ də var. Bəs indi onlar nə ilə məşğul olsunlar? Aralarında ədəbiyyat və filologiya professorları, dəyərli mütəxəssislər var. Keçmiş SSRİ-dən mühacirət edənlərdir əksəriyyəti. Əlbəttə, onların bəziləri hələ də xaricdə yaşayır və əsasən Rusiya ilə Ukraynanı öz araşdırmalarına mövzu seçirlər. Bəlkə də bir vaxtlar, Qərb ölkələrində çap olunmaq dəbdə idi, ancaq indi bunun elə bir mənası qalmayıbdır.

- Rusiya və Ukrayna ədəbiyyatı ilə maraqlanan ölkələr sırasında adətən daha üç ölkənin adı çəkilir: İsrail, Almaniya və Avstraliya.

- Hə, orada çox adam bu mövzularda yazır. Ancaq bunların hamısını ədəbi məhsul saymaq olmaz. Məsələn, Pyotr Vayl səviyyəsində yazarlar Qərbdə hələ var, ancaq indi belələrinə Moskvada, Piterdə, hətta Kiyevdə o qədər rast gəlinir ki, sözün həqiqi mənasında sərhədlər ortadan qalxır, onları bir-birindən ayırd etmək çətinləşir. Hər şeyə rəğmən, əsas ədəbi qüvvələr indi Rusiyada cəmləşibdir.

- Saşa, sizi məşhur yazar sayırlar və mən də buna şübhə etmirəm. Ancaq siz nə televiziyada görünürsünüz, nə də qəzet-jurnallara müsahibələr verirsiniz.

- Be-l-ə de… Bu yaxınlarda teleaparıcı Dmitri Kiselyov mənə heç bilirsən nə dedi: "Dərin təəssüf hissiylə sizə deməliyəm ki, teleekranda görünməyən yazar əslində mövcud deyildir". Şəxsən mənim kütlə önünə çıxmağa heç bir həvəsim yoxdur. Bəyəm məndən başqa ictimai həyata qatılmayan başqa bir yazar yoxdur ki?

- Məşhurlardan Pelevin belədir. O ki qaldı Kiselyova, onun mövqeyi - tipik mediakrat yanaşmasıdır. Oxuyan kütlə sizi onsuz da yetərincə tanıyır.

- Məncə, bunu mən öz bioqrafiyama borcluyam. Kimsə vaxtilə demişdi ki, yönlü bioqrafiyadan məhrum birisindən şair də olmaz. Hərçənd bu işdə bəzi mistik olayların da rolu danılmazdır. Bəlli bir istedada malik sənət adamı çalışmalıdır ki, həm acından gəbərməsin, həm də cəmiyyətdə müəyyən təəssürat yarada bilsin.

- Bəli, sizin bioqrafiyanız yetərincə, zəngindir. Məsələn, vaxtilə morqda işləyərkən nələr yaşamışdınız?

Sasha Sokolov
Sasha Sokolov

- Səhər saat səkkizdə Rezeksiya bölümünə gəlib, insan cəsədinin parçalara ayrılmasında iştirak edən birisi, üzərində baş sındırması, düşünməsi gərəkən mövzuların qıtlığını duymur. Çünki hər gün həyatdan köçən insanları, onların qalıntılarını görür… Bu isə insanı fəlsəfi düşüncələrə dalmağa məcbur edir. Mən də elə məktəbi bitirən kimi orada, ölüxanada işə düzəlmişdim.

- Saşa, bəs niyə quruluşa qara yaxmaqla az məşğul olmusunuz? Halbuki heç sizin qədər jurnalist hazırlığı olmayanlar birbaşa gedib efirdəki "düşmən səslər" xoruna qoşulmuşdular.

- İlk dönəmlərdə məni jurnalistikaya bağlayan aldığım filoloji təhsil idi. Mətnlərin necə qurulduğunu öyrənməyə böyük həvəs duyurdum. Redaksiyalarda fırlanmaqla, həyatın qaynar axarını yazdıqları mətnlərdə hər gün əks etdirən insanlara yaxından bələd olmağa çalışırdım. Beləcə, hələ Rusiyada ikən bir neçə il boyu bu prosesə göz qoydum və… doydum.

Qərbdə mən radio üçün esselər də yazmışam. Ştatdankənar əməkdaş kimi, düşəndən-düşənə və mənə pul lazım olanda yazmışam onları. Özümə bəlli bir dəyər verdiyimdən bu iş könlümcə deyildi. Hədsiz narahatlıq verən məşğuliyyət idi bu. Şeir, nəsr yazmaq adamdan bir cür istedad tələb edir, məqalə və esse yazmaq isə – başqa cür. Bir çox qələm adamları bunların hər ikisinə girişirlər. Məndə isə bu, alınmır, fərqli dalğalar üst-üstə düşmür, interferensiya yaranır. Bu iki işi bir arada bacarmıram, çünki jurnalistika – dilin başqa bir qatıdır.

- Hazırda hansı nəşrə baxırsan, bax, hərənin özünəməxsus dili var. Hətta bəzi redaksiyalarda oturan rerayterlər çapa gedəcək bütün mətnləri eyni üsluba salmaqla girincdirlər.

- Əslində sovet jurnalistikası əzəldən bu işlə məşğul olub. Mən özüm də iki il boyu "Literaturnaya Rossiya" (Ədəbi Rusiya – A.Y.) qəzetində işləyərkən, ən müxtəlif yazıları ortaq üsluba, məxrəcə gətirməklə məşğul olmuşam. O dövr mənim üçün əsl yazı məktəbi olub və onda çox bilgilər əxz eləmişəm. Elə ki özüm sərbəst yaradıcılığa başladım, anladım ki, o işdən təcili uzaqlaşmalıyam. Bundan əlavə, jurnalistika xeyli adamla görüşməyə imkan yaradır və bunu da birtəhər yola verməlisən… Camaat qarşısına çıxarkən danışmalı olduğun mövzuların çoxusu özün üçün maraq kəsb eləməyə də bilir. Halbuki mən öz şəxsi müstəvimdə qalmağa üstünlük verirəm.

- Belə çıxır ki, siz xasiyyətcə tənhalığa, ucqar yerlərə, kənd həyatına meyllisiniz, eləmi?

- Hə. Bu - ideal variantdır.

- Bəs onda niyə durub, Kanadaya getdiniz? Mən bir xeyli rus və ukraynalı yazar tanıyıram ki, ya meşəbəyi işləyir, ya da kənddə məskunlaşmaqla, bağından topladığı almalardan kalvados içkisi çəkir. Həyatlarından da razıdırlar.

- Vaxtilə mənim də elə bir "məhrəm yerim" var idi. Yetmişinci illərin əvvəllərində iki il yeger (peşəkar ovçu – A.Y.) işləmişəm.

- Bəs indi necə?

- Televiziyada təklif olunan hansısa işdənsə, mən o dediyiniz tip bir işdə çalışmağa böyük maraq və ruh yüksəkliyi ilə razılıq verərdim. Motorlu qayıqdan başım çıxır. At minməyi, araba qoşmağı da bacarıram. Xanımım Marlin isə lap uşaqlıqdan, beş yaşından bəri at minicisidir. Həm də ki Volqaboyundakı ovçuluq təsərrüfatlarında müdiriyyət-filan yoxdur deyə, özün-özünə müdirsən. Yemək-içmək barədə də hər hansı problem yaşanmır.

- Saşa, bəs ciddi soruşsam necə: Heç geri qayıtmaq istəyərdiniz?

- Mən elə qayıtmışam da. Bax, bu yerə (Koktebelə – A.Y.) qayıtmışam. Moskva ilə müqayisədə Qara dəniz mənə xeyli doğma gəlir. Buranın hər qarışı – Koktebel də, Yevpatoriya da, Simeiz də, Sevastopol da – könlümə eyni dərəcədə əzizdir. Həm də əvvəlki əyyamlarla müqayisədə, indi burada adam vaxtını daha şən keçirə bilir.

İqor Kruçik

Azərbaycan dilinə çevirdi – Azad YAŞAR

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG