-
Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları, sələfi təriqətinin üç üzvü olan Nizami Nəcəfov, Vəfanur Məmmədov və onun qardaşı Vəfadar Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. Məhkəmənin hökmü ilə Nizami Nəcəfov 8, Vəfadar Məmmədov 7, Vəfanur Məmmədov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dindarlar bu ilin yanvarında MTN-in Qubada keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunublar. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı (Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub) oğurlamağa cəhddə ittiham olunurdular.
İTTİHAMLARI QƏBUL ETMƏYİBLƏR
İttihama görə, Vəfadar Məmmədov qardaşı Vəfanurla və yaxın qohumları olan Nizami ilə əlbir olaraq Quba rayonu, II Nügədi kənd sakini Mərziyyə Osmanovanı tamah məqdəsilə oğurlamaq istəyiblər. Buna görə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr də əldə ediblər. İstintaqın qənaətinə görə, qadını oğurl1amaq planını qurmaqda məqsəd onun yaxın qohumlarından pul almaq olub.
Vəkil Fariz Namazlı hüquqlarını müdafiə etdiyi Vəfadar Məmmədova qarşı irəli sürülmüş ittihamları əsassız və qondarma hesab edir:
“İstintaq materiallarına görə, hər üç təqsirləndirilən şəxs guya Mərziyyə Osmanovanın oğurlanması və azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq qərarına gəlib. Lakin onların ifadəsindən görünür ki, Vəfanur Məmmədov və Nizami Nəcəfov bu fikirdən könüllü olaraq imtina ediblər. Vəfadar Məmmədovun isə ümumiyyətlə bu məsələyə aidiyyəti olmayıb. Vəfadar Mərziyyənin oğurlanmasına dair danışıqlarda iştirak etməyib, buna öz razılığını bildirməyib. Eyni zamanda Vəfanur və Nizami bu fikirdən könüllü imtina ediblər. Hətta Mərziyyə və onun qardaşı Murad Osmanov hər hansı şəxs tərəfindən izlənilmədiklərini göstəriblər”.
"SİLAH SURSATI EVƏ KƏNARDAN ATIBLAR"
Nizami Nəcəfov həm ibtidai istintaq, həm də məhkəmə dindirmələrində bildirib ki, nə Vəfanur Məmmədovla, nə də Vəfadar Məmmədovla adam oğurluğu mövzusunda heç bir söhbəti olmayıb.
Digər ittiham qanunsuz silah saxlamaqla bağlı verilib. Təqsirləndirilən şəxslər silah-sursatın onlara məxsus olmadığını, axtarış zamanı evlərinə qoyulduğunu bildiriblər.
Vəkil:
"Vəfadar həbs olunarkən Quba Rayon Məhkəməsinin qarşısında olub və həbs olunan zaman guya üzərində döyüş sursatı aşkar edilib. Atası Qeybulla Məmmədovun məhkəmə prosesinə Vəfadarın çoxlu sayda patronla gəlməsi absurddur. O, məhkəmə qarşısında olarkən tanımadığı şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb və özünün bildirdiyinə görə, həmin şəxslər tərəfindən də onun cibinə patronlar və digər döyüş sursatları qoyulub. Eyni zamanda digər təqsirləndirilən şəxslər də verdikləri ifadələrdə evlərində aşkarlanan döyüş sursatlarının onlara məxsus olmadığını göstəriblər. Buna görə də təqsirləndirilənlərə verilən Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi üzrə ittiham qanunsuzdur”.
ATAYA DA 10 İLLİK HƏBS VERİLİB
Məhkəmə hər üç təqsirləndirilən şəxsi məhkum edib. Onlarsa həomkə razılaşmırlar. Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini deyir.
Qeyd edəki ki, hadisənin ilk günlərində Qubada radikal sələfi qruplaşmalarına qarşı əməliyyat keçirilməsi barədə yayılan məlumatda MTN-in yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfərin həbs olunduğu bildirilirdi.
İlkin məlumatlara görə, qruplaşma Vəfanur Məmmədovun həbsdə olan atası Qeybullanın qaçış planını hazırlayıbmış. Radikal sələfilərdən olduğu bildirilən Qeybulla Məmmədov (məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib-red.) əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib.