Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:46

Milli Məclis Fransa parlamentinin qərarını pisləyib


Milli Məclis hesab edir ki, Fransa parlamentinin qərarı onun MQ-dakı neytrallığına şübhə yaradır
Milli Məclis hesab edir ki, Fransa parlamentinin qərarı onun MQ-dakı neytrallığına şübhə yaradır

Azərbaycan Milli Məclisi Fransa parlamentinin erməni soyqırmı iddiaların inkar edənlərə cəza nəzərdə tutan qanunu qəbul etməsini pisləyən bəyanat yayıb. Oktyabrın 13-də qəbul edilən bəyanatda Fransa parlamentinin bu addımı məntiqsiz və fikir azadlığının boğulması kimi dəyərləndirilir. Bəyanatda həmçinin qeyd edilir ki, Fransa parlamentinin həmin qanunu qəbul etməsi bu ölkənin ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Minsk qrupunun həmsədrliyində neytrallığına şübhə yaradır. Bununla belə bəyanatda ümid edilir ki, sonrakı müzakirələrdə Senat aşağı palatanın bu mövqeyini müdafiə etməyəcək.


Millət vəkili Nəsib Nəsibzadə deyir ki, Fransa parlamentinin məlum qanunu qəbul etməsinə onların belə mənfi münasibəti təbi qarşılanmalıdır: «Bu bəyanat həmin məntiqsiz qanuna adekvat cavab kimi başa düşülməlidir».


Oktyabrın 10-da hələ bu qanun birinci oxunuşda qəbul edilməzdən əvvəl də Milli Məclis Fransa parlamentinə müraciət edərək daha məsuliyyətli mövqe tutmağa çağırmışdı. Azərbaycan Xarici İşlər Nazirliyi də oktyabrın 12-də Fransa parlamentinin bu addımını böyük məyusluq və təəccüblə qarşıladığını bildirib. XİN-in bəyanatında isə Fransa parlamenti tarixi hadisələrə daha həssaslıqla yanaşmağa çağırılır.


XS
SM
MD
LG