Ərdəbil vilayətinin köçəri əhalisinin işi üzrə idarənin rəhbəri Əjdər Məhəmmədidostun IRNA xəbər agentliyinə verdiyi məlumata əsasən, həddindən artıq isti keçən yay köçəri əhaliyə 41 milyon dollar zərər vurub. Belə ki, yaylaqların quruması nəticəsində maldarlıqla məşğul olan bu əhali vaxtından tez köçmək məcburiyyətində qalıb. Məlumata əsasən, hətta münbit olan Muğan ərazisi də bu il quraqlığa məruz qalıb. Nəticədə köçəri əhaliyə vurulan maddi zərər təxmini hesablamalardan daha da çox ola bilər.
İqlim dəyişikliyi son illər ərzində İran Azərbaycanının köçəri əhalisinin yaylaq və qışlaq fəslini də dəyişib. Təbii otlaqların qurumasına səbəb olan istilik və yağış azlığı onların dağdan arana və arandan dağa köçməsinin zamanını dəyişir, tarixi yaylaq və qışlaq yerlərinin dəyişilməsinə səbəb olur. İran Azərbaycanının köçəri əhalisinin çoxu iqlim və məişət şəraitinin tədricən pisləşməsi nəticəsində şəhərlərə üz tutur.
Hazırda 11 min tayfadan ibarət olan Şahsevən elinin təxminən 72 min əhalisi Savalan dağının ətəkləri və Muğan çölündə yaşayır. Onlar 2 milyon 300 min mal-qara saxlamaqla hər il 80 min ton süd, 10 min ton pendir, 90 min ton ət və 1600 ton qoyun yunu istehsal edirlər.